Modern.az

Vətən müharibəsi qazisi: "Bilirdik ki, bu gedişin dönüşü olmaya bilər..."

Vətən müharibəsi qazisi:

Qarabağ

3 Oktyabr 2021, 09:59

"Müharibənin necə dəhşətli olduğunu böyüklərdən eşitmişdik. Ona öz gözlərinlə şahid olmaq bir başqadır. Biz müharibə dövrünün gəncləriyik. Ermənilərin necə qaniçən və zalım olduğunu yurdlarından didərgin düşənlərdən, Birinci Qarabağ savaşında iştirak edənlərdən eşidir, ən əsası isə “Tarix” dərsliklərindən öyrənirdik. Tez-tez törədilən təxribatlar nəticəsində həm hərbi qulluqçularımızın, həm də mülki vətəndaşların, uşaqların, qadınların şəhid olması düşmənə nifrətimizi bir az da artırırdı. Səbrimizin son sınağı Tovuz hadisələri oldu. Bu, artıq son demək idi. Canımız, qanımız bahasına düşmənə layiqli cavab verməli idik. Bu fürsəti ötən il payızda əldə etdik. Vətən müharibəsində Ordumuzun hər bir mənsubu canı bahasına düşmənə əsrlər boyu unutmayacağı bir dərs verdi".

 

Modern.az xəbər verir ki, bunu Vətən müharibəsi qazisi Loğman Abdullayev deyib.

 

Abdullayev Loğman İsrafil oğlu 1994-cü il noyabrın 20-də Cəlilabad rayonunda anadan olub. Vətən müharibəsində minlərlə gənc kimi ön cəbhəyə yollanan Loğman Cəbrayıl və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. O, ölkə başçısının müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

“Biz bilirdik ki, bu gedişin dönüşü olmaya bilər. Öz ayaqlarımızla gedib üçrəngli bayrağımıza bükülərək geri gətirilə və Vətən torpağına qarışa bilərdik. Müharibə elədir ki, düzdür, ölməkdən çox öldürmək haqqında düşünürsən, lakin hər an ölümün nəfəsini üzərində hiss edirsən. Hər şeyə hazır olursan. Bütün çətinliklərə, yorğunluğa baxmayaraq, şəhid olan silahdaşlarının qisası və addım-addım əldə edilən zəfərlər insana əlavə güc verir. Döyüş meydanında “mən” deyə bir məfhum olmur, “biz” deyə düşünürsən.

 

Döyüş yoldaşlarını düşməndən mühafizə etməyə, yaralansa, şəhid olsa, canın bahasına olsa, güllələr yağış kimi yağsa da savaş meydanından çıxarmağa çalışırsan. Özündən çox silahdaşlarını düşünürsən. Bir neçə dəqiqə əvvəl səninlə deyib-gülən, çiyin-çiyinə döyüşən, çörək kəsdiyin insanların şəhid olmasına şahidlik etmək çox ağırdır. Təsəllimiz odur ki, onların qanı yerdə qalmadı. Mən müharibədən etibarlı dostlar qazandım. Şəhid silahdaşlarımı isə ömrümün sonunacan unutmayacağam. Qalib Ordunun əsgəri olmağımla qürur duyuram”, - deyə L.Abdullayev qeyd edib. (AZƏRTAC)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür