Arxiv
3 Oktyabr 2021, 11:00 | AKTUAL
"Ulu Öndərin yeri Azərbaycanın tarixində əbədidir"

Ulu Öndərin yeri Azərbaycanın tarixində əbədidir, sarsılmazdır, dönməzdir.

 

1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri və bu seçkinin nəticələri müstəqil Azərbaycanın siyasi tarixində ilk dəfə xalqın mütləq əksəriyyətinin sevgisini, etimadını və dəstəyini qazanan, iti zəkaya, qlobal dünyagörüşünə, dəmir xarakterə, böyük idarəçilik təcrübəsinə malik olan, Vətənini canından artıq sevən gerçək bir lider obrazının, bu obrazın timsalında Azərbaycan xalqının yüksək intellektual potensialının bütün dünyaya təqdim olunmasına zəmin yaratdı, Azərbaycan dövlətçiliyinin möhkəm təməllər üzərindən yüksəlişini təmin etdi.


Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.


Azər Kərimli qeyd edib ki, Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi Azərbaycan xalqının ilk tarixi qələbəsi idi və bu qələbə təkcə ölkəmizin deyil, bütün bölgənin taleyinin müəyyənləşməsində müstəsna rol oynadı: “Heydər Əliyevin siyasi dühası, zəngin dünyagörüşü Azərbaycan xalqını və dövlətini dörd bir yandan küncə sıxışdırılan, paramparça edilməkdə olan toplum və yurd yerindən dünyada imzası və sözü olan millətə, dövlətə çevirdi. Heydər Əliyev Azərbaycanın istiqlal səmasında parlayan Günəş kimidir, zaman keçdikcə onun parlaq obrazı daha aydın görünür, qaranlıqlara işıq saçaraq xalqına xoşbəxt gələcəyin ünvanını, yolunu göstərir”.


Millət vəkili deyib ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman kəsiyində bir çoxları dövlətçiliyimizin xilasının mümkünsüz olduğunu düşünürdü: “Amma Heydər Əliyev mümkünsüzü mümkün etməyi bacardı, ölkədə ictimai-siyasi sabitliyi bərpa, qanunun aliliyini təmin etdi, xaosa, ozbaşınalığa son qoydu, dövlət çevrilişlərinin qarşısını aldı, Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas edərək milli birliyimizin, həmrəyliyimizin əsasını qoydu. Bu gün əldə etdiyimiz hər bir uğurda, qazandığımız hər bir qələbədə Ulu Öndərin işıqlı zəkasının izləri var. Heydər Əliyev məğlub bir xalqın özünə inamının qaytarılmasında, toparlanmasında, ayağa qalxmasında və yüksəlməsində müstəsna xidmətləri olan nəhəng siyasət adamıdır. Ümummilli Lider bizə Azərbaycanlı olmaqla fəxr etməyi və bu fəxarət hissini doğrultmaq üçün yorulmadan çalışmağı, mücadilə aparmağı, güclü olmağı öyrətdi. Bu gün onun Azərbaycan Respublikası adlı əmanəti ata vəsiyyətini yerinə yetirən Böyük Zəfərimizin memarı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin əmin əllərindədir. Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməz olduğunu deyən Ulu Öndərin yeri də Vətənini sevən, ona könüldən bağlı olan hər bir Azərbaycanlının qəlbində, düşüncəsində və Azərbaycanın tarixində əbədidir, sarsılmazdır, dönməzdir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv