Modern.az

Vətəndaş yağışın vurduğu ziyanı kimdən tələb etsin?

Vətəndaş yağışın vurduğu ziyanı kimdən tələb etsin?

1 Oktyabr 2021, 17:14

Son günlər respublika ərazisində intensiv yağışların artması, bəzi regionlarda şiddətli yağış və dolunun müşahidə olunması əhalinin əmlakına və təsərrüfatına ziyan vurub. Bununla bağlı sosial şəbəkələrdə narahatlığını dilə gətirən insanlar qanuni şəkildə hansı dövlət qurumuna, hara müraciət edəcəklərini bilmirlər.

 

 

Məsələ haqqında Modern.az-a danışan daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, təbii fəlakət nəticəsində şəxsi əmlaka ziyan dəyməsi ilə əlaqədar hər hansı hüquqi tənzimləmənin olmadığını söyləyib:

 

 

“İnsanlar Sovet psixologiyasından çıxmalıdırlar. Həmin dövrdə bütün əmlak dövlətə məxsus idi, hansısa hadisə baş verdikdə, dövlət məsələnin həllini boynuna götürürdü. Bu gün isə hər bir əmlakın sahibi onun mülkiyyətçisidir. Həmin əmlakın saxlanması, hər hansı riskdən qorunması, qayğısına qalınması işinə mülkiyyətçi özü baxmalıdır. Qanunvericiliyə uyğun olan budur. İnsanlar şəxsi əmlakını, evini, maşınını, təsərrüfatını mütləq şəkildə sığortalamalıdırlar. Xarici ölkələrdə olduğu kimi bizdə də hadisə baş verdikdə, insanlar sığorta şirkətindən yapışmalıdır ki, şirkət əmlaka dəyən ziyanın kompensasiyasını mülkiyyətçiyə ödəsin.

Regionlarda, təbii fəlakət riski yüksək olan ərazilərdə məskunlaşan əhaliyə vaxtaşırı kütləvi ziyan dəyəndə müvafiq qurumlar əhaliyə kömək etməyə çalışırlar. Əslində bunu tələb edən heç bir qayda yoxdur. Sadəcə olaraq, Sovet psixologiyası həm dövlət qurumlarında, həm də insanlarda qalıb. İnsani keyfiyyətlərdən çıxış edərək, dövlət səviyyəsində əhaliyə kömək göstərilir”.

 

N. İbrahimov hesab edir ki, sığorta şirkətləri regionlarda, hansısa dağ kəndlərində məskunlaşan əhalinin əmlakını sığortalamaqda maraqlı olmalı, onların istifadə edə biləcəyi imkanlar təklif etməlidir:

“Orta məktəb yaşındakı uşaqlara belə təbliğat, maarifləndirmə aparmaq lazımdır ki, əmlakın mülkiyyətçisi sənsən və onun başına gələn hər məsələyə görə sən məsuliyyət daşıyırsan.

Sığorta şirkətləri bununla bağlı işləmək əvəzinə kimin pulu çoxdursa, onun üstünə qaçır. Sığorta ənənəsini bütün ölkə ərazisində tətbiq etməkdə maraqlı deyillər. Sığorta şirkətləri maarifləndirmə məsələlərinin üzərinə düşsə, bu onların həm daha çox qazanc əldə etməsinə, həm də işinin asanlaşmasına səbəb olacaq”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?