Modern.az

Prezident təqaüdçüləri: 672 bal toplayan tələbənin uğura gedən YOLU

Prezident təqaüdçüləri: 672 bal toplayan tələbənin uğura gedən YOLU

11 Oktyabr 2021, 09:27

Bu il Azərbaycan Respublikasının ali məktəbələrinə qəbul olunan tələbələrdən 102 nəfər Prezident təqaüdünə layiq görülüb.

Onlardan 33 nəfər Bakı Ali Neft Məktəbində təhsil alacaq. Tibb Universitetinə qəbul olunan tələbələrdən 25-i, Bakı Dövlət Universitetində oxuyacaq tələbələrdən isə 15-i Prezident təqaüdçüsüdür.  ADA Universitetindən 12, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 8, Dövlət İdarəçilik Akademiyasından 4, Azərbaycan-Fransız Universitetində (UFAZ) 2, Xüsusi təyinatlı ali məktəbdən 2, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) 1 nəfər gənc Prezident təqaüdçüsü kimi siyahıya düşüb.

Bu tələbələr 210 manat Prezident təqaüdü alacaqlar.

Modern.az saytı bu gündən başlayaraq “Prezident təqaüdçüləri” adlı rubrikaya start verir. Bu rubrikada 2021-2022-ci dərs ilində Prezident təqaüdünə layiq görülmüş I kurs tələbələrini sizə tanıdacağıq.

Beləliklə, rubrikamızın ilk təqdimatını edirik…

Bakı şəhərindəki 36 nömrəli məktəbin məzunu Vətən Məmmədova bu il Prezident təqaüdünə layiq görülən 102 tələbədən biridir.

Vətən ali məktəblərə keçirilən qəbul imtahanlarında 672 bal toplayaraq, ADA Universitetinə qəbul olunub. O, universitetin Hüquq fakültəsində təhsil almağa başlayıb.

Qazandığı uğurun sirrini Modern.az-la bölüşən Vətən Məmmədova deyib ki, son iki ildə  universitetə hazırlaşmaq üçün böyük əmək sərf edib.

“Dərslərimi hazırlayan zaman əlbəttə ki bəzi problemlərlə rastlaşırdım. Bəzi günlər hansısa səbəblərdən oxumaq həvəsi olmurdu. Buna baxmayaraq, həmişə qarşıma qoyduğum məqsədi xatırlayıb, özümü motivasiya etməyi bacarırdım”.

Prezident təqaüdçüsü deyir ki, hazırlıq müddətində ən böyük dəstəyi təbii olaraq ailəsindən görüb:

“Məncə uğura gedən yolda bu, çox önəmli amildir”.

Müsahibimizin sözlərinə görə, qəbul olunduğu universitet tam da xəyal etdiyi kimidir.

“Tələbə olmaq gözəl bir duyğudur. Tələbə yoldaşlarımla yaxşı münasibətim var. Amma təəssüf ki, pandemiya ilə əlaqədar çox vaxt keçirə bilmirik. Hər kəs kimi mənim də uşaqlıqdan sevdiyim peşə var, hüquqşünas olmaq istəmişəm. Nəhayət hüquqşünaslıq ixtisası üzrə təhsil alacaq. Bu isə o deməkdir ki, məqsədimə nail olmuşam. Prezident təqüdünə layiq görüldüyümü biləndə çox xoşbəxt oldum”.


Vətən Məmmədova ali məktəbə hazırlaşan abituriyentlərə tövsiyə edir ki, özləri üçün müəyyən etdikləri hədəfi – məqsədi heç bir an unutmasınlar.  Onun sözlərinə görə, dərslərə ruh yüksəyliyilə qatılmaq, müəllimlərin tapşırıqlarına diqqətlə yanaşmaq, əyləncələrdən uzaq olmaq vacib şərtlərdi: "Abituryent özünü hazırlığa motivasiya etməyi bacarmalıdır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir