Modern.az

Azərbaycan ikipartiyalı sistemə keçə bilərmi? - ReAl siyasi arenada YAP-la tək qalmaq İSTƏYİR

Azərbaycan ikipartiyalı sistemə keçə bilərmi? - ReAl siyasi arenada YAP-la tək qalmaq İSTƏYİR

Aktual

6 Oktyabr 2021, 16:31

Mərkəzi Seçki Komissiyasının 2020-ci ilə dair hesabatına əsasən, Azərbaycanda hazırda dövlət qediyyatına alınmış 62 siyasi partiya fəaliyyət göstərir. Siyasi arenada bu qədər partiya sıxlığının olması isə cəmiyyətin siyasətlə maraqlanan təbəqəsi tərəfindən birmənalı qarşılanmır. Əksəriyyət adı olub, özü olmayan siyasi partiyaların ləğv edilməsinin tərəfdarıdır. Hətta Azərbaycan siyasətində biri ən çox üzvü olan hakim Yeni Azərbaycan Partiyası olmaqla cəmi iki siyasi partiyanın saxlanmasını dəstəkləyənlər də az deyil.

 

Bəs ölkəmizdə iki siyasi partiyanın qalması mümkündürmü? Bu cür sistem formalaşsa, müxalif siyasi qanada hansı partiya rəhbərlik edə bilər?

 

Bununla bağlı Modern.az-a danışan Respublikaçı Alternativ ( ReAl) partiyasının icra katibi Natiq Cəfərli təmsil etdiyi partiyanın vəzifəni üstlənə biləcəyini söyləyib. Lakin N. Cəfərli Azərbaycanın ikili partiya sisteminə keçə biləcəyini hələlik mümkün hesab etmir:

 

“Partiya sistemlərinin oturuşması üçün hər bir ölkənin öz təcrübəsi, tarixi şərait və bir çox digər faktorlar nəzərə alınır, buna təsir göstərir. Məsələn, ikili partiya sisteminin mövcud olduğu Amerikaya baxaq. Amerikada seçki və idarəetmə sistemi tamam fərqlidir. Bu dövlət ayrı-ayrı dövlətlərin birləşməsidir. Yerli özünü idarəetmə çox güclü olduğundan orada fərqli mexanizmlər işlənib, hazırlanıb. Ştatların hər birinin özünü kiçik bir dövlət kimi aparmaq qabiliyyəti var, özünün parlamenti, hökuməti, qubernatoru mövcuddur. Beləliklə, tarixən elə bir şərait yarandı ki, Amerikada yeni partiyaların qurulmasına müxtəlif cəhdlər edildi. Lakin demokratlar və respublikaçılar iki xətt üzrə inkişaf etməyə başladı. Bu partiyaların hegemonluğu Amerikada oturuşmuş ənənələr üzərində inşa edildi.

Avropaya baxanda isə vəziyyət tam fərqlidir. Bu ölkələrin həm mədəniyyəti, həm siyasi sistemi ilə əlaqədar çoxpartiyalı sistem, koalisyon hökumətlər mədəniyyətinin formalaşdığını görürük.

Azərbaycanda istər iqtidar, istərsə də müxalifət partiyalarının ideoloji platforma üzərində inşa olunduğunu söyləmək mümkün deyil. Daha çox şəxs və ya şəxslər ətrafında formalaşan siyasi partiyalardır. Kağız üzrəindəki ideoloji xətlərinə baxdıqda Kommunist Partiyasından başqa bütün partiyalar bir-birinə oxşayır. Hamısında eyni şeylər yazılıb – sağ mərkəzçi, liberal dəyərlərə xidmət edən partiya modeli görünür. Amma iqtidar partiyası da sağ mərkəzçi kimi davranmır. Daha çox sol və dövlət iqtisadiyyatının öndə olduğu modelə üstünlük verir. Çünki dövlətin əlində kifayət qədər iqtisadi imkanların cəmləşdiyini görürük, dövlətin bu sahədə hegemonluğu var. Ona görə, iqtidar partiyası da, müxalifət partiyaları da ideoloji platforma üzərində formalaşmadığından bizdə ikipartiyalı sistemə keçid hələ mümkün deyil”.

 

Natiq Cəfərlinin sözlərinə görə, əvvəl gərək heç olmasa ideoloji olaraq partiyalar bir-birindən fərqlənsin ki, ondan sonra ikipartiyalı sistemə keçidin təməl səbəbləri yaransın:

“Nəyinsə əleyhinə birləşmək heç zaman effektiv olmayıb. İqtidarın əleyhinə koalisiya qurulması ilə bağlı müstəqillik dövründə ən azı 11 cəhd olub. Hamısı da uğursuzluqla nəticələnib. Uğurlu modellər ideya ətrafında birləşmə ilə mümkün ola bilər. Nəyinsə və ya kiminsə əleyhinə birləşmə heç vaxt uğurlu alınmır. Partiyaların özləri püxtələşmədiyindən Azərbaycanda hələ ki, ikipartiyalı sistemə keçid mümkün görünmür.

Azərbaycanda partiya sisteminin normallaşması üçün əsas məsələ proporsional seçki sisteminin tətbiqidir. Partiya siyahıları ilə proporsional seçkinin tətbiqi Azərbaycanda adı olub özü olmayan siyasi partiyaların sıradan çıxmasına səbəb olacaq. Məsələn, seçki barajı çox deyil, 5-10 faiz olarsa, elə ilk seçkidə 20-dən çox siyasi partiya sıradan çıxacaq. Onlar ya ayaqda qalmaq üçün digər partiyalara birləşəcəklər, ya da ümumiyyətlə, siyasi səhnədən silinəcəklər. Ona görə, bizdə ilkin mərhələdə əsas şərtlərdən biri ideoloji təməllər üzərində formalaşmış partiyaların olması və proporsional seçki sisteminə keçiddir. Bundan sonra artıq digər məsələlərin də təbii yolla həll olunacağını düşünürəm”.

 

ReAl-ın sırf ideoloji platforma, proqram sənədləri üzərində inşa edilən ilk partiyalardan olduğunu vurğulayan siyasətçi partiyasının şəxs üzərində qurulmadığını söyləyib:

“Sabah bu partiyanın sədri başqa bir nəfər də ola bilər, idarə heyəti tamamilə dəyişdirilər və s. Partiya olaraq buna hazırıq. Düşünürəm ki, proporsional seçki sisteminin tətbiqindən sonra Azərbaycanda 6-7 ayaqda qala biləcək partiya var. Bu, sonrakı illərdə koalisiya mədəniyyətinin yaranmasına da səbəb olacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!