Modern.az

Sosial şəbəkələrdəki nasazlıq deputatlara problem YARATDI…

Sosial şəbəkələrdəki nasazlıq deputatlara problem YARATDI…

5 Oktyabr 2021, 13:12

Dünən axşam saatlarında sosial şəbəkələrdə yaranmış qlobal problem bütün istifadəçilərin narahatlığına səbəb oldu. “Facebook”, “Instagram” və “WhatsApp” istifadəçiləri bu platformalara daxil ola bilmədilər və bütün dünyada sosial aktivlik minimum düşdü.


Sosial media böhranı sadə istifadəçilərlə bərabər, siyasətçilərin, tanınmış şəxslərin də böyük narahatlığına səbəb oldu.
Modern.az sosial şəbəkələrdən aktiv istifadə edən deputatlar arasında sorğu keçirib və sosial şəbəkələrin işinin dayanmasının onların fəaliyyətinə necə təsir etdiyi ilə maraqlanıb.


Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili də sosial şəbəkələrdəki aktiv deputatlardandır. Lakin o, dünənki problemə görə ciddi narahatlıq yaşamayıb:


“Nasazlıq axşam saatlarında başladığından fəaliyyətimizdə böyük itkilərə gətirib çıxarmadı. Sadəcə, həmin vaxtda sosial şəbəkələrdən istifadə etmədim və qlobal xarakter daşıdığından, problemin həllini gözlədim. Ona görə, mənim üçün elə bir ciddi təsiri olmadı. Amma qeyd etdiyim kimi, qlobal miqyasda baş verən bu nasazlıq təbii ki, dünyada narahatlıq yaratdı. Çünkü bu həm də ciddi iqtisadi itkilərə səbəb oldu”.


Deputat Vüqar Bayramov
deyir ki, mütəmadi olaraq həm “WhatsApp”, həm “Messenger”, həm də digər sosial şəbəkələr vasitəsilə seçicilərlə əlaqə saxlayır:


“Seçicilər də bizimlə əlaqələr yaradır, onları maraqlandıran məsələlərlə bağlı müraciət edirlər. Sosial şəbəkələrin çökməsi əlaqələrə təsir göstərdi. Amma bu qısa müddətli olduğundan və işdən sonrakı saatları əhatə etdiyindən seçicilərlə kontakta ciddi təsirləri olmadı. Amma sözsüz ki, həyat və kommunikasiya virtuallaşdığına görə, gələcəkdə belə problemlər təkraralanacağı halda intensiv kommunikasiyaya təsir edəcək. Təbii ki, alternativ olaraq, biz köməkçilərimiz vasitəsilə və birbaşa özümüz seçicilərlə telefon əlaqəsi yarada bilirik. Etiraf etməliyik ki, sosial şəbəkələr əsas kommunikasiya vasitələrindən birinə çevrilib”.

Deputat Fəzail Ağamalı sosial şəbəkələrdə yaranan problemə görə, çətinlik yaşadığını vurğulayıb:


“Təəssüf ki, bu problemi yaşadıq. Həm də nasazlıq qlobal miqyasda olduğundan çox çətinliyə gətirib çıxardı. O da bəlli oldu ki, internet ünsiyyətimizin çox vacib elementinə çevrilib, sanki bütün əlaqələrimiz bloklanmışdı. Mənim də seçicilərlə virtual ünsiyyətimdə fasilələr yarandı, onların müraciətlərini oxuya bilmədim. Amma hər kəsdə bu problem yaşandığından, səbrlə qarşılamağa məcbur olduq”.


Deputat Naqif Həmzəyev isə dünən sosial şəbəkələrdə problem yarananda alternativ platformalara üz tutub:


“Onların vasitəsilə görməli olduğum işi müəyyən dərəcədə həll edə bildim. Sosial şəbəkələrdəki problem qlobal olduğu üçün səbrlə qarşıladıq, ümidlə gözlədik ki, hər şey normallaşsın.

Seçicilərimiz və sosial şəbəkədə bizi izləyənlər öyrəşiblər ki, mütəmadi paylaşımlar edək, gün ərzində keçirdiyimiz görüşləri, tədbirləri, qatıldığımız televiziya və radio verilişlərini paylaşaq, seçicilərimiz öz problemlərini bizə rahat  şəkildə çatdırsınlar. Bu işdə müəyyən fasilələr yarandı.

Mən öz internet saytım vasitəsilə müraciətləri qəbul etdim. Orada heç bir problem yox idi. Ona görə, ən az itki ilə 6-7 saatı geridə qoya bildik.

Ümumilikdə, heç kim bu problemdən sığortalanmayıb, ona görə sosial şəbəkələrdən asılılığı azaltmalıyıq. Yaxud insanlar belə problemlər zamanı alternativ platformalardan istifadəyə alışmalıdır.

Mən çalışıram ki, sosial mediada günün müəyyən saatlarında paylaşımlar edim, gələn müraciətləri oxuyum. Dünən axşam saatlarına yaxın işlərimi bitirmişdim. Qalan paylaşımlarımı isə bu gün etməyə çalışacağam”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir