Modern.az

Paşinyan Putinin qəbuluna niyə gedir…

Paşinyan Putinin qəbuluna niyə gedir…

7 Oktyabr 2021, 15:56

Paşinyan Putinin qəbuluna gedir. Rusiya prezidentinin sözçüsü Peskov dəqiq tarix açıqlamasa da, bunun yaxın vaxtda olacağını deyib.


Putin-Paşinyan görüşünün iki aktual gündəminin olacağı mümkündür:


Birincisi, Soçidə Ərdoğan-Putin razılaşmasının İrəvana izah edilməsidir.


Bura “altılıq platforması”, Zəngəzur dəhlizinin açılması, normallaşma mərhələsinin başlanması kimi məsələlər daxildir. Ərdoğan Soçi görüşündən sonra açıqlamasında bildirdi ki, “Zəngəzur dəhlizi ilə bağlı Ermənistandan cavab gözləyirlər”. İstisna deyil ki, görüşdə Putinlə bu məsələnin tezləşdirilməsi istiqamətində razılıq əldə edilib. Və Soçi görüşünün ardından Paşinyanın Moskvaya dəvət edilməsi də buna hesablanıb.


Paşinyan “altılıq platforması”nın “hansı məqsədlə, hansı şəraitdə və hansı prinsiplərə əsasən işləyəcəyini anladıqdan sonra, dəqiq mövqe bildirəcəklərini” deyir. Bu, erməni baş nazirin daha çox ictimai rəyə hesablanmış açıqlaması kimi görünür, çünki Bakı və Ankara ilə münasibətlərin normallaşmasını hələ də süngü ilə qarşılayanlar var.


Hərçənd, Soçi görüşündən sonra Paşinyanın Moskvaya dəvət edilməsi Ermənistanın qərar verməsində ciddi rol oynayacaq.


Burada Moskvanın Ankara-İrəvan xəttində vasitəçi olmaq marağı da var: ruslar Ərdoğanla Paşinyanın arasında Qaribaşvilinin vasitəçi olmasını istəmirlər;


İkincisi, Əliyevlə Paşinyanın görüşünün təşkili üzərində müzakirələr aparıla bilər.


Əməkdaşlıq platformasının qurulması üçün Bakı və İrəvan arasında həll edilməli məsələlər var: sərhədlərin delimitasiyası prosesinin yekunlaşması, üçtərəfli razılaşmaların bəndlərinin icrası və s.


Minsk qrupu liderlərin görüşünü təşkil etmək niyyətindədir, Rusiya həmsədr ölkə kimi bunu dəstəkləyir, lakin həlledici müzakirələrin Moskvanın nəzarətindən kənarda olmasına qarşıdır. Bu baxımdan, Putin-Paşinyan görüşündə həm də Moskvanın vasitəçiliyi ilə Əliyev-Paşinyan görüşünə qərar verilə bilər.

 
Asif Nərimanlı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir