Modern.az

Azərbaycan Zəngəzur dəhlizində tikintini davam etdirir - RƏSMİ

Azərbaycan Zəngəzur dəhlizində tikintini davam etdirir - RƏSMİ

Qərbi Azərbaycan

4 Oktyabr 2021, 17:18

Ermənistan tərəfi Zəngəzurda yol infrastrukturunun qurulmasına başlayıb.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda Azərbaycan tərəfindən də işlər davam etdirilir. Onun sözlərinə görə, Horadiz-Cəbrayıl-Ağbənd-Zəngəzur dəhlizi magistral yolunun Azərbaycandan keçən hissəsində işlər sürətləndirilib.

 

AAYDA rəsmisinin sözlərinə görə, uzunluğu 124 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib:

“Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq zəruri yerlərdə ümumi uzunluğu 6015 metr təşkil edən 3 avtomobil tuneli, 2 viaduk və 23 avtomobil körpüsü, 8 yol ötürücüsü, 50 yeraltı keçid, 5 yerüstü keçid, suların ötürülməsini təmin etmək məqsədilə 400 dairəvi boru və düzbucaqlı su keçidi, həmçinin kommunikasiya xətləri üçün 60 ehtiyat keçidinin inşası nəzərdə tutulub ki, bu işlərin müəyyən hissəsi artıq icra olunur”.

 

Məlumat üçün bildirək ki, yolun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “16 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC ilə subpodratçı olaraq, Türkiyənin tikinti sahəsində ixtisaslaşmış şirkəti olan “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi” şirkətinin ölkəmizdəki filialı, həmçinin yerli şirkət “Azvirt” MMC birgə icra edir.

Qeyd edək ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli bu ilin aprelin 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olarkən qoyulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?