Modern.az

Talış və Suqovuşanın dönüşü: Su anbarı kənd təsərrüfatına hansı töhfələr verəcək?

Talış və Suqovuşanın dönüşü: Su anbarı kənd təsərrüfatına hansı töhfələr verəcək?

Qarabağ

3 Oktyabr 2021, 12:15

2020-ci il oktyabr ayının 3-də davam edən Vətən Müharibəsinin gedişində Azərbaycan Ordusu Tərtər rayonunun Talış və Madagiz kəndlərini işğaldan tamamilə azad edib.


Elə həmin gün Prezident İlham Əliyevin Sərəncamı ilə Madagizin tarixi adı bərpa edilərək, Suqovuşan adlandırılıb.


Modern.az xəbər verir ki, Suqovuşan kəndi Azərbaycanın Tərtər rayonunun ərazi vahidlərindən biridir.
Suqovuşan kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Suqovuşan kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biri oldu.

 

Birinci Qarabağ müharibəsi zamanı Suqovuşan 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdu. Lakin 1994-cü ilin aprel ayında Ermənistan yenidən bu kəndi işğal edib.

 

Azərbaycan kütləvi informasiya vasitələrində 2016-cı il aprelin 4-dən 5-nə keçən gecə baş verən ağır döyüşlərdən sonra Suqovuşan kəndinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildiyi xəbəri yayılsa da, bu barədə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən heç bir açıqlama verilməmişdi.

 

2016-cı ilin aprel ayına qədər bu yaşayış məntəqsində 500 nəfərə qədər erməni yaşayırdı.

 

Kənd ərazisində Suqovuşan su anbarı və “Madagiz-1” su elektrik stansiyası yerləşir. Kənddə 2014-cü ildə balıqartırma zavodu tikilib. Aprel döyüşləri zamanı elektrik stansiyası və balıqartırma zavoduna ziyan dəysə də, onlar sonradan yenidən bərpa ediliblər. 2022-23-cü illərdə Madagizdən başqa ölkələrə balıq və qara kürü ixracının başlanması planlaşdırılmışdı.


Suqovuşanın azad edilməsi müharibənin Azərbaycan Ordusunun xeyrinə davam etməsinə böyük təsir göstərdi. Elə müharibə zamanı açıqlama verən hərbi ekspertlərin bildirdiyinə görə, bu ərazinin ordumuzun nəzarətinə keçməsi Ağdərə və Sərsəng su anbarı istiqamətində xüsusi önəm daşıyan yolların nəzarətdə saxlanılmasına əlverişli şərait yaratdı. Bununla bərabər, Suqovuşan yaşayış məntəqəsinin yağıdan alınması cəbhənin həmin istiqamətində böyük bir ərazinin, eləcə də Ağdərənin, habelə digər sahələrin düşməndən təmizlənməsi baxımından Azərbaycan Ordusuna böyük üstünlük formalaşdırdı.
Suqovuşanın qeyd edilən böyük hərbi-strateji əhəmiyyəti ilə bərabər, eyni zamanda, mühüm iqtisadi önəmi də var. Sərsəng və Suqovuşan su anbarları enerji təyinatlı anbarlardır. Sərsəng su anbarı 50 mqvt, Suqovuşan-1 su anbarı 4,8 mqvt və Suqovuşan-2 su anbarı isə 3 mqvt gücə malikdir. Həcmi ən böyük olan su anbarı isə Sərsəngdir. Bu, yalnız Qarabağda deyil, ümumiyyətlə, Ermənistan da daxil olmaqla ən böyük su anbarıdır.


1976-cı ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində inşa edilən Sərsəng su an¬barının ümumi su tutumu isə 565 milyon kubmetrdir. Onun istifadəyə yararlı olan tutumu 495 milyon kubmetr, bəndinin hündürlüyü 126 metr və uzunluğu 550 metrdir. Sərsəng su anbarı bəndinin hündürlüyünə görə, ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarından buraxma sistemi ilə “Sərsəng” HES istiqamətinə saniyədə 70 kubmetr buraxıla bilər. Bundan başqa su anbarının suvarma kilidləri də var. Zərurət olduğu halda, meliorasiya məqsədilə anbardan saniyədə 30 kubmetr su buraxıla bilər. Sərsəng su anbarından şərqə doğru Tərtərlə müqayisədə aşağı axın istiqamətində Suqovuşan su anbarı yerləşir. Onunla yanaşı olan HES sovet dönəmində inşa edilib və həmin dövrdə su anbarı kənd təsərrüfatında suvarma məqsədilə də istifadə edilib. 2012-ci ildə “Madagiz-1” və “Madagiz-2” kiçik hidro elektrik stansiyaları istismara verilib. Məlumata görə, Madagiz su anbarının ümumi tutumu 5 milyon kubmetrdir təşkil edir.


Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibəyə qədər Aran Qarabağın rayonlarını əhatə edən 97 min hektar məhsuldar torpağın suvarılması Tərtərçay üzərində qurulmuş Sərsəng, Madagiz su anbarları, Sağ və Sol Sahil magistral kanalları vasitəsilə həyata keçirilib. 25 ildən artıqdır ki, su anbar¬larının işğal altında olması Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Yevlax və Goranboy rayonlarında əkinlərin suvarma suyu ilə təminatında çətinliklər yaradıb.

 

Odur ki, dövlətimiz tərəfindən həmin ərazilərdəki əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülüb.


Meliorasiya və Su Təsərrüfatı ASC-nin məlumatında qeyd edilib ki, Suqovuşan su anbarı və kanallar işğal altına düşməmişdən əvvəl Azərbaycanın iqtisadi inkişafında, xalqın rifahının yaxşılaşmasında böyük rol oynayıb, bunun nəticəsində Qarabağın kənd təsərrüfatı sürətlə inkişaf edib. Təəssüf ki, respublikamız üçün böyük həyati əhəmiyyətə malik olan Sərsəng və Suqovuşan su anbarları, Sağ və Sol Sahil magistral kanalları və beton üzlüklü paylayıcı kanallar 1992-ci ildən işğal altında düşüb.


Ermənilər torpaqlarımıza və cəbhəyanı rayonların əhalisinə zərər vermək üçün Sərsəng və Suqovuşan su anbarlarının suyunu payızın sonunda və qış aylarında buraxıb, suya ehtiyac olan yaz-yay aylarında isə kəsiblər. Nəticədə əkin sahələrinin suvarma suyu ilə təminatında çətinlik yaranıb. Su torpaq məcralı kanallar vasitəsi ilə nəql edildiyinə görə itkinin miqdarı həddindən artıq çox olub.


Hazırda isə Qarabağın işğaldan azad olunması Azərbaycan iqtisadiyyatının genişlənməsinə və diversifikasiyasına töhfə olacaq. Prezident İlham Əliyev dediyi kimi "Qarabağ Azərbaycandır!”.

 

İlham Əliyev Qarabağı Azərbaycanın ən inkişaf etmiş mərkəzinə çevirəcək. Azad edilmiş bölgələrin güclü iqtisadi potensialı isə ölkəmizin yükşəlişinə böyük təkan verəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir