Modern.az

Vaqif Bayatlı Odər: “Budəfəki ad günümü oğlumun nitqi ilə keçirirəm”

Vaqif Bayatlı Odər: “Budəfəki ad günümü oğlumun nitqi ilə keçirirəm”

Ədəbi̇yyat

1 Oktyabr 2021, 13:12

Xilas elə əzabdan
Boynumdakı kəndiri,
Altında dayandığım
Bu dar ağacını da,
xilas elə, İlahi.

Bu misralar 1 oktyabr tarixində doğum günü olan tanınmış şair, Əməkdar incəsənət xadimi Vaqif Bayatlı Odərə aiddir. Vaqif Bayatılı Odər söz ustadı, söz adamıdır. Heç bir zaman yazıb-pozmaqdan yorulmaz.

 

Vaqif  İsib oğlu Cəbrayılov 1948-ci il oktyabr ayının 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub.

 

O, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsinin axşam şöbəsində təhsil alıb. Bakıda 445 saylı tikinti idarəsində fəhlə, inşaat texniki, 48 saylı tikinti idarəsində normalayıcı mühəndis, "Məhsul" cəmiyyəti mərkəzi şurasında mühəndis işləyib.

 

Sonra həyatını ədəbi aləmlə bağlayıb. 1981-1990-cı illərdə "Ulduz" jurnalında şöbə müdiri işləyib.

 

Daha sonra "Xəzər" dərgisinin baş redaktoru olub (1989-1992). Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin xarici ölkələrə verilişlər studiyasının direktoru vəzifəsində çalışıb (1992-ci ildə). Vaqif Bayatlı ümumittifaq konfranslarında, Sovet ədəbiyyatı günlərində, XI poeziya festivalında iştirak edib. 

 

Vaqif  Bayatlı Odər şairlik fəaliyyətinə görə bir çox mükafatlar alıb. 1993-cü ildə Azərbaycan Mətbuat fondunun “Mirzə Cəlil” mükafatına, Gürcüstan Nazirlər Sovetinin “Vladimir  Mayakovski” mükafatıma layiq görülüb.

 

2019-cu ildə ona Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı verilib.

 

“Tənha ulduz altında”, “Unudulacaq bütün sevdalar”, “Ölənəcən sevmək azdır”, “Ən gülməli ölü”, “Yupyumru bir eşq ilə” kimi əsərlərin müəllifidir.

 

Modern.az saytının əməkdaşı 73 yaşı tamam olan şairin özü ilə telefon əlaqəsi saxlayıb:

 

“Məni hər doğum günümdə yada salan yaxınlarım olduğu üçün çox xoşbəxtəm. Sizə minnətdarlığımı bildirirəm.

 

Budəfəki ad günümü yaxınlarımın, dostlarımın təbriki, oğlumun nitqi ilə keçirirəm”.

 

Qocaman şair son iki ildi dünyanı bürüyən gözəgörünməz xəstəlikdən də söz açıb:

 

“Bu koronavirus pandemiyasından hər kəs qorunsun. Mən də çalışdığım qədər qorunuram. Səhhətimə diqqət edirəm. Hələ ki hər şey yaxşıdır”.

 

Vaqif müəllimin bir arzusu da var: doğulub boya-başa çatdığı torpaqları – Cəbrayılı, Böyük Mərcanlı kəndini gedib gəzmək...

 

Fidan İlqar

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır