Arxiv
12 Oktyabr 2021, 14:02 | ZƏNGƏZUR
Ermənistan BOŞALIR - 9 ayda 250 mindən çox erməni ölkəni TƏRK EDİB

İndiki Ermənistan ermənilərin tarixi vətəni deyil və ermənilərin burada əbədi yaşamaq kimi bir niyyətinin olmadığını da deyə bilərik. Ermənistanda əhalinin artmaması və hər il ölkəni tərk edənlərin sayının çoxalması göstərir ki, ermənilər buranı özlərinə Vətən bilmir, tarixi Azərbaycan torpaqlarında bir gün onun sahiblərinin gəlib yerləşəcəyini də anlamamış deyillər.

 

44 günlük Vətən müharibəsindən sonra Ermənistanın məğlubiyyətə düçar olması ermənilərin öz dövlətlərinə olan inamını daha qırdı. Gündən günə ölkədə pisləşən iqtisadi durum, yüksələn vətəndaş narazılığı, regionda bütün inkişafdan geri qalan Ermənistanın ermənilərsiz qalmasına daha da təkan verir. Paşinyan hakimiyyəti insanların ölkədən qaçmasının, demoqrafik vəziyyətin geriləməsinin qarşısını ala bilmir.

 

Bəs Vətən müharibəsindən sonra nə qədər erməni Ermənistandan qaçıb?

 

Bu mövzuda araşdırmalarını Modern.az-la bölüşən ermənişünas alim Qafar Çaxmaqlı düşünür ki, tarixi gedişata görə, indiki Ermənistanda demokrafik durum dəyişəcək, burada əhali azalacaq. Qafar Çaxmaqlı vurğulayıb ki, təsisçisi olduğu İrəvan Türk Cümhuriyyətinin ideyası da məhz buna hesablanıb: 

 

“Əhalimizin öz dədə - baba yurdlarına qayıtmaq şansları olacaq. Bu süni dövlətə də nə vaxtsa son veriləcək.  İndiki demoqrafik durumun ermənilər üçün katastrofik həddə gəlməsi faktları da dönüşümüzün başlanğıcı ola bilər. Əlbəttə, Ermənistan üzərində qazanılan tarixi Zəfər öz rolunu oynadı, bundan sonra aparacağımız siyasət tarpaqlarımıza sahib olmaq ideologiyasını formalaşdıracaq.

 

Ermənistanda indiki demoqrafik durumu təhlil etməyimizdə fayda var. 44 günlük savaşdan sonra Ermənistandan əhalinin kütləvi şəkildə ölkəni tərk etməsi bir gerçəkdir və bunu onların özlərinin yaydıqları informasiyalardan da görmək mümkündür. 2021-ci ilin ilk aylarında koronavirusun yumşaldılmasından sonra bu axın sürətlənib. Ermənistanı tərk edənlər əsasən Rusiyaya üz tuturlar. Ermənistan Miqrasiya Xidmətinin rəisi Armen Qəzaryanın aprel ayında, Rusiyadan Miqrasiya Xidmətinə birinci rübdə neçə Ermənistan vətəndaşının ölkəyə daxil olması ilə bağlı statistikalarını da aldıqlarını demişdi.

 

 

 

Ümumilikdə, 2021 -ci ilin birinci rübündə Ermənistanı tərk edənlərin yarısından çoxunun Rusiyaya işləmək üçün getdiklərini söyləyən Qazaryan bu rəqəmin 127 min insan olduğunu rəsmi rəqəmlərlə çatdırmışdı.
“Rəsmi statiskaya görə, ölkəni tərk edənlərin 72% -i Rusiya Federasiyasına getmiş və Rusiya Federasiyasına getmək üçün müraciət etmiş şəxslərdir. Bu 72% -dən 82% -i Rusiya Federasiyasında (60-70 minə yaxın insan) işləmək və  həmişəlik yaşamaq  məqsədini giriş anketlərində qeyd ediblər” - xidmət rəisi belə demişdi.



Ancaq bu ilin birinci rübündə gələnlərlə gedənlər arasındakı mənfi fərq 2020 -ci ilin eyni dövrü ilə müqayisədə 5 dəfə çoxdur. İndi isə sadə hesablamalara görə, bu say iki dəfə artıb. Demək, rəsmi olaraq, Ermənistanı tərk edənlərin sayı 9 ayda 250 mindən çoxdur. Onun 82 faizi geri dönməmək üçün ölkəni tərk edənlərdir. Bunları illərə yaysaq, belə bir mənzərə alınır: Ermənistanın 2 milyona yaxın əhalisi bir neçə ilə minimum həddə yaxınlaşacaq. 2021-ci ilin hələ başa çatmadığını nəzərə alsaq, Ermənistanda iqtisadi durumun pisləşməsi, gərginliyin davam etməsi fonunda ölkənin boşalması prosesi davam edəcək. Ermənistanda qalıb yaşamaq istəyən və yaxud çarəsizlikdən buranı tərk edə bilməyən əhali ölkədə heç bir gələcək görmür. Ermənistan perspektivsiz ölkə durumundadır və orada hər hansı yatırım və iqtisadi gəlişmə də xəyaldır. Üstəlik Ermənistan hakimiyyətinin özünütəcrid siyasəti də rolunu oynamaqdadır”.

 

Q. Çaxmaqlı ermənilərin daha çox Rusiyaya axın etməsinin səbəbini hakimiyyətin viza ilə bağlı süni əngəllər yaratmasında görür:

 

 

 

 

“Başqa xarici ölkələrə getmək istəyənlər də tapılır. Amma viza ilə bağlı hakimiyyətin tətbiq etdiyi əngəlləri aşmaq çox çətindir. Ermənistan dövlət orqanları süni əngəllər yaradırlar. Amma bunun da təsiri az olur.

 

Qarabağı tərk edən ermənilər də eyni durumdadırlar. Onların bir hissəsi artıq xarici ölkələrdədir. Ermənistanın onları yerləşdirmək və barındırmaq imkanı olmadığını bildiklərindən bu ölkədən çıxmağa yol axtarırlar. Həm də Qarabağdan gələn insanlar Ermənistanda çox da xoş qarşılanmır. Bəziləri isə məcburiyyət qarşısında qalıb, geri dönmək qərarı verir. Rusiya sülhməramlılarının geri gətirdikləri əhalinin 90 faizi çarəsizlər və Ermənistanda özlərinə yer edə bilməyənlərdir.

 

Onların da bir çoxlarında Azərbaycan vətəndaşlığını qəbul etmək fikri yaranıb və bunu açıq şəkildə dilə gətirirlər. Bu insanların ayrı çarəsinin olmadığı da deyilməlidir. Ya bu bölgəni tərk etməlidirlər, ya da Azərbaycan qanunlarını qəbul edib yaşamalıdırlar. Biz Ermənistana “nəfəs almaq” üçün imkanlar tanımışıq. Komunikasiya xətlərinin açılması, “3+3 formatı” təklif olunub. Amma şovinizm ideolojisi ilə yüklü olan Ermənistan və onun cəmiyyəti bunu hələ ki, qəbul etmir. Ölkə isə boşalır, heç bir resursu olmayan Ermənistan əhalisinin nə sosial, nə iqtisadi, nə də mənəvi ehtiyaclarını təmin edəcək gücdə deyil. Ölkəni insanların tərk etmə səbəbi də budur”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv