Modern.az

Tehranın addımları nə Rusiya, nə də Qərbdə qəbul olunur 

Tehranın addımları nə Rusiya, nə də Qərbdə qəbul olunur 

8 Oktyabr 2021, 08:32

“İranın Ermənistanın guya ərazi bütövlüyünü müdafiə etmək haqqında birdən-birə yaranmış iddiaları Rusiyanın mövqeyi ilə ziddiyyət təşkil edir. Çünki Ermənistan ərazisinin təhlükəsizliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərinin, ilk növbədə Rusiyanın təminatı altındadır”.

 

 

Bunu Modern.az-a Rusiya və İran xarici işlər nazirlərinin Moskvada keçirilən görüşündən danışarkən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. İranın Azərbaycanla münasibətləri qəsdən pisləşdirdiyini düşünən sabiq nazirin fikrincə, rəsmi Tehranın bu cür addımları nə Rusiya, nə də Qərb tərəfindən qəbul olunur:

 

“Məlumdur ki, bu məsələdə Rusiya və Qərb arasında qarşıdurma mövcuddur. İndi sanki bu qarşıdurmaya İran müdaxilə etmək istəyir. Ziddiyyət özünü Moskva görüşü vaxtı büruzə verib. Hiss edilir ki, İran tərəfi istədiklərinə nail ola bilməyib. Rusiya və İranın mövqeyinin fərqliliyi hər kəsə aydın oldu.

 

Məsələnin digər hissəsinə gəlincə, İran Türkiyənin regionda güclənməsi və Azərbaycan-Türkiyə müttəfiqliyinə qarşı olub. Bu daha ciddi mövzudur. İstisna etmirəm ki, bəzi məsələlərdə Rusiya və İran əməkdaşlıq edə bilərlər”.

 


T.Zülfqarovun fikrincə, İranda hakimiyyətə yeni gələn qüvvələr arasında ziddiyyət mövcuddur:


“Rəsmi Tehran üçün indi əsas Azərbaycan mövzusu deyil. Çünki İran bu yaxınlarda ciddi qərar qəbul etməlidir və nüvə proqramına aid danışıqlara, prosesə qatılmalıdır. Yenə də üzərinə öhdəliklər götürməlidir ki, nüvə silahı istehsal etmək cəhdləri olmayacaq. Təbii ki, bu proses ciddi nəzarət altında olmalıdır. Əvəzində sanksiyalar aradan götürüləcək. Bu isə İrana sərf edir, çünki iqtisadi baxımdan orada vəziyyət heç də ürəkaçan deyil. Hesab edirəm ki, İranın Azərbaycanla münasibətləri gərginləşdirməsi sadəcə daxili çəkişmələrdən diqqəti yayındırmaq üçün idi. Əminəm ki, məsələnin aktuallığı gündən-günə azalacaq, bir müddət sonra yaddan çıxacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir