Modern.az

Gəncəlilər düşmənə mərdliklə dirəniş GÖSTƏRDİLƏR

Gəncəlilər düşmənə mərdliklə dirəniş GÖSTƏRDİLƏR

Aktual

4 Oktyabr 2021, 10:57

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından bir il ötür.

 

Bununla bağlı Modern.az-a danışan Milli Məclisin Gəncədən seçilən deputatı, komitə sədri Musa Quliyev bildirib ki, Gəncə terroru ermənilərin xislətini bir daha bütün dünyaya göstərən faciə kimi xatırlanır:

 

“Azərbaycan 44 günlük müharibədə bir nəfər mülki şəxsə belə xəsarət yetirmədi, onların yaşadığı ərazilərə raket, bomba atmadı. Lakin Gəncə şəhəri müharibə bölgəsindən xeyli aralıda yerləşməsinə baxmayaraq, ermənilər tərəfindən beş dəfə raket atəşinə tutuldu. Onlardan üçü itkilərlə nəticələndi, iki terror aktı isə faciəvi və daha dəhşətli mənzərə ilə yadda qaldı. Biz Gəncədə törədilən faciəni dərindən hiss edərək, terror qurbanlarının ağrı-acılarını yaxından duyduq. Bununla bərabər, terrordan əziyyət çəkənlərin, bütünlükdə Azərbaycan əhalisinin əzminin, vətənə olan sevgisinin, məğrurluğunun da bir daha şahidi olduq. Yadımdadır ki, ayın 17-də baş verən terror zamanı evi başına dağılan cavan oğlan evin qalıqları altından yarıhuşsuz vəziyyətdə çıxarıldı. O özünə gələn kimi “təki Vətən sağ olsun, biz qalib gələcəyik” - dedi. Hətta o bilmirdi ki, bu xəsarətdən həyatda qala biləcək yoxsa, yox. Biz yenə də bu cür ürəyi Vətənlə döyünən oğullarımıza borcluyuq. Ailəsini, yaxınlarını faciədə itirən insanların təmkini də çox önəmli idi ki, hər kəs “Vətən sağ olsun” - deyərək faciəni mərdliklə qarşıladı”.

 

M. Quliyev vurğulayıb ki, həmin dövrdə Gəncə, bütövlükdə Azərbaycan ictimaiyyətinin və rəhbərliyinin mövqeyini də alqışlamaq vacibdir:

 

 “Gəncə terroru kütləvi informasiya vasitələri, sosial şəbəkələr vasitəsilə bütün dünyaya yayıldı və pislənildi. Xüsusilə Hikmət Hacıyev çox fəal şəkildə bu məsələdə öndə duraraq, bütün lazımi işlərin həyata keçirilməsinə birbaşa nəzarət etdi. Onun özü də gəncəlidir və faciə qurbanlarının yaşadıqlarını daha dərindən duyurdu. Biz diplomatik missiyanı, qeyri - hökumət təşkilatlarını, dünyanın müxtəlif ölkələrindən gələn mətbuat nümayəndələrini, siyasətçiləri Gəncəyə dəvət etdik. Terroru beynəlxalq aləmdə ictimaitləşdirə bildik. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva da həmin dövrdə gəncəlilərlə birlik olduqlarını söyləməklə, Gəncə ictimaiyyətinə daha yaxından dəstək oldular, ürək-dirək verdilər. Gəncəlilər mərdliklə düşmənə qarşı dirəniş göstərdilər”.

 

Vətən Müharibəsinin başlanmasının 1 ili ilə bağlı Anım Günündə təşkil edilən yürüş zamanı hörmətli Mehriban Əliyevanın Gəncə terrorunda şəhid olan körpəmizin şəkilini götürməyi bütün dünyaya terorun nə qədər acı, insanlığa sığmayan hadisə olduğunu, ermənilərin vəhşiliyini bir daha nümayiş etdirdi.

 

Hesab edirəm ki, Gəncə terrorunun da, bütün şəhidlərimizin də qisası 44 günlük müharibədə, hərb meydanında alındı. Amma bu terroru törədənlərin mühakiməsi hələ qabaqdadır. Zaman keçdikcə biz həmin terrorun səbəbkarlarının üzə çıxarılıb, cavab verməsini də təmin edəcəyik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?