Modern.az

Partiya liderlərinin Şuşa TƏƏSSÜRATLARI - Artıq mer olmaq istəyən də var

Partiya liderlərinin Şuşa TƏƏSSÜRATLARI - Artıq mer olmaq istəyən də var

8 Oktyabr 2021, 17:53

Oktyabr ayının 7-də siyasi partiyaların sədrləri və təmsilçiləri, politoloqlar və mətbuat nümayəndələri Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi altında Şuşa şəhərinə səfər ediblər. Səfərdə 43 siyasi partiyanın 55 nümayəndəsi iştirak edib. İlk olaraq Cıdır düzünü gəzən iştirakçılar Vaqif məqbərəsini, Saatlı, Yuxarı və Aşağı Gövhərağa məscidlərini, Şuşa qalasını, Xan qızı Natəvanın evini, Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini, Bülbülün ev-muzeyini, həmçinin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalandığı ərazini ziyarət ediblər. Səfər iştirakçıları Şuşada aparılan təmir-bərpa işlərilə də yaxından tanış olublar. Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov görülən işlər, tarixi yerlər haqda məlumat verib.

 

Artıq səfərdən dönən partiya sədrləri Şuşa təəssüratlarını Modern.az-la bölüşüblər.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Şuşanı gördüyünə görə həddindən artıq sevinc hissi yaşadığını söyləyib:

 

“Eləcə də Şuşanın simasını görəndə adam həddindən artıq qəmgin olur. Şuşa Sovet dövründə necə idisə, inkişaf baxımından elə qalıb. O zaman necə ki Azərbaycan kəndləri solğun, gözdən, diqqətdən uzaq idisə, Şuşa bir az da artıqdır. Azərbaycanın digər şəhərlərindən sanki 30-40 il geridədir.

Lakin işğaldan azad olunmuş digər şəhərlərə baxanda Şuşanın bəxti gətirib. Çünki o biri şəhərlərimizi tamamilə yerlə-yeksan ediblər. Şuşaya isə baxımsızlıq, ögey münasibət olub, dağıntılar o qədər də yoxdur.

Amma yenə də ermənilər Azərbaycan mədəniyyətinin bütün izlərini itirməyə çalışıblar. Xan qızı Natəvanın evini, Xan bulağını dağıdıblar. Şuşanın bağlarında, yaşıllıqlarında baxımsızlıq hökm sürüb. Necə ki bir uşaq yad adamın əlinə düşür, qeyri-insani rəftar görür, Şuşa da ermənilərin tapdağında elə qeyri-insani rəftar görüb.

Artıq orada sürətli işlər həyata keçirilir. Şuşa da Azərbaycanın digər şəhərləri kimi inkişaf edəcək. Siyasi partiya rəhbərlərinin Şuşaya səfəri həm də bir tarixi aktdır. İqtidarla birlikdə olmağımız dünyaya Qarabağla bağlı siyasətin birmənalı dəstəkləndiyini göstərən mesajdır”.

 

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn vurğulayıb ki, yaşından, təcrübəsindən, mövqeyindən asılı olmayaraq, işğaldan sonra Şuşaya ilk dəfə gedən hər kəs xoş və qarışıq duyğular içərisində idi:

 

“Bu, bütövlükdə pozitiv duyğular idi. Şuşada indiyəqədərki və hazırda görülən işlərlə tanış olduq. Prezidentin xüsusi nümayəndəsi Şuşanın baş planı haqqında məlumat verdi. Şuşanın tarixi yerlərində, bərpa aparılan hissələrdə olduq. Şuşanın azad olunması böyük tarixi hadisə olsa da, bu şəhər hələ şuşalılarsızdır. Yekun fikrimiz o oldu ki, şuşalılar köçəndə bir daha gəlmək qismət olsun.

Əksəriyyətin fikri bu oldu ki, şəhərdə məskunlaşmanı sürətləndirmək lazımdır. Bu ümumxalq məsələyə çevrilməli, hər kəs üzərinə düşəni etməlidir”.
 


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev
çox yüksək əhval-ruhiyyə ilə səfərə qatıldığını vurğulayıb:

 

“30 il həsrətini çəkdiyimiz Şuşanı görmək nəsib oldu. Şuşanın necə dağıdıldığı, necə baxımsız qaldığı ortaya çıxdı. Aydın görünürdü ki, ermənilər orada qalıcı olmadıqlarını dərk ediblər. Ona görə heç nə tikib, qurmayıblar.

Biz Azərbaycanın qeyrətli oğullarına, müzəffər ordumuza minnətdar olmalıyıq ki, Şuşanı Azərbaycana yenidən qaytardılar.

Şuşadan Xankəndiyə baxdıq. Azərbaycanın indiki iqtidar-müxalifət birliyinin gücü sayəsində biz Xankəndiyə də yaxın zamanda gedə biləcəyik. Bu bizim üçün çox önəmli məsələdir.

Əgər biz milli birliyimizi bu cür davam etdirsək, mən əminəm ki, yaxın zamanda Xankəndinin meri Hafiz Hacıyev qonaqları şəhərdə qarşılayacaq”.


Ağ Partiyanın sədri Tural Abbaslının fikrincə, azad olunmuş torpaqlara getmək fərqli hisslər yaşadır:

 

“Ən önəmlisi qürur və fəxr duyduq. Eyni zamanda bir minnətdarlıq, borcluluq duyğusu ilə ərazilərimizə ayaq basdıq. Mən hər qarışda şəhidlərimizi, qazilərimizi, veteranlarımızı, onların ailələrini xatırlayırdım. Bu qələbə bizə ucuz başa gəlməyib. Düşünürsən ki, bizim maşınla 4-5 saata getdiyimiz yolu igidlərimiz piyada qət ediblər. Yağışda, soyuqda, üzərlərində böyük yüklə sıldırım qayaları qalxıb, şəhəri azad ediblər. Bu çox böyük fədakarlıqdır.

Şuşada bu illər ərzində bir dənə bina da tikməyiblər. Zaman donmuş kimidir. Sanki 1989-90-cı illərdə şəhər necə idisə, indi də elə qalır. Şuşa sanki komaya düşmüşdü və bir ildir artıq nəfəs alır, yaşamağı öyrənir. Mistik bir ab-havası olan şəhərdir. İnsanların canından keçdiyi müqəddəs yerləri dünənə qədər bir-birinə düşmən olan siyasi partiyaların birlikdə səfər etməsi də Qarabağın bizi birləşdirən dəyər olduğuna mesajdır”.

 


Ümid Partiyasının sədri İqbal Ağazadə
isə duyğularını ifadə etməkdə çətinlik çəkib:

 

“Elə duyğular var, onları sözlə ifadə etmək mümkün deyil. Şuşa haqqında, ümumiyyətlə işğaldan azad edilmiş ərazilərimiz barəsində nə isə danışmaq çətindir. Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı, xalqımıza həmişə birlik, bərabərlik arzu edirəm ki, belə faciələr bir də başımıza gəlməsin.

Torpağım, ata-baba yurdum işğaldan azad olunub. Şuşanı işğaldan azad edən hər bir hərbçimizin şücaəti ilə qürur duydum. Şuşanın hər bir daşında belə güllə izləri var. Orada şəhid, qazi olanların haqqını bütün Azərbaycan bir ömür verə bilməz.

Duman Şuşanın gözəlliyini görməyə imkan verməsə də, orada olmağın əhval-ruhiyyəsi başqa idi. Şuşanın dumansız zamanında onun təkrarolunmaz peyzajı üzə çıxır. Onu görəndə sən dəhşətə gəlirsən ki, sıldırım qayaların üzərində bu qədər gözəl bir şəhəri düşməndən azad etməyin qəhrəmanlığı nə qədər ucadır”.

 

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov da Şuşada ilk dəfə olub:


“Çox böyük təssüratlar yaşadım, ehtiraf edim ki, kövrəldim də. 30 il düşmən tapdağı altında olmuş, bu gün Ali Baş Komandanın rəhbərliyi və müzəffər ordumuzun rəşadəti ilə azad edilmiş torpaqları ziyarət etmək hər bir azərbaycanlı üçün böyük qürur hissi və baş ucalığıdır. Yol boyunca qarşılaşdığım mənzərələr mənim üçün erməni vəhşiliyinin, vandalizminin, barbarlığının bir daha əyani sübutu oldu. Düşmənlərin yaratmış olduqları bu xarabalıqlar üzərində yenidən abadlaşacaq gözəl bir məkanı gözlərim önündə canlandıraraq, daxilimdə rahatlıq tapırdım. Bu rahatlığın əsasını 44 günlük müharibədən sonra, qısa müddət ərzində görülmüş işlər təşkil edirdi. Zəfər yolu, yeni, modern tipli aeroport, müasir yarımötürücü elektrik stansiyaları və s. işlər məndə əminlik yaradır ki, Qarabağ müəyyən zaman kəsiyindən sonra yenidən cənnətə çevriləcək.

Siyasi partiya rəhbərlərinin, müstəqil politoqların, jurnalistlərin birlikdə Şuşaya səfəri bir daha xalqımızın birliyinin əyani göstəricisidir. Biz, mənsub olduğumuz ideologiyadan, apardığımız siyasi mübarizədən asılı olmayaraq, öncə azərbaycanlı olmağımızı unutmamalıyıq. Milli təəssübkeşlik, ərazi bütövlüyü, müstəqil - suveren hüquqlarımızın qorunması hər bir azərbaycanlının təməl prinsipi olmalıdır. Biz bir millət olaraq bütün dünyaya, lazım olan anda “dəmir yumruq” kimi birləşməyin mümkünlüyünü göstərə bildik. Milli mənafe uğrunda bu birlik əbədi və sarsılmazdır! Qarabağ Azərbaycandır!”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?