Modern.az

Yaxın Şərq uğrunda mübarizə: Türkiyə hansı tərəfdə olacaq...

Yaxın Şərq uğrunda mübarizə: Türkiyə hansı tərəfdə olacaq...

Analitika

9 Oktyabr 2021, 10:13

“Reuters” agentliyi Vaşinqtondakı mənbələrə istinadla bildirir ki, Türkiyə 40 ədəd yeni F-16 qırıcısı və arsenalında olan daha 80 ədəd F-16 döyüş təyyəsinin modernizasiyası üçün zəruri avadanlıq almaq məqsədilə ABŞ-a müracət edib.

ABŞ-nın silah satışı qaydalarına əsasən, bu cür anlaşma reallaşması üçün ilk növbədə Xarici Silah Satışı aktına uyğun olaraq ABŞ Konqresi, ardınca da Dövlət Departamenti tərəfindən təsdiqlənməlidir.

Modern.az xəbər verir ki, məsələni şərh edən “Şər-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki,  Konqresdə anlaşmanın keçəcəyi inandırıcı görünmür, çünki hər iki partiyanın təmsilçiləri Türkiyəyə qarşıdır.

“Əsas kimi Ankaranın Rusiyadan C-400 zenit-raket komplekslərini alması və Türkiyədə insan haqlarının vəziyyəti göstərilir. İkinci xarici siyasətdə yalnız lazım olduqda yada düşən səbəb olsa da, birinci səbəb ciddidir. Həm də ona görə ki, təxminən 1 həftə əvvəl Türkiyə prezidenti C-400 komplekslərinin daha bir batareyasının alınacağını bildirib.

Bu təklif də 100-dən artıq F-35 təyyarəsi almaq barədə ABŞ-Türkiyə anlaşmasının taleyini təkrarlasa (bu da istisna deyil) 2 ölkə arasında münasibətlərdəki çat bir qədər də dərinləşəcək. Belə bir dinamika isə onsuz da hər tərəfdən çat verən Şimali Atlantika blokunun təməllərini bir qədər də sarsıdacaq.

Xatırladım ki, bir qədər əvvəl Avstraliya donanmasının sualtı qayıqlarla təhciz olunmasına dair AUKUS adlanan ABŞ-Böyük Britaniya-Avstraliya anlaşması Avstraliya ilə ilkin anlaşma əldə etmiş Fransanın ciddi etirazına səbəb olmuşdu və hətta Paris məslhətləşmək üçün səfirlərini geriyə də çağırmışdı”.

Maraqlıdır ki, Vaşinqtondakı mənbələrə istinad edən “Reuters” agentliyi  həmçinin Ankaranın Şərqi Aralıq dənizi hövzəsindəki siyasətinin də ABŞ-ı qane etmədiyini bildirir.

“Burdan da belə qənaətə gəlmək olar ki, ABŞ NATO müttəfiqlərinin öz milli maraqlarının təmin olunmasına yönəlik iddialarına məhəl qoymaq istəmir.

Görünür, ABŞ strateqləri ölkələrini hələ də birqütblü dünyanın şəriksiz lideri qismində görməkdədirlər, halbuki, dünyadakı yeni düzən belə bir konstruksiyanı birmənalı olaraq istisna edir. Xüsusilə də NATO müttəfiqlərini bir-birinin ardınca itirən Vaşinqton üçün belə liderlik yalnız təxəyyül məhsulu ola bilər”.

Politoloq deyir ki, hələ Barak Obama dövrünün başlanğıcında ABŞ-ın xarici siyasət doktrinası multipolyar (çoxqütblü) dünya formatına uyğun qurulurdu. Bu da daha realist yanaşma idi, çünki həm SSRİ-nin dağılmasından sonra düşdüyü kollapsdan çıxan Rusiya, həm də iqtisadi qüdrətini günü-gündən artıran Çin inkar ediləcək amillər deyildi.

“Bundan sonra hakimiyyətə gələn Trampın "Öncə Amerika" şüarı altında apardığı xarici siyasət kursu isə bunun tam əksinə olaraq nəinki supergücləri, hətta ABŞ-ın NATO üzrə müttəfiqlərini də Vaşinqtona qarşı qoya bilmişdi. Elə o zaman da Donald Tramp həmin siyasətinə görə demokrat rəqiblərinin sərt tənqidinə tuş gəlirdi.

Amma demokrat Baydenin yürütdüyü xarici siyasət kursu Trampın siyasətindən nəinki fərqlənmir, bir sıra hallarda hətta ondan da uzağa gedir. Fransa-ABŞ münasibətləri buna əyani sübutdur. Artıq çoxdan zədələnmiş Ankara-Vaşinqton münasibətlərində yarana biləcək gərginlik isə ABŞ-ın ikinci böyük NATO müttəfiqi ilə əlaqələrini zəiflətmiş olacaq.

Belə şərtlər çərçivəsində isə ABŞ üçün hədəflədiyi böyük geosiyasi məqsədlərə çatmaq heç də asan olmaya bilər. Çünki bu halda Vaşinqton təkcə böyük gücə çevrilməsi artıq fakt olan Moskva və Pekinlə mübarizə aparmalı deyil, həm də Ankara və Parislə də müttəfiqliklə rəqabət arasında seçim etməli olacaq. Bu da öz növbəsində təkcə səmərəsiz yox, həm də təhlükəli olardı”.


Ekspertin sözlərinə görə, Ankara və Parisin Vaşinqtonun "qara siyahısında" olan sonuncu müttəfiqləri olmadıqlarını ehtimal etsək, o zaman durum daha da ağırlaşa bilər.

“Bu da istisna deyil, çünki Tehranla nüvə sazişinə dönmək istəyən və həmin mövzuda İranla danışıqlar apardığı deyilən Vaşınqton bununla daha bir müttəfiqini - İsraili də iritə bilər.

Digər tərəfdən də ABŞ-İran nüvə anlaşmasına dönüş reallaşdıqca Vaşinqtonun bölgədəki digər müttəfiqləri - BƏƏ və Səudiyyə Ərəbistanı da yeni müttəflər axtarmağa başlayacaqlar. Beləliklə, sadalanan mümkün dəyişikliklərin olacağı halda yeni geosiyasi konstruksiyanın işartılarının göründüyünü demək olar.

Görünən həm də budur ki, Yaxın Şərq bölgəsi ABŞ üçün artıq əvvəlki əhəmiyyətini itirib, Vaşinqton indi daha çox Asiya-Sakit okean hövzəsinə önəm verir. Bu da anlaşılandır, çünki yaxın gələcəkdə önəmli neft deyil, müasir rəqəmsal texnologiyalar olacaq. Onların əsas istehsalçıları olan - Çin, Yaponiya, Cənubi Koreya, Tayvan və Sinqapur da bu bölgədə yerləşir.

Bundan başqa, həmin bölgədə hərbi-siyasi gücün artırılması qlobal iqtisadiyyat və ticarət üçün mühüm əhəmiyyət kəsb edən dəniz yollarına və limanlara nəzarət imkanı verəcək. Bu mənada Çinin və Rusiyanın AUKUS anlaşmasına ani reaksiya verməsi də təsadüfi görünməməlidir”.

Ə.Oruclu bildirib ki, Yaxın Şərq uğrunda mübarizə yüksək ehtimalla Böyük Britaniya (və müttəfiqləri) ilə Rusiya-Çin (və müttəfiqləri) tandemi arasında gedəcək.

“Hər iki tərəf üçün də bölgədə ən cəlbedici potensial tərəfdaş Türkiyə olacaq. Buna səbəblər isə yetərincədir.

Türkiyənin həm coğrafi mövqeyi, həm tarixi təcrübəsi, həm də hərbi gücü onu Yaxın Şərq uğrunda gedən mübarizə iştirakçıları üçün həlledici oyunçuya çevirir.

Amma bu, Ankara üçün təkcə mümkün müsbət dividendlər deyil, həm də yüksək risklər demək olacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi