Modern.az

İranın birinci xanımı - Rəisiyə 18 yaşında ərə gedən Məşhədli qız

İranın birinci xanımı - Rəisiyə 18 yaşında ərə gedən Məşhədli qız

9 Oktyabr 2021, 16:20

İranın son günlər atdığı addımlar, onun qonşuları, xüsusilə də Azərbaycanla bağlı yürütdüyü siyasət dünya mediasında müzakirə olunmaqdadır.

Bu baxımdan 2021-ci iyununda İranın yeni - 8-ci prezidenti seçilmiş Seyid İbrahim Rəisi də hazırda dünyanın diqqət mərkəzində olan simalardan biridir.

İbrahim Rəisi özündən əvvəlki İran prezidentləri kimi ailəsini mediadan uzaq tutan ifrat mühafizəkar siyasətçilərdəndir.

61 yaşlı Rəisi prezident postuna gəlməzdən öncə İranın baş prokuroru və  Məhkəmə sisteminin sədri vəzifələrində işləyib.

Mühafizəkar xəttin qatı tərəfdarlarından olan İbrahim Rəisinin xanımı, övladları – ailəsi Qərb mətbuatı üçün maraq doğursa da, bu haqda bəsit informasiyalar mövcuddur.

Ümumiyyətlə, İran siyasətçilərinin xanımları çox vaxt gözəgörünməz olurlar. Başqa sözlə, ictimaiyyət arasında fəallıq göstərmirlər. Onlar insanlar qarşısında nadir hallarda görünür, tədbirlərdə iştirak etmir, mətbuata çıxmır, jurnalistlərlə təmasda olmurlar. 

Doğrudur, İbrahim Rəisinin xanımı İranın əvvəlki birinci lediləri ilə müqayisədə müəyyən qədər istisna təşkil edir, amma onun haqqında da geniş informasiya yoxdur. 

Modern.az saytı “Birinci ledilər” rubrukasında İran prezidentinin həyat yoldaşından bəhs edir.


İbrahim Rəisi İranın ən nüfuzlu din adamlarından biri - Məşhəd şəhərinin imam cüməsi Əhməd Ələmolhodanın kürəkənidir. Əhməd Ələmolhoda həm də İranın ali dini lideri Xameneinin Xorasan vilayəti üzrə nümayəndəsidir.


İranın hazırkı birinci xanımı Cəmilə Ələmolhoda (Jamileh Alamolhoda) haqda məlum olan informasiyalardan biri 55 yaşında olmasıdır. O, 1965-ci ildə İranda anadan olub. Hazırkı birinci ledi Məşhəd şəhərinin imam cüməsi Əhməd Ələmolhodanın böyük qızıdır.

İbrahim Rəisi ilə Cəmilə xanım 1983-cü ildə ailə qurublar. Bəzi məlumatlara görə, Rəisiyə ərə gedəndə Cəmilə Ələmolhoda 18 yaşında olub.

Cütlüyün iki qızı var. Adları açıqlanmayan və medianın tanımadığı prezident qızlarından biri Tehran Universitetində sosiologiya üzrə, digəri isə Texnologiya Universitetində fizika üzrə ali təhsil alıb.

İbrahim Rəisi ilə Cəmilə Ələmolhodanın iki nəvəsinin olduğu da bildirilir. Amma nə İran mətbuatı, nə də xarici KİV-lər qızlardan hansının evli, hansının subay olduğu barədə dəqiq informasiya yaymayıb.



Qeyd etdiyimiz kimi, Cəmilə Ələmolhodanın şəxsi həyatı haqqında çox şey açıqlanmır.

İranda universitet təhsili almış Cəmilə Ələmolhodanın hazırda təhsil fəlsəfəsi üzrə doktorluq dərəcəsinə malik olması bilinən informasiyalar sırasındadır.  

Maraqlıdır ki, Cəmilə Ələmolhoda ərə gedəndən sonra ali təhsil alıb.

Hələ 2017 -ci ildə keçirilən prezident seçkiləri zamanı namizədlərdən biri olmuş İbrahim Rəisi o vaxt şəxsi həyatından danışarkən demişdi: “Evləndiyimiz ilk dönəmdə həyat yoldaşımın ali təhsil almaq istədiyini görürdüm. O, oxumağı çox istəyirdi. Məndən oxumağına icazə verib-verməyəcəyimi soruşdu. Dedim mütləq oxuyacaqsan”.

Bəzi məlumatlara görə, ali təhsilli olmasına baxmayaraq, Cəmilə Ələmolhodanın dünyagörüşü ailə ənənəsindən və mühafizəkarlıqdan qaynaqlanır, yəni qadının rolunun hər şeydən əvvəl ana və arvad olmaq olduğuna inanır.

İranın birinci xanımı hazırda Şəhid Beheşti adına Tehran Universitetinin dosentidir. Xanım Ələmolhoda bu universitetdə ali təhsil fəlsəfəsi, İslamda antropologiya, tədris metodları, təhsilin idarə olunmasının nəzəri əsasları, fəlsəfi məktəblər və təhsil baxışları mövzularında dərs deyir.

O, həmçinin Şəhid Beheşti adına Tehran Universitetində Elm və Texnologiyanın Fundamental Araşdırmaları İnstitutunun rəhbəridir.
2013-cü ildə qurulan bu tədqiqat institutunun vəzifəsi elm və texnologiyanın epistemoloji və sosial aspektlərini başa düşməyə və qiymətləndirməyə əsaslanan elm və texnologiya modellərini təqdim etməkdir.

Cəmilə Ələmolhoda 2020-ci ilin martından İran Mədəni İnqilab Ali Şurasının pedaqogika komissiyasına da rəhbərlik edir.

Birinci xanım atası kimi, İslam elminin böyüməsini dəstəkləməklə məşğuldur - İslami baxımdan sosial problemləri araşdırır. O, “İslam inkişafının islam nəzəriyyəsi” kitabının da müəllifidir.

Bəzi məlumatlara görə, İbrahim Rəisi 2017-ci ildəki prezident seçkilərində namizədliyini irəli sürmək qərarı verəndə arvadı Cəmilə Ələmolhoda o vaxt bu xəbəri eşidərkən həyəcandan huşunu itiribmiş.


Cəmilə Ələmolhoda 2021-ci il prezident seçkiləri zamanı Tehrandakı qadın toplantılarında ərinin təbliğatını aparması ilə də yadda qalıb.
 

Ə.Qafarlı

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər