Arxiv
6 Oktyabr 2021, 13:22 | İQTİSADİYYAT
Neftin REKORD qiymətləri büdcə üçün nə vəd edir…

“Azərbaycanda hökumətin neftlə bağlı proqnoz qiymətləri ilə real qiymətlərin üst-üstə düşməsi yadıma gəlmir”.

 

Bunu Modern.az-a neftin qiymətinin Azərbaycanın 2022-ci il büdcəsinə təsiri haqqında danışarkən ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

 

O qeyd edib ki, təxminən iki dəfə neftin real qiymətləri hökumətin proqnoz qiymətlərindən aşağı olub:

“Digər hallarda isə bu göstərici yüksək olub. Hökumət üçün bu göstəricilər əlverişlidir. Çünki büdcə daim kəsrlə proqnoz edilir. Real qiymətin yüksək olması büdcə kəsrinin örtülməsində əlavə vasitələrə əl atmamağa səbəb olur. Ona görə, hökumət özünü diskomfort hiss etməyib.

Cari il üçün neftin büdcədə orta qiyməti 40 dollar müəyyən edilmişdi. Amma çox güman ki, real qiymət 70 dollar olacaq. Son günlər isə neft qiymətləri record həddə bahalaşıb. Bu qədər artımı heç kim proqnozlaşdırmırdı. İstər Azərbaycanda, istərsə də kənarda fəaliyyət göstərən şirkətlər həm də riskləri azaltmaq üçün neftin qiymətini ən aşağı həddə götürmüşdülər.

2020-ci ildə iqtisadiyyat hansı sürətlə çökmüşdüsə, 2021-ci ildə o sürətlə artacağı düşünülürdü. Amma neft qiymətləri bu sürətdən də artıq oldu. 2019-cu ildə Azərbaycan neftinin orta qiyməti 71 dollar 20 sent olmuşdu. 2020-ci ildə bu 41,9 dollara qədər ucuzlaşdı. Və görürük ki, 2021-ci ildə neft ucuzlaşdığı sürətlə də bahalaşdı, 70 dollardan da yuxarı qalxdı. Bu gün hətta dünya birjalarında “Brent” markalı neft 83 dollardan baha təklif edilir. “AzəriLayt” 85 dollaradır”.

 

Ekspertin sözlərinə görə, 2022-ci ildə təbii ki, neft qiymətlərində bu sürət müşahidə olunmayacaq:

 

“Gələn il neftin qiyməti ilə bağlı proqnozlar cari illə müqayisədə aşağıdır. Çünki dünya iqtisadiyyatının artım tempi nisbətən aşağı olacaq. Gələn il üçün büdcəmizdə 2,6 milyard manatlıq büdcə kəsri var. Bu kifayət qədər böyük kəsrdir və kəsri qarşılamaq lazımdır. Neftin qiymətinin yüksək olması hökumətə büdcə kəsrini doldurmağa imkan verər. Ancaq həmişə neftin qiymətinə ümid olub, büdcə kəsrini örtmək, yeni layihələrin icrasında nəyəsə ümid bəsləmək çıxış yolu deyil. Ölkə büdcəsi elə proqnozlaşdırımalıdır ki, ildən ilə çox qazanmağa hesablansın”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv