Modern.az

İrandan Ermənistana DƏSTƏK - Farslar ermənilərlə “Zəngəzur dəhlizi”nə qarşı “Qafqaz dəhlizi” salacaq

İrandan Ermənistana DƏSTƏK - Farslar ermənilərlə “Zəngəzur dəhlizi”nə qarşı “Qafqaz dəhlizi” salacaq

10 Oktyabr 2021, 21:22

İran növbəti dəfə Ermənistana dəstəyini nümayiş etdirib.

Modern.az-ın məlumatına görə, İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrullah Xademi bildirib ki, Tehran Ermənistan vasitəsilə Gürcüstana yeni tranzit yolunun tikintisində ermənilərlə birgə iştirak etməyə hazırdır.


“Ermənistan İrandan Gürcüstana yeni tranzit yolu yaratmağı planlaşdırır. Bu yolun tikintisində iştirak etməyə hazır olduğumuzu bəyan etmişik",- iranlı nazir müavini deyib.


Bundan əvvəl, sentyabrın 24-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Hüseyn Əmir Abdollahianla görüşdə Gorus-Qafan yoluna alternativ yolun inşa olunacağını elan etmişdi.


Xeyrullah Xademi İrəvanın İrandan Gürcüstana yeni tranzit marşrutu yaratmağı planlaşdırdığını və bunun 21 kilometrinin Azərbaycanın nəzarətində olan Gorus-Qafan yoluna alternativ olacağını bildirib. O xatırladıb ki, Gorus-Qafan yolunun Azərbaycanın ərazisinə düşən 21 kilometrlik hissəsində iranlı sürücülərdən müəyyən gömrük haqqı alınır.


"Ən qısa zamanda alternativ marşrut yaratmaq lazımdır ki, yol artıq Azərbaycan ərazisindən keçməsin, bu da ermənilər üçün çox vacibdir və onların ehtiyaclarını ödəyir", - deyə Xeyrullah Xademi vurğulayıb.


Daha əvvəl İranın yollar və şəhərsalma naziri Rostam Qasemi Ermənistanla birgə infrastruktur layihələrinin bölgənin tranzit xəritəsini dəyişdirəcəyini bildirmişdi. O qeyd edib ki, İranla Ermənistanı buirləşdirəcək “Qafqaz dəhlizi” iki ölkənin yol problemini həll edəcək.


Erməni ekspertlər hesab edirlər ki, “Qafqaz dəhlizi” Azərbaycanın gündəmə gətirdiyi "Zəngəzur dəhlizi" adlanan layihənin çəkisini azaldacaq.

Onların iddiasına görə, guya, "Qafqaz dəhlizi" layihəsi gerçəkləşsə, bu, İranın Avropaya yalnız Ermənistan və Gürcüstan əraziləri vasitəsilə çıxışı demək olacaq. Plana görə, “Qafqaz dəhlizi” İran limanlarını Gürcüstan limanları ilə birləşdirməlidir. Eyni zamanda, mallar Hindistan və Çindən İran limanlarına, oradan dəmir yolu/avtomobil yolu ilə - Ermənistan və Gürcüstana aparıla bilər. Gürcüstandan isə konteynerlərdə - Bolqarıstan və Yunanıstan limanlarına yola salına bilər.


İrəvan əmindir ki, bu dəhliz Ermənistan üçün yeni imkanlar açacaq: təchizatı şaxələndirəcək, İran limanlarından sərbəst istifadə edəcək və mühüm tranzit mərkəzinə çevriləcək. Ermənistan ümid edir ki, dəhlizdən Rusiya, Ukrayna, Hindistan və bir sıra digər ölkələr də istifadə edə bilər.

Gorus-Qafan yolunun 21-lik hissəsi Azərbaycandan keçir və İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bu əraziyə öz nəzarətini bərpa etməsi nəticəsində İran yük maşınları yoxlamaya və gömrük rüsumuna cəlb olunub. Bu isə iranlı sürücülər üçün əlavə maliyyə yükü yaratdığından rəsmi Tehranda narazılıqla qarşılanıb.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir