Arxiv
11 Oktyabr 2021, 14:42 | DİASPOR
Diaspor fəallarımızdan güləşçilərimizə DƏSTƏK

Norveçin paytaxtı Oslo şəhərində keçirilən güləş üzrə dünya çempionatında diaspor üzvlərimizin Azərbaycan və Türkiyə milli komandalarını dəstəkləməsi Norveç mediasının diqqətini cəlb edib.

 

Modern.az xəbər verir ki, Norveçin milli teleradio şirkətinin (NRK) əməkdaşlarına müsahibəsində “CAN” diaspor təşkilatının sədri Şervin Nəcəfpur bildirib ki, çempionatda möhtəşəm enerji hökm sürür. “Bizim üçün Azərbaycan və ya Türkiyə pəhləvanlarının qalib gəlməsinin heç bir fərqi yoxdur. Çünki biz “bir millət, iki dövlət”i təmsil edirik”.

Azərbaycan diasporunun fəalları ilə birlikdə çempionatı izləyən Türkiyənin Norveçdəki səfiri Fazlı Çorman da NRK-ya müsahibəsində Azərbaycan və Türkiyə güləşçilərinin iştirakını yüksək qiymətləndirib və hər iki yığma komandaya dəstəyini ifadə edib. “Bir millət, iki dövlət”i təmsil etdiyimizdən ölkələrimiz bir-birinə çox yaxındır. Ona görə də bu gecə həm qızıl, həm də gümüş medal qazandıq”, - deyə türkiyəli səfir vurğulayıb. 

 

Qeyd edək ki, dünən başa çatan dünya çempionatında Azərbaycan yığması 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb və komanda hesabında dünya üçüncüsü olub. Rusiya (152) birinci, İran (146) isə ikinci pillədə qərarlaşıb. Beləliklə, komandamız 6 illik fasilədən sonra DÇ-də ilk "3-lük"də qərarlaşıb. Bundan başqa, Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə DÇ-də 4 medal qazanıb ki, bu da rekord nəticədir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv