Arxiv
9 Oktyabr 2021, 12:27 | MƏDƏNİYYƏT
“Bülbül gülü və azad Şuşa” - Qazax jurnalist Qarabağdan nələr yazdı...

Onlar ötən il də savaşımız başlayan gündən Azərbaycana gəlməyə can atırdılar.  Dağlarda döyüşümüzü öz gözləri ilə görüb çəkmək və qələmə almaq istəyirdilər.  Nəhayət Zəfərimiz elan olunan gecə 2020-ci il noyabrın 10-da gəlib çatdılar Bakıya.  Qazaxıstandakı  səfilriyimizin təşkil etdiyi 10 günlük səfər boyunca Bərdə, Gəncə, Şamaxı, Qazax, Bakıda gəzdilər, gördülər.  Vətənlərinə döndükdən sonra  qucağı Zəfərlə dolu gördükləri Azərbaycanı  Qazaxıstan mətbuatında, kütləvi informasiya vasitələrində yaydılar, sevincimizdən, kədərimizdən, tariximizdən danışdılar.


Onlar Azərbaycanı çox sevirlər. Almas Altay da, Arman Süleymünov da, Nurgeldi Əbdüğaniulı da, Serik Maleeyev də...


Bu il isə TÜRKSOY-un Azərbaycanda keçirdiyi təntənəli bir tədbirə dəvət almışdı Vətənimizin  dostları.  TÜRKSOY Azərbaycan həqiqətlərini dünyaya yayan 7 ölkədən olan   36 qələm adamını,  jurnalisti mükafatlandırırdı. Mükafatçılar arasında Almas Altay da, Arman Süleymenov da, Nurgeldi Əbdüğaniulı da var idi.


Bir neçə günlük səfər çərçivəsində  7 dövlətdən gələn 36 jurnalist  həm də işğaldan azad olunmuş  torpaqlarımıza səfər etdilər.


Nurgəldi Əbduğaniulı geriyə- Qazaxıstana döndükdən bir neçə gün sonra səfər təəsüratlarını yazıb.
“Bülbül” gülü və azad Şuşa” adlı məqaləsi   («Бұл-бұл» гүлі һәм азат Шуша) abai.kz portalında yayımlanıb. 


Ürək döyüntülərinin, könül abadlığının sevinci yazdıqlarının hər sətirində adamın üzünə gülür.  Yazıda  etməni işğalıçıları tərəfindən 30 illik mühasirədə qalan Şuşadan danışılır, Xarı bülbül gülünün taleyindən, qismətindən bəhs edilir.  Deyir ki, Xarı bülbül gülü indi Azərbaycanın  yenilik, Zəfər simvoludur. Yazır ki “Gördük. Qarabağı gördük. Füzulini gördük. Şuşanı gördük. Könlümüz  açıldı. İndi sətir-sətir yazacam...”. Bax, belə min bir könlüdən sevir Azərbaycanı  mənim dostun Nurgəldi.


Zəfərimizə, sevincimizə həsr etdiyi növbəti məqaləsində, Şuşanın  Pənahəli xanın vaxtındakı tarixindən bu günə qədər gəlib-keçmişləri qazax dilində öz elinin, yurdunun insanlarına çatdırır. Siz heç  Qarabağ bayatısını qazax dilində  eşitdinizmi? Nurgəldi həmin bayatını qazax dilinə çevirib. Heç bizim dildən seçilmir axı... Oxuyun, görün, nə gözəldir.


Мен ғашықпын Қарабақ,
Шәкі, Ширван, Қарабақ!..
Тегеран жәннәт болса да,
Жадымнан шықпас Қарабақ...,


(Mən aşiqəm, Qarabağ
Şəki, Şirvan, Qarabağ
Tehran cənnətə dönsə
Yaddan çıxmaz Qarabağ)


Bu bayatımızı qazax dilində oxuyandan sonra bir daha şahid olursan ki, bizim  soyumuz, kökümüz birdir. Yoxsa ki,  Böyük Çöldə yaşayan bir  qazax oğlu uzaqdan bu qədər necə sevdi Azərbaycanı. Ruhumuz bir, amalımız bir, sevincimiz bir, dərdimiz birdir. 


Nurgəldi Əbdüğaniulının  “Bülbül gülü və azad Şuşa” yazsını oxuyanda  bu həqiqətin  təsdiqini tapırsan.


Bakıdan Şuşaya qədər uzanan 300 kilometrlik Zəfər yolunun möhtəşəmliyini,  regionun belə tez bi zaman kəsiyində hər gün dəyişdiyini qeyd edir.  Erməninin xərabətə çevirdiyi yurdlara Azərbaycan  oğlunun ayağı dəyəndən sonra, yenidən cənnət çevrildiyini yazır:  “Şuşaya aparan yol  Füzulidən başlayır. Füzulidə talan olmazdan əvvəl 17 min  insan yaşayırdı. İndi bu yerlərdə ev yoxdur, uçulmuş divarlar var, bəzi yerlərdə heç o divarı da tapmaq mümkün deyilk... Hər şey  torpağa qarışıb...”.

Şuşa qalasını ağır texnikasız,  tanksız, əl silahları ilə alan  igidlərimizin qəhrəmanlığından da bəhs edir məqalə müəllifi. Və  bir də ki, bu yolda canından keçən qəhrəmanlarımızı xatırlayır.  Keçən il Azərbaycana etdiyi səfər çərçivəsində Şamaxıda olarkən Şikarovlar ailəsinin timsalında şəhid  polkovnik, 35 yaşlı  Nəcəf Şikarovun  şücaətini, Nəcəf Şikarovun atası Şikar Şikarovun da I Qarabağ müharibəsində döyüşdüyünü  xatırlayır. Atanın dediyi “Şəhidlər ölməz, Vətən bölünməz”- fikrini bu məqaləsində də qeyd edib. Məqsədi isə biəllidir:  dünyaya, türkdilli xalqlara bir daha Qarabağın heç vaxt unudulmadığını xatırladır.


Azərbaycanı canı qədər sevən dostumuz Nurgəldi Əbduğaniulı təbii ki, Şuşaya getmişdisə, Cıdır düzündə də qol götürüb oynayacaqdı.  Bu onun  genetik yaddaşınnı rəqsidir. Cıdır düzündə Nikol Paşinyanın  2019-cu ildə rəqs etməsi fotosunu da öz məqaləsində yerləşdirib. Və yazır ki, indi öz doğma Cıdır düzündə Azərbaycan igidləri “Yallı” gedirlər. Və bu fikrindən sonra Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin də fotosu müəllifin sözsüz  tapıntısıdır. 


Öz oxucularına “Bülübl gülü və Azad Şuşa” məqaləsində müəllif Üzeyir Hacıbəyovun güllələnmiş heykəlinin fotosu  ilə tanış edir. Şuşanın musiqi və mədəniyyət beşiyi olduğunu xatırladır. Xan qızı Natəvanın bu yerlərdə tikib-qurduqlarından və  ermənilər tərəfindən talan edilmiş məzarından danışır.


Bakıda Neftçilər prospektindəki Zəfər parkında çəkdiyi şəkillərlə Azərbaycan əsəgərinin  döyüş meydanında qazandığı uğurları sadalayır. Azərbaycanın  Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayevanın Zəfərimiz haqqında fikirlərini bölüşür, TÜRKSOY-un Azərbaycan nümayəndəsi Elçin Qafarlının fikirlərinə yer ayırır.


Nurgəldi Əbdüğaniulı Zəfərimizə həsr etdiyi məqaləsində 2023-cü ildə TÜRKSOY-un mədəniyyət paytaxtı seçəcəyi şəhərlər arasında Şuşanın da adını görməyi arzuladığını yazır.


Bizi sevən dostlar çoxdur. Onlardan biri Böyük Çöldə qızmar günəş altında,  soyuq küləklər qucağında bərkimiş qazax batırı Nurgəldi qardaşımızdır. Bizim haqqımızda nə düşündüyünü mən də öz dostlarımla bölüşmək istədim.


Aida Eyvazlı GÖYTÜRK

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv