Arxiv
1 Oktyabr 2021, 10:14 | ANALİTİKA
Dünyanın nüfuzlu hərbi dairələri hələ də Şuşa döyüşünü müzakirə edir - ƏKS-SƏDA

Azərbaycanın qələbəsi niyə müasir hərb elmində dönüş oldu?!

“Vətən Münaribəsindəki qələbənin əsas təminatçısı şübhəsiz ki, Azərbaycan əsgəridir. Amma bu gün söhbət İkinci Qarabağ Müharibəsindən gedəndə nədənsə ilk növbədə müasir silahlar - raketlər, PUA-lar, raket hücumundan müdafiə sistemləri və s. texnologiyalar önə çıxır. Halbuki, elə həmin silahları da məharətlə idarə edənlər qalib Azərbaycan hərbçiləri idi”.


Modern.az
 xəbər verir ki, bunu Vətən Müharibəsindəki qələbənin şərhinə davam edən “Şərq-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib.

Onun sözlərinə görə, bizdən fərqli olaraq dünyanın nüfuzlu hərbi araşdırma dairələrində daha çox Şuşanın işğaldan azad edilməsi müzakirə olunurdu və bu gün də olunmaqdadır.

“Heç bir müasir texnoloji silahdan istifadə etmədən həyata keçirilən həmin əməliyyat gələcək müharibənin modeli kimi nəzərdən keçirilir və diqqətlə öyrənilir.

Bəzi hərbi mütəxəssislər bildirirlər ki, Şuşanın azad olunması əməliyyatı azsaylı canlı qüvvə ilə böyük hərbi uğurun əldə olunmasının modelidir və bu mənada olduqca cəlbedicidir. Ona görə ki, belə əməliyyatlar azsaylı şəxsi heyətlə həyata keçirilməklə bir tərəfdən həmin qüvvələrin hazırlığını və təhcizatını yüngülləşdirir, digər tərəfdən isə insan itkilərinin sayını azaldır.

Odur ki, məsələn, XTQ-nin Şuşada və digər ərazilərdə keçirdiyi əməliyyatları yaxın zamanlarda müxtəlif ölkələrin hərbi dərsliklərində görə bilərik”.


Politoloq bildirib ki, bunlarla yanaşı, bizim 44-günlük savaşın bir çox ekspert dairələrində "Dron müharibəsi" adlandırılması da təsadüfi deyil.


“Zərbə (və ya hücum) PUA-larından əvvəllər ABŞ və Türkiyə kimi NATO ölkələri, habelə İsrailin də istifadə etməsinə rəğmən, İkinci Qarabağ Savaşında onlardan məhz döyüşlərdə geniş istifadə olunması tarixdə ilk təcrübə idi. Bəzi ekspertlərin fikrincə 44-günlük müharibənin müqəddaratının həllində bu amilin həlledici rolu olub.

Azərbaycanın "Dron müharibəsinin" bir fərqi də müstəsna olaraq hərbi obyektlərin hədəfə alınması və hədəf seçərkən faktiki yanlışlığa yol verilməməsi idi. Müqayisə üçün demək olar ki, ABŞ ordusunun və xüsusi xidmətlərinin Yaxın Şərq ölkələrində keçirdiyi antiterror əməliyyatları çoxsaylı səhvlərlə müşaiyət olunaraq minlərlə dinc insanın qətlinə səbəb olub.

"Dron müharibəsinin" digər iki uğurlu aspekti də Türkiyə istehsalı olan "Bayraktar-2" PUA-larının İsrail istehsalı olan orta mənzilli LORA raketləri ilə uzlaşdırılması olub. Nəhayət, 44-günlük müharibədə diqqət çəkən əsas yeniliklərdən biri də İsrail istehsalı olan "Barak-8" raketdən müdafiə sistemlərinin uğurlu istifadəsi idi.

Sadaladığım və bir sıra sadalamadığım səbəblərdən 44-günlük müharibə dünyanın aparıcı hərbi beyin mərkəzləri tərəfindən "XXI əsrin müharibəsi", "Texnoloji müharibə" və s. bu kimi adlarla təqdim olundu, həmçinin ABŞ, Böyük Britaniya və Almaniya kimi ölkələrin ordularının gələcək müasir müharibənin modeli olaraq diqqətini çəkdi”.


Ekspert bildirib ki, 44-günlük müharibənin diqqətçəkən aspektlərindən biri də mülki əhali arasında itkilərin minimal sayda olması idi.


“Bu itkilərin də çoxu (97 nəfər) Ermənistan ordusunun Azərbaycanın cəbhə xəttindən uzaq məsafədə olan Gəncə, Bərdə, Tərtər və Naftalan kimi yaşayış məntəqələrini məqsədli olaraq raket atəşinə tutmasının nəticəsi idi.

Digər tərəfdən isə cəmi 44-gün davam edən müharibədə həlak olan hərbçilərin sayının 7 min nəfərə yaxın olması (Azərbaycan - 3.000 nəfər, Ermənistan - 3.700) savaşın nə dərəcədə intensiv olmasının göstəricisi idi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin!”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv