Modern.az

Pis qonşu: İran Azərbaycandan nə istəyir?                

Pis qonşu: İran Azərbaycandan nə istəyir?                

Analitika

4 Oktyabr 2021, 15:14

Son günlər Azərbaycanla İran arasında münasibətlərdə müəyyən gərginlik hiss olundu. Qarabağa tikinti materialları aparan iranlı sürücülərin Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində saxlanılması, Azərbaycanla sərhəddə qəfil hərbi təlimlər keçirməsi və bir sıra rəsmi şəxslərin rəsmi Bakı ilə bağlı birmənalı olmayan çıxışları iki ölkə arasında münasibətlərdə gərginlik yaratdı.

 

Modern.az xatırladır ki, dəfələrlə etdiyi xəbərdarlığa baxmayaraq, Qarabağın sülhməramlıların nəzarəti altında olan hissəsinə İran tırlarının tikinti materialları, bəzi hallarda isə silah daşıması rəsmi Bakının səbrini daşırdı. Azərbaycan torplaqlarına qanunsuz səfər edən həmin tırların yük daşıdığı Xankəndi şəhəri isə Ermənistan ərazisi kimi göstərilməsi İrana yeni sualların yaranmasına səbəb olmuşdu.

 

Haqlı irada cavab vermək yerinə rəsmi Tehran situasiyada özünü haqlı gördü. Xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanın İrana yeni təyin olunmuş səfiri Əli Əlizadəni qəbul edərkən ona Azərbaycanda İran dövlət nömrəli nəqliyyat vasitələrinin sürücülərinə göstərilən münasibəti "yaraşmayan rəftar" kimi dəyərləndirmişdi.

 

Ardınca, rəsmi Tehran Azərbaycanla sərhəddə “Xeybərin fatehləri” adını verdiyi irimiqyaslı hərbi təlimlərin anonsunu verdi. Quru qoşunları komandiri Kiomars Heydari "Xeybər fatehləri" adı altında keçirilən hərbi təlimlərə "zirehli bölmələr, artilleriya bölmələri, PUA, elektron müharibə və vertolyotla atəşin" daxil edildiyini söyləmişdi.

İran İslan İnqilabının Keşikçiləri Korpusununun, ardınca, İran ordusunun Cənubi Azərbaycanda apardığı təlimlərə ümumlilikdə, 30-40 min hərbi qüvvə cəlb olunmuşdu.

 

Məsələyə Azərbaycan prezidenti İlham Əliyev də “Anadolu” agentliyinə müsahibəsi zamanı toxunmuşdu. O, İranın hərbi təlimlərindən “təəccübləndiyini” dilə gətirmişdi.

 

“O ki qaldı bizim sərhədimizin yaxınlığında keçirilən hərbi təlimlərə, bu, çox təəccüblü bir məsələdir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr olmamışdı. Ancaq eyni zamanda bunu zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdı. Nə üçün məhz indi? Nə üçün bizim sərhədimizdə?” – deyə prezident rəsmi Tehrana sual ünvanlamışdı.

 

II Qarabağ Müharibəsinin ilk günlərindən Azərbaycanı dəstəklədiklərini bildirən, Qarabağın azad olunması münasibətilə Ali dini lideri Əli Xameneyidən tutmuş prezident və xarici işlər nazirinə qədər bütün siyasi rəhbərliyinin Azərbaycan prezidentini və xalqını təbrik etidiyi İranın son hərəkətləri təəssüf doğurur. İranın bu qərəzi ilə bağlı bir neçə versiya mövcuddur.

 

Əsas versiya İranın Zəngəzur dəhlizinin açılmasından duyduğu narahatlıqla bağlıdır. Belə ki, Türkiyənin həmin dəhliz vasitəsilə Azərbaycana, buradan isə Mərkəzi Asiya regionuna çıxış əldə etməsi rəsmi Tehranı narahat edir. Postmüharibə dövründə geosiyasi balansın dəyişməsi, Türkiyənin Cənubi Qafqazda söz sahibinə çevrilməsi və rəsmi Tehranın hadisələrə seyrçi qalması bu versiyanın əsas arqumentləridir.

Siyasi aspektlə yanaşı, rəsmi Tehran iqtisadi baxımdan da Zəngəzur dəhlizində maraqlı deyil. Dəhlizin işə düşməsi Mərkəzi Asiya, Hindistan və nəhayətdə Çin bazarına gedən yolun İrandan yan keçməsi demək olacaq. Bu İranın Hindistandan Ermənistandan keçməklə, Gürcüstanın Poti limanı vasitəsilə Avropaya uzanacaq ticarət dəhlizinə də təhlükə törədə bilər.

 

Məhz bu praqmatik aspektləri nəzərə alan İran əsl Şərq hiyləsi ilə öz siyasi və iqtisadi istəklərini Azərbaycanda üçüncü ölkələrin (İsrail, Türkiyə) hərbi bazasının və hərbi mövcudluğunun olması təhlükəsi ilə pərdələməyə çalışır.

Halbuki, Azərbaycanın İsraillə sıx hərbi-siyasi əlaqələrdə olması, müasir silahlar alması heç zaman gizlənilmirdi. Qardaş ölkə Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq da bir sıra müqavilələr və razılaşmalarla möhkəmləndirilib. Ankaranın Bakı ilə sıx əməkdaşlığı bəyan edildiyi kimi üçüncü ölkələyə qarşı yönəlməyib.

 

Buna görə də öz siyasi-iqtisadi maraqlarını pərdələyərək Azərbaycanla bağlı gizli və açıq ittihamlar səsləndirən rəsmi Tehranın məsələyə yanaşması, mehriban qonşuluq və dostluq tarixi ilə ziddiyyət təşkil edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir