Arxiv
5 Oktyabr 2021, 09:16 | MÜSAHİBƏ
Dünyanı təəccübləndirən ney müalicəsi - “Minlərlə insan xəstəxanamıza müraciət edir” - MÜSAHİBƏ

Dünyada yüzlərlə xəstəlik və onların müalicə üsulu var. Xəstəliklərin çarəsi bəzən dərmanlarda olmur. Təbiblər, loğmanlar fərqli çarələr də tapırlar. Qardaş Türkiyədə Kərəm Tufan adlı şəxs ney musiqi aləti ilə insanları müalicə edir. Dünyanın dörd bir yanından bu müalicə üsulundan istifadə etmək üçün Kərəm Tufana müraciətlər daxil olur.

Neylə müalicə üsulu nədir? Kərəm Tufan bu nadir çarə haqqında Modern.az saytına  danışıb.

- Kərəm bəy, bu müalicə yolunu necə kəşf etdiniz?

- 2010-cu ildə İstanbulda özəl məktəbdə autizm, daun sendromlu və əqli cəhətdən qüsurlu uşaqlardan ibarət sinfimizdə uşaqların ney səsinə həssaslığının şahidi oldum. Təcrübə qazandığım bu vəziyyəti akademik olaraq davam etdirmək istədim. Xüsusi uşaqların ney dinləyərkən sakitliyi və dərsə uyğunlaşmaları ən mühüm başlanğıc idi. Daha sonra musiqi ilə müalicə elminin və neyin hüzurverici səsinin hər canlıya təsir etdiyini müşahidə etdim. Ney həm üfləyənə, həm də dinləyənə şəfadır.

-Maraqlıdır, neylə müalicə üsulunu öyrənmək üçün sizə müraciət edənlər varmı?

- Musiqi terapiyası mövzusunda müəyyən biliklər əldə etmək üçün müəllimlər, həkimlər və bir çox akademiklər bizə müraciət edirlər. Ney şəfasından istifadə etmək istəyən minlərlə insan isə Quş adasındakı xəstəxanamıza dünyanın dörd bir yanından ziyarətə gəlirlər.



- İnsanlar arasında bu şəfa üsulu necə qarşılanır? Hər hansı sosial şəbəkə vasitəsi ilə işləriniz barədə məlumat yayırsınız?


- Bu müalicə üsulu insanlar arasında çox maraqla qarşılanır. Bəzi insanlar normal yanaşır, çox təəccüblənmirlər, bunun səbəbi musiqi ilə müalicə üsuluna əvvəlcədən şahid olmalarıdır. Youtub-da 20000 abunəlik bir Neyzentv kanalımız var. Tələbələrimiz ilə görüş və dərs nöqtəmiz həmin platformadır. Yetişən yüzlərlə tələbəmiz ilə 3 ildir ki, hər bazar kanalımızda canlı yayın vasitəsilə görüşürük. Ənənəvi təhsil sistemi olaraq müəllim-şagird əlaqəsini yaşadığımız əhəmiyyətli bir məktəbdir Neyzentv.

- Başqa öləkələrdən adınızı eşidən, sizdən kömək almaq istəyənlər olur?

- Maraq və məmnuniyyət çoxdur. Ancaq tanıdılmağa ehtiyac var. Daha geniş kütləyə anlatmaq, tətbiq etmək bizim məsuliyyətimizdir. İnşallah, ney müalicə üsulu dünyada tanınacaq. Qardaş Azərbaycan, İngiltərə, Yunanıstan, Almaniya və Amerika başda olmaqla bir çox ölkədən universitet və dərnəklərə dəvətlər alırıq.


Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv