Modern.az

Xaricdə təhsil: Ən çox tələbat bu ixtisaslara olacaq

Xaricdə təhsil: Ən çox tələbat bu ixtisaslara olacaq

Təhsil

30 Sentyabr 2021, 17:10

Prezident İlham Əliyev “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən Nazirlər Kabinetinə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsini iki ay müddətində hazırlayıb, prezidentə təqdim etmək tapşırılıb.

 

Xaricdə təhsil proqramının əhəmiyyəti haqqında Modern.az-a danışan Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, təhsil eksperti Elçin Süleymanov sərəncamın imzalanmasını mütərəqqi hesab edir:

 

“Xaricdə təhsil bütün zamanlarda, bütün ölkələrdə prioritet olub. Çünki müəyyən sahələr, ixtisaslar üzrə mütəxəssislərinin hazırlanması üçün bəzən ölkədəki potensial yetməyə bilər. Burada sadəcə insan kapitalından söhbət getmir. Eyni zamanda maddi texniki bazanın zənginliyi, laboratoriyaların yaradılması kimi məsələlərə bir çox ölkənin büdcəsi yetmir. Dünyanın reytinqli top universitetləri var ki, onların büdcəsi bir çox ölkənin büdcəsindən qat-qat çoxdur.

Bu şəkildə universitetlərin qurulması çox zaman mümkün olmadığına görə keçici bir həll yolu olaraq mütəxəssislərin hazırlanması məqsədilə xaricə tələbələr göndərilir. Ən istedadlı, bilikli və bacarıqlı tələbələri xaricdə təhsil üçün göndərmək lazımdır. Dövlətin xərclədiyi vəsaitin qarşılığını alması həmin kadrların ölkəyə qayıdaraq burada fəaliyyətini qurmasından asılıdır.

Xaricdə təhsil üzrə əvvəlki dövlət proqramında 3 mindən artıq azərbaycanlı gənc xaricdə təhsil aldı. Onların əhəmiyyətli bir hissəsi ölkəyə geri qayıtdı. Digər hissəsi isə dövlət qurumlarında uğurlu fəaliyyəti ilə seçilirlər. Bir neçə il öncə bu proqram mahiyyət olaraq yeniləndi. Belə ki, universitetlərin rəqabət qabiliyyətinin artırılması məqsədilə ikili diplom mexanizmi tətbiq edildi. Xaricdə doktorantura təhsili üçün gənclərin göndərilməsi həyata keçirilir. Həmin gənclər xaricə göndərilərkən öhdəlik götürürlər ki, qayıdıb həmin təhsil müəssisəsində işləyəcəklər”.

 

Elçin Süleymanov qeyd edib ki, dövlət proqramı dayandırıldığına görə, bakalavr və magistratura ilə əlaqədar dövlət hesabına xaricdə təhsil almaqda müəyyən problemlər yaranmışdı:

 

“Gənclər yalnız Dövlət Neft Şirkətinin vəsaiti hesabına xaricdə təhsil alırdılar. Digər bir qisim isə müxtəlif ölkələrin təqaüd proqramlarını qazanmaqla xaricdə təhsildən yararlanırdılar.

Xaricdə təhsil üzrə yeni dövlət proqramının hazırlanması, prezidentin tapşırığı mütərəqqi addımdır. Çünki sadəcə doktorantura təhsili deyil, xaricdə magistr və bakalavr təhsili də faydalı ola bilər. Əsas məsələ budur ki, prioritet universitetlər və ixtisaslar düzgün seçilməlidir. Elə universitetlərə tələbə göndərilməlidir ki, təhsilin keyfiyyətini sübut edib, bura vəsait xərcləməyə dəysin. Həmin gənclərin isə təhsilini başa vurduqdan sonra geri qayıdıb, müəyyən müddət ölkəyə töhfə verməsi vacibdir. Çünki müxtəlif ixtisaslar üzrə, gen mühəndisliyi, kompüter elmləri genetika, fiziologiya və s. kimi xüsusi laboratoriyalar, texniki  imkanlar tələb edən sahələr üzrə xaricdə təhsil çox faydalı ola bilər. Təhsilə ayrılan investisiya itməz. Müəyyən vaxt sonra qat-qat artıq gəlirlə geri dönər”.

 

Qeyd edək ki, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı bundan öncə 2007-2015-ci illərdə tətbiq edilib. Həmin proqramın yekunlaşmasından sonra yeni qanun qəbul edilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı