Modern.az

İranla üzülən “iplər” qırılarsa, Azərbaycan heç nə İTİRMƏYƏCƏK

İranla üzülən “iplər” qırılarsa, Azərbaycan heç nə İTİRMƏYƏCƏK

İqtisadiyyat

7 Oktyabr 2021, 13:40

İranla yaşanan son gərgin münasibətlər fonunda iki ölkə arasındakı siyasi məqamlarla yanaşı, iqtisadi əlaqələr də müzakirə edilən əsas məsələlərdəndir. Çünki İran Azərbaycanın iqtisadi tərəfdaşlarından biridir.

2021-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 17337,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 11039,3 milyon dollar, idxalın dəyəri 6297,9 milyon dollar təşkil edib. Nəticədə 4741,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ticarət dövriyyəsinin 86,8 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, İspaniya, Almaniya, Xorvatiya, Gürcüstan, İsrail, Ukrayna, Hindistan, Birləşmiş Krallıq, Tunis, Portuqaliya, ABŞ, İran, Belarus, İsveçrə, Tailand, Fransa ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 3,4 faizini isə İran məhsulları təşkil edib.

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, İranla ticarət dövriyyəmiz 2018-ci ildə 446 milyon, 2019-cu ildə 493 milyon, ötən il isə 339 milyon dollar olub:

 

 

“Bu o deməkdir ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il əvvəlki ilə nisbətən 31,3 faiz azalıb. Azərbaycanla İran arasındakı ticarət dövriyyəsi ölkəmizin ümumi ticarət dövriyyəsinin 1,4 faizindən azını təşkil edir.

 

İrandan illik idxalın həcmi isə 300 milyon dollardır. Bu o deməkdir ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin 88 faizindən çoxu İranın Azərbaycana ixracatı üzərində qurulub. Göründüyü kimi, İranla ticarət dövriyyəmiz ümumi ticarət dövriyyəmizdə xüsusi paya malik olmamaqla daha çox idxal hesabına formalaşır. Bu baxımdan, İranla ticarət dövriyyəmizdə hər hansı azalma baş verərsə, bu, ölkəmizə daxil olan valyutanın həcminə ciddi təsir göstərməyəcək”.

 

 

Deputat bildirib ki, İrandan idxalın azalacağı halda, onun Azərbaycanın istehlak bazarındakı tarazlığa da xüsusi təsir olmayacaq:

 

“Azərbaycanın illik 2  milyard dollara yaxın ərzaq idxalının cəmi 2.7 faizi İranın hesabına formalaşır. Ötən il İrandan 23.6 milyon dollarlıq dəyərində kartof, 9.8 milyon dollarlıq təzə meyvə, 8.7 milyon dollarlıq təzə tərəvəz, 13.0 milyon dollarlıq şəkərdən hazırlanan qənnadı məmulatları, 2.9 milyon dollarlıq çörək və un məmulatları, 1.9 milyon dollarlıq süd və qaymaq, 1.5 milon dollarlıq balıq, 1.4 milyon dollarlıq şokolad məhsulları və bir sıra digər ərzaq məhsulları  (çay (177.2 min dollarlıq), düyü (167.4 min dollarlıq) makaron məmulatları (51.4 min dollarlıq) və s.) idxal etmişik. İdxalın strukturundan göründüyü kimi, ərzaq məhsullarının alternativ əvəzlənməsi imkanları daha çoxdur və bu da idxal asıllığının yaranmasına imkan vermir.

 

İrana isə Qara metaldan hazırlanmış yarımfabrikatlar (41.4 milyon dollarlıq), təbii qaz (19.2 milyon dollarlıq), pambıq parça ipliyi (556 min dollarlıq) və s. ixrac etmişik”.

 

Parlamentari deyib ki, Azərbaycan ərazi bötüvlüyümüzə hörmətlə yanaşan ölkələrlə dostluq münasibətlərini davam etdrməkdə maraqlı olan dövlətdir:

“Ümid edək ki, qonşuluq prinsiplərinə qarşılıqlı hörmətin gözlənilməsi bu dəfə prioritet olacaq. Əks təqdirdə, Azərbaycan heç nə itirməyəcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!