Modern.az

İnternet televiziyalara lisenziya VERİLMƏYƏCƏK

İnternet televiziyalara lisenziya VERİLMƏYƏCƏK

5 Oktyabr 2021, 16:21

Bütün dünyada “Youtube” kanalları üzərindən yayım təqdim edən internet televiziyalarının sayı gündən günə artır. Bu media resurslarının çoxalması onların qayda-qanunlara uyğunlaşdırılması, bir sıra məhdudliyyətlərin tətbiqi və ən yaxşı halda lisenziyalaşdırılması haqqında təklifləri də bərabərində gətirir. Artıq bir sıra ölkələrdə, o cümlədən qardaş Türkiyədə internet televiziyaları rahat şəkildə lisenziyalaşdırılır.

 

Bəs Azərbaycanda internet televiziyaların fəaliyyəti ilə bağlı durum necədir? Yeni hazırlanmış media haqqında qanun layihəsində internet televiziyalara lisenziya verilməsi haqqında maddə varmı?

 

 

Bu barədə Modern.az-ın sualını cavablandıran Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Fazil Novruzov internet televiziyalara lisenziya verilməsi haqqında hər hansı addım nəzərdə tutulmadığını söyləyib. MTRŞ rəsmisinin sözlərinə görə, internet televiziyalar yalnız kabel yayıma keçmək istədikləri təqdirdə lisenziya almaq üçün müraciət edə bilərlər:

 

 

“Media haqqında hazırlanmış yeni qanuna əsasən, internet televiziyalar kabel şəbəkələrində yayımlanmaq istəyirlərsə, Şuraya müraciət etməlidirlər. Bu zaman müəyyən tələblər qarşılığında lisenziya alacaqlar və yayımlana biləcəklər.

 

Lakin “Youtube” kanalları üzərindən yayım həyata keçirən internet televiziyaların fəaliyyəti ilə bağlı heç bir qayda-qanun, tələblər və qadağalar nəzərdə tutulmur. Bu platformaya məhdudiyyət tətbiq edilə bilməz”.

 



Media eksperti Ələsgər Məmmədli isə bu barədə saytımıza açıqlamasında vurğulayıb ki, media anlayışı geniş anlayışdır və bunun içərisinə kütləvi informasiya vasitələrinin heç də hamısı daxil deyil. Media mahiyyət etibarı ilə dəyişməyib:

 

“Müasir dövrdə də biz media dedikdə qəzet, televiziya və radionu nəzərdə tuturuq. Format olaraq internet üzərində yazı formatında, çap və səs formatında da informasiya təqdim edilə bilir.

Dövlət o zaman bu resurlarla bağlı lisenziyalaşma aparır ki, həmin resurs məhdud olur və onu daha effektiv istifadə etmək lazımdır. Bu zaman bir sual ortaya çıxır: internet məhduddurmu? Təbii ki, xeyr. Belə olan halda məhdud olmayan bir şeyi niyə lisenziyalaşdırırıq? Azərbaycanda hazırda 80 faiz insanın internetə çıxışı var, bu o deməkdir ki, 8 milyon insan internet üzərində yayıcı ola bilir. Bu qədər insanın sadəcə 8-nə lisenziya vermək məhdudlaşdırmaq deməkdir”.

 

  

Ə. Məmmədli onu da xatırladıb ki, Azərbaycan Avropa Şurasının üzvüdür və Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya edib:

 

“Konvensiyanın hüquqi normaları isə Azərbaycanda qanunlardan üstündür. Konvensiyada deyilir ki, yalnız televiziya və radio fəaliyyəti lisenziyalaşdırıla bilər. Bu zaman isə elektromaqnit dalğalarla  yayımlanan milli tezlik resurslarını nəzərdə tutulur, internet deyil. Ona görə, belə bir məhdudlaşmanın qanunvericiliyə salınmaması doğru addımdır.

Əgər hansısa ölkə internet televiziyalara bu və ya digər şəkildə məhdudlaşma tətbiq etmək istəyirsə, bu boşuna cəhd olacaq. Gələcəkdə də bununla bağlı hansısa addımların reallaşacağını hesab etmirəm”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir