Modern.az

Saakaşvilinin dönüşü: Mişa öz ayağı ilə niyə həbsə girdi?

Saakaşvilinin dönüşü: Mişa öz ayağı ilə niyə həbsə girdi?

2 Oktyabr 2021, 00:36

Saakaşvili Gürüstana qayıtdı və həbs edildi: Mişa həbs ediləcəyini bildiyi halda 8 il sonra niyə qayıtdı?


Əsas hədəf bələdiyyə seçkiləridir (2 oktyabr). Seçki yerli idarəetmə orqanları uğrunda olsa da, nəticələr növbəti proseslərə ciddi şəkildə təsir edə bilər.


Ötən il keçirilən parlament seçkilərində hakim “Gürcü arzusu” qazansa da, müxalifət nəticəni tanımadı və küçə etirazlarına başladı. Qarşıdurma genişlənəndə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel dövriyyəyə girdi və problemin həlli üçün təklif irəli sürdü:


Mişel planı: “Gürcü arzusu” növbəti bələdiyyə seçkilərində (02.10.2021) 42 faiz səs toplamasa, növbədənkənar parlament seçkilərini keçirmək öhdəliyini götürür;


Hakim partiya “Mişel planı”nı imzaladı, lakin sonrakı dövrdə itimai rəy sorğularından çıxan nəticə 42 faizlik baryeri aşa bilməyəcəklərini göstərdi və “Gürcü arzusu” müxalifətin öz öhdəliyini yerinə yetirmədiyini əsas gətirərək, plandan imtina etdi.


Bu, seçkilərlə bağlı vəziyyəti daha da gərginləşdirdi: “Gürcü arzusu” bələdiyyə seçkilərindən hansı nəticənin çıxmasından asılı olmayaraq, növbədənkənar parlament seçkilərini keçirməyəcək, lakin gürcü müxalifəti üçün bələdiyyə seçkiləri həlledici xarakter daşıyır, hakimiyyət üçün də nəticə etibarilə eyni dərəcədə əhəmiyyətlidir.


Müxalifət bələdiyyə seçkilərində iki hədəfə oynayır:

  1. 1. Ölkədə növbəti parlament seçkilərinin vaxtı 2024-cü ildir: bu seçkiyə qədər yerli idarəetmə orqanlarında daha çox yer tutmaq;

  2. 2. “Gürcü arzusu”nun 42 faiz səs toplamasının qarşısını almaq: müxalifət ümid edir ki, nəticə istədikləri kimi olsa, yenidən etirazlara başlamaqla “Mişel planı”nı işə sala bilərlər.

“Gürcü arzusu” “Mişel planı”ndan imtina etsə də, 42 faiz nəticə toplamaqla, məsələnin bir daha gündəmə gəlməsini istəmir.

Situasiya hər iki tərəf üçün kifayət qədər mürəkkəbdir və bu, seçkilərin (artıq qutuların açılmasına saatlar qalıb) “son döyüş” gərginliyində baş tutacağı gözləntisini artırır.

Bu mənzərə fonunda Mişanın həbs ediləcəyini bildiyi halda geri qayıtması hakimiyyəti çətin vəziyyətə salmağa hesablanıb:

- Onun həbsi Gürcüstan hakimiyyətinə qarşı Qərbin narazılığını artıracaq;

- Nəticənin necə olmasından asılı olmayaraq, müxalifətin küçə mübarizəsinə əsas yaranacaq;

- Proseslərin bu yöndə inkişafı, xüsusilə Qərbin həbsə reaksiyası “Mişel planı”nı yenidən aktuallaşdıra və “Gürcü arzusu” növbədənkənar parlament seçkilərini keçirməyə məcbur qala bilər;

Hadisələr Tiflisin “qaynar qazana” çevriləcəyi yönündə inkişaf edir.

Hərçənd, “Saakaşvilinin dönüşü təkcə seçkilərlə bağlıdırmı” sualı da açıq olaraq qalır. Onu barmaqlıqlar arasından çıxaracaq güc olmasaydı, Mişa öz ayağı ilə həbsxanaya gəlməzdi.

Və bu, məsələnin həm də geosiyasi tərəfinin olduğu ehtimalına diqqət çəkir: Qaribaşvili-Ərdoğan, Qaribaşvili-Əliyev görüşü fonunda Mişanın 8 illik fasilədən sonra geri qayıdışı “rəsmi Tiflis ABŞ-ın qəbul etmədiyi “altılıq platforması” ilə bağlı danışıqlar aparır” sualını da aktuallaşır.



Asif Nərimanlı

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı