Arxiv
1 Oktyabr 2021, 13:24 | ANALİTİKA
“Xeybər fatehləri” təlimi: İranın Azərbaycana mesajı, yoxsa müdaxilə hazırlığı? - TƏHLİL

Gorus-Qafan yolu ilə bağlı gərginlik masada sakitləşdi; İran Xankəndiyə yük daşınmalarını özəl şirkətlərin üzərinə yıxaraq, “bir daha olmayacaq” sözünü verdi; Türkiyə-Azərbaycan-İran XİN rəhbərlərinin Tehranda üçtərəfli görüşü ilə bağlı razılıq əldə olundu; Bakı və Tehran arasında proseslər düz xəttə çıxırdı... Ki, İran quru qoşunları Azərbaycanla sərhəddə Naxçıvan istiqamətindən Cəbrayla qədər – yeni təlimlərə start verdi.

Nə baş verir, İran niyə yenidən “hallandı”?

Son proseslər fonunda iki mümkün səbəb var:

Birincisi, Prezident İlham Əliyevin “Anadolu” agentliyinə müsahibəsində İrana haqlı irad bildirməsi: prosesləri həzm edə bilməyən Tehran “tarana gedir”;

Adekvat olmayan aqressiya, İran mediasının Əliyevin məlum iradlarından sonra total hücuma keçməsi Gorus-Qafan yolu ilə bağlı nəticənin Tehranı qane etmədiyini göstərir.

İranlı sürücülərin Xankəndiyə yük daşınma sənədi ilə saxlanılmasından sonra Tehran fakt qarşısında qaldı və məsələni özəl şirkətlərin üzərinə yükləyərək, Bakının şərtləri ilə razılşmağa məcbur oldu. Lakin nəticə ürəyincə deyil:

  • 1. Müharibədən sonra Ermənistana, ümumilikdə Cənubi Qafqaza çıxışı böyük ölçüdə Bakının təsirinə düşən İran üçün Zəngəzur xətti “nəfəslik” rolunu oynayır: Bakının Gorus-Qafan yolunda praktiki tədbirləri bu “nəfəsliyi” bağladı;

  • 2. İran anladı ki, Zəngəzur dəhlizinin reallaşması uzansa belə, Azərbaycanın əlində cari dövr üçün güclü rıçaqlar var.

  • Və Tehran Gorus-Qafan yolunda maneələri aradan qaldırması üçün “güc nümayişi” ilə Bakını məcbur etməyə çalışır.

    İkincisi, Ərdoğan və Putinin Soçidə anlaşması: bu, İranın Yaxın Şərqdə məzhəbçilik üzərindən qurduğu strategiyaya, Cənubi Qafqazda sıxışdırılmasına, son kartının (Ermənistan) da əlindən çıxmasına gətirib çıxaracaq; və Bakının əlini gücləndirəcək; hərbi təlimlərə Soçi görüşündən sonra yenidən start verilməsi də bundan qaynaqlanır.

    Əslində birinci və ikinci səbəb ümumi pazlın parçalarıdır və hadisələrin axınında baş verənlər daha aydın görünür.

    - Ərdoğan ABŞ səfərinin sonunda Putinlə “anlaşmağa gedirəm” dedi: İdlib, Zəngəzur dəhlizi, “altılıq platforması”, Ermənistanla münasibətlərin normalaşması kimi anonslar verdi;

    - Əliyev Rusiya mediasına müsahibəsində Moskva ilə hərbi texniki əməkdaşlığın davam etdiriləcəyini bildirdi: Bakının istəklərini açıqladı;


    - Əliyev “Anadolu” agentliyinə müsahibəsində Ermənistanla münasibətlərin normallaşmasında Zəngəzur dəhlizinin şərtlərdən biri olduğunu bildirdi;


    Ərdoğanın Nyu-Yorkda verdiyi açıqlamalar, ardınca Əliyevin mesajları Bakı və Ankaranın Soçidə ruslarla anlaşmağa hazırlaşdığından xəbər verirdi: həll ediləcək əsas məsələlərdən biri də məhz Zəngəzur dəhlizi olmalıdır və proseslərin inkişafı razılaşma ehtimalını gücləndirirdi də.


    İran üçün Soçidə mümkün anlaşma ciddi itkilər deməkdir:

  • 1. Ankara və Moskva Azərbaycan-Ermənistan münasibətlərini qurur, İrəvan regional əməkdaşlığa qoşulur;

  • 2. Zəngəzur dəhlizinin açılması istiqamətində praktiki işlərə start verilir.

  • Bunun mümkünlüyü İranın Cənubi Qafqaza “giriş bileti” olan Ermənistanın əldən çıxması, Zəngəzur dəhlizi ilə bölgəyə təsir imkanlarının Bakının, həm də Ankaranın əlinə keçməsi deməkdir.

    Və İran Soçi görüşündən öncə hücuma keçdi. Lakin istinad nöqtəsi lazım idi, yaxud tapılacaqdı: Əliyevin müsahibəsi və iradları Tehran tərəfindən “səbəb” olaraq istifadə olundu.

    - İran mediası Azərbaycan Prezidentinin müsahibəsinə istinadən total kampaniyaya başladı;

    - Azərbaycan daxilində “dindar qruplar” hərəkətə gətirildi;

    Bunlar Bakıya “xəbərdarlıq” idi, əslində İranın Ankara və Moskvaya təsir rıçaqları zəif olduğu üçün əlindəki ən “unikal” imkanı xərcləyir: Azərbaycana hücum.

    Nəhayət, Soçi görüşü: gəlinən nəticə odur ki, Ərdoğanla Putin nə qədər fikir ayrılığı olsa da, ortaq hərəkət etməklə bağlı razılaşdı, xüsusilə Cənubi Qafqazda.

    Və bu, Zəngəzur dəhlizinin inşasına başlanması, İrəvanın Ankara və Bakı ilə münasibətlərin normallaşması perspektivini açır.

    Və bu, Ermənistan kartının İranın əlindən çıxması, Tehranın bölgədə Bakı-Ankara ikilisinin təsirinə düşməsi perspektivini gücləndirir: İran səfirinin dünən axşam saatlarında Ermənistanın XİN rəhbəri ilə görüşü, Gorus-Qafan yolundakı vəziyyəti və çəkilən altetnativ yolu müzakirə etməsi Tehranın İrəvanı əlində saxlamaq üçün bütün vasitələrdən istifadə etdiyini göstərir;

    Görüşdən iki gün sonra İran quru qoşunları Azərbaycanla sərhəddə təlimlərinə start verdi. Hədəf Bakıya təzyiq, Bakı üzərindən Ankaraya mesaj, Moskvaya “bölgədə mənim də maraqlarım var” siqnalının verilməsi, Zəngəzur dəhlizinin önünü kəsmək olaraq görünür.

    Lakin İranın Azərbaycana hücumunda bir vacib detal var: “sionistlərə qarşı mübarizə” iddiası.

    - İran XİN Azərbaycan Prezidentinin müsahibəsinə cavab olaraq, “İran öz sərhədlərinin yaxınlığında sionist rejiminin mövcudluğuna dözməyəcək və öz milli təhlükəsizliyinin təminatı üçün bütün lazımi addımları atacaq” cavabını verdi;

    - İranın sərhəddəki təlimləri tarixdə yəhudilərə qarşı qələbəyə istinadən “Xeybər fatehləri” adlandırır;

    Hədəfi Ermənistan kartını və Zəngəzur çıxışını əlində saxlamaq olan İran niyə “sionist təhlükəsi” üzərindən oynayır? Hər-halda bu qədər gedişlər bir camış fermasına görə deyil.

    İranın addımlarını məhz “sionist təhlükəsi” adı altında atmasının iki səbəbi var:

    Birincisi, İran daxilində hər kəsi “əbədi və əzəli” düşmənə qarşı birləşdirmək və azərbaycanlıların 44 günlük müharibədəki kimi hansısa əngəl törətməsinin qarşısını almaq, “Azərbaycana yox, “sionist təhlükəsinə” qarşı mübarizə aparırıq” əsasını yaratmaq;

    İkincisi, Azərbaycanda inanclı kəsimə “Türkiyəyə qarşı yox, sionist təhlükəsinə qarşı” döyüşürük, “sizi sionist təhlükəsindən xilas edirik” mesajını vermək: şəhid məzarının başında çıxış edən qadınların “İsrail beş ildən sonra Azərbaycanı Fələstinə çevirəcək” sözləri bunun ibtidai təsdiqidir;

    Proseslər təhlükəli məcraya keçir və bu, mümkün ssenarilərə dair ehtimallar yaradır.

    a) İranın təlimləri müdaxiləyə hazırlıqdırmı?

    Təlimlər Bakıya təzyiq və regional oyunçulara güc nümayişi olsa da, Tehran bununla istədiyinə nail ola bilməyəcəyini anlayır: Azərbaycan prinsipial mövqeyindən geri çəkilmir, Türkiyə bölgədə aktiv şəkildə hərəkət edir, Rusiya bölgəni faktiki Türkiyə ilə paylaşıb, Ermənistan İranı sona qədər “dost tutmayacaq”;

    Və bu, İranın “yük maşınlarının təhlükəsizliyini qorumaq” adı ilə Gorus-Qafan yoluna müdaxilə edə biləcəyi ehtimalını önə çıxarır: mesajla yox, praktiki addımla bölgədə güclənmək gedişi;

    İran mediasına “müdaxilə ssenarilərinin müzakirəyə çıxarılması” da bu kontekstdə diqqət çəkir.

  • b) Azərbaycan daxilində inanclı kəsimi “sionist təhlükəsinə qarşı mübarizə” adı altında təşkilatlandırmaq: ssenarinin işə düşdüyü müşahidə olunur və daha ciddi təhlükəyə çevrilməsi gözləntisi var.


  • Asif Nərimanlı

     

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv