Arxiv
11 Oktyabr 2021, 23:52 | ANALİTİKA
Paşinyan Putinlə, Şeyx Qareginlə görüşə gedir - TƏHLİL

Moskvada Paşinyan Putinlə, Şeyxülislam Allahşükür Paşazadə II Qareginlə görüşəcək: hər iki görüşün gündəmi regional münasibətlərin qurulmasıdır;


Putin Soçidə Ərdoğanla Cənubi Qafqazın gələcəyini birgə inşa etmək üzərində razılaşdı: “altılıq platforması”nın (bu, hətta “dördlük formatı”nda belə olsa – Türkiy, Rusiya, Azərbaycan və Ermənistan – həyata keçirməyə çalışacaqlar) qurulması, kommunikasiyaların açılması, münasibətlərin normallaşdırılması və s;

Soçi görüşündən sonra Paşinyanın Moskvaya səfəri məhz razılaşmanın icrası ilə bağlı müzakirələrin aparılmasına hesablanıb.

  • 1. Ermənistanın əməkdaşlıq platformasına qoşulması;

  • 2. Zəngəzur dəhlizi də daxil olmaqla kommunikasiyaların bərpasının icra mərhələsinə keçilməsi;

  • 3. Ankara-İrəvan münasibətlərinin normallaşmasında Moskvanın rol oynaması;

  • Putinin Paşinyanla bu məsələlər üzərində müzakirə aparacağı və bunun qərarların verilməsinə təsir edəcəyi istisna deyil.

    Lakin Ankara və Moskvanın Qafqaz planının - əməkdaşlıq platformasının yaradılması – gerçəkləşməsi üçün Azzərbaycan və Ermənistan arasındakı məsələlərin həlli qaçılmazdır:

    - Humanitar məsələlərin həlli: ermənilərin qaytarılması, mina xəritələrinin verilməsi və s;

    - Sərhədlərin delimitasiyası və demarkasiya prosesinin yekunlaşması;

    - Sülh müqaviləsinin imzalanması.

    Bakının mövqeyi bəllidir, Ərdoğan-Putin görüşündə Azərbaycan məsələsinin ayrıca müzakirə edilməsi də Əliyevin şərtlərinin Putinə çatdırıldığı fikrini önə çıxarır.

    Putin-Paşinyan görüşünün gündəmində sülh sazişinə hazırlıq əsas maddələrdən biri ola bilər: bura Moskvada Əliyev-Putin-Paşinyan üçtərəfli görüşünün zamanının və gündəliyinin razılaşdırılması da daxildir;

    İranın Ermənistan üzərindən Qafqaz planına qarşı addımları da prosesin sürətləndirilməsini şərtləndirir. Bunun fonunda Putinin Soçi razılaşmasının icrasını Paşinyana izah edəcəyini deyə bilərik.

    Putin-Paşinyan görüşündən bir gün sonra – 13 oktyabrda Şeyx Allahşükür Paşazadənin Moskvada Rusiya Patriarxı Kirillin vasitəçiliyi ilə ermənilərin katolikosu II Qareginlə görüşəcəyi təsadüfi deyil.

    Şeyxin Qareginlə görüşünün ruslar tərəfindən təşkili iki kontekstdə diqqət çəkir:

    Birincisi, Vatikanın prosesə müdaxiləsinə qarşı hərəkətə keçmək: Qaregin ötən həftə Roma Papası Fransisklə görüşdü və ondan Qarabağ məsələsində dəstək istədi; Moskva Kirilli vasitəçi edərək, dini liderlərin görüşünü təşkil etməklə Vatikanın bölgədə iştirakını məhdudlaşdırır; Moskva üçün bunu şərtləndirən amil Vatikan və Rusiyanın erməni qriqorian kilsəsini ələ almaq uğrunda apardıqları mübarizədir;

    İkincisi, ruslar xalqları sülh sazişinə hazırlamaq prosesini də Qərbin əlinə buraxmaq istəmir və məhz dini liderlər üzərindən daha effektli ola biləcək gediş edirlər.

    Şeyxin Moskvada Qareginlə görüşə getməsi detalı Putin-Paşinyan görüşündə Azərbaycan-Ermənistan sülh sazişinin gündəmin ana maddələrindən biri olacağı ehtimalını daha da gücləndirir.


    Asif Nərimanlı

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv