Arxiv
30 Sentyabr 2021, 12:14 | ZƏNGƏZUR
Gorus-Qafan yolundan yeni xəbərlər var - Ermənilər NARAHATDIR

Ermənistan Milli Təhlükəsizlik Xidməti Gorus-Qafan yolunun Şahverdilər kəndi (ermənilər Vorotan adlandırırlar) hissəsindən keçən maşınları dayandırır, bir konvoy təşkil edir, bundan sonra yalnız rus sülhməramlılarının müşayiəti ilə maşınlar irəli gedir.


Modern.az
xəbər verir ki, bu barədə Gorus şəhər merinin müavini Karen Köçəryan Gorus-Qafan yolundakı hazırkı vəziyyətlə bağlı Ermənistan mətbuatının suallarını cavablandırarkən bildirib.


O, Gorus-Qafan yolunun Şahverdilər kəndindən keçən hissəsində post qurmuş Azərbaycan hərbçilərinin hansısa tikinti işlərinə başladığını da təlaşla əlavə edib.

"Konkret olaraq, nə tikdiklərini deyə bilmərəm, amma böyük bir tikintiyə başladıqları faktdır. Sanki hansısa terminal və ya yanacaqdoldurma məntəqəsi tikirlər”, - Karen Köçəryan narahatlığını ifadə edib.

 

O, İran yük maşınlarının yolda yığılmağa davam etdiyini də vurğulayıb: "İndi (dünən-red.) təxminən 20 belə maşın var".

 

Xatırladaq ki, 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Zəngəzur bölgəsində yerləşən Şahverdilər və Şurnuxu kəndlərinin bir hissəsi Azərbaycanın nəzarətinə qaytarılıb. Nəticədə həm də ərazidən keçən Gorus-Qafan yolunun 21 km-lik hissəsinə nəzarət də Azərbaycana keçib.

Bu ilin sentyabrında isə Azərbaycan tərəfi haqlı olaraq Gorus-Qafan yolunun Şahverdilər kəndi ərazisindən keçən hissəsində (həmin yer hazırda Qubadlı rayonunun Eyvazlı kəndinə məxsusdur-red.) polis postu quraraq, Ermənistana yük daşıyan İran maşınlarını dayandırıb yoxlamağa və gömrükhaqqı tələb etməyə başlayıb. Bu tədbirlər nəticəsində həm də Gorus-Qafan yolu ilə Xankəndiyə qanunsuz yükdaşımalarına son qoyulub.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv