Arxiv
13 Oktyabr 2021, 17:09 | MƏDƏNİYYƏT
Uşaqlıqda qatarları sayan dəmiryolçu ilə MÜSAHİBƏ: "Dəqiq işləmək lazımdır"

Bu gün dəmiryolçuların peşə bayramıdır. Prezident İlham Əliyevin 2005-ci il 5 oktyabr tarixli sərəncamı ilə hər il oktyabrın 13-ü ölkəmizdə dəmiryolçuların peşə bayramı günü kimi qeyd edilir. Azərbaycanda dəmir yolunun tarixinə nəzər salsaq, görərik ki, o 1880-ci ildə uzunluğu cəmi 20 kilometr olan Bakı-Suraxanı-Sabunçu dəmir yolunun istifadəyə verilməsi ilə fəaliyyətə başlayıb. Həmin tarixi dövrdən başlayaraq, 135 il ərzində Azərbaycan dəmir yolları inkişaf edib, təkmilləşib və hazırda həyata keçirilən bir sıra beynəlxalq nəqliyyat dəhlizləri layihələrinin iştirakçısına çevirilib.

 

Qocaman dəmiryolçu, Stansiyaların idarə edilməsi xidmətinin rəis müavini Teyyub Rüstəmov dəmiryolçu olmaq arzusu, bu sahəninin çətinliyi ilə bağlı fikirlərini peşə bayramında Modern.az-la bölüşüb:

 

- Teyyub müəllim, neçə ildir bu sahədə çalışırsınız?

 

- 1991-ci ildən çalışıram, tam 30 ildir ki, ömrümü bu sahəyə vermişəm.  Stansiyaların idarə edilməsi xidmətinin rəis müaviniyəm.

 

 

- Bu sahəyə maraq sizdə uşaqlıqdan olub? Necə qərar verdiz dəmiryolçu olmağa?

 

 

- Mən özüm Şərurluyam. Kəndimizdən dəmir yolu görünürdü, Azərbaycandan Ermənistana keçən vaqonları görürdüm. O vaxtdan dəmir yoluna sevgim-sayğım var idi. Həmişə vaqonları sayırdım, sayları indi də yadımdadır, ya 56, ya 57 olurdu. Dəmiryolçuların, maşinistlərin formasını çox sevirdim. Əldə tutulan qara çantalarla gəzirdilər. O görüntü  mənə xoş təəssürat bağışlayırdı. Bu hisslər adamı dəmiryolçu olmağa sövq edirdi. İllər keçdi və Leninqrada Dəmiryolu Mühəndisliyi Universitetində ali təhsil almağa getdim.

 

 

- Hər sahənin özünün müəyyən çətinlikləri olur. Bəs, dəmir yolunun hansı çətinlikləri var?

 

 

- Dəmir yolunda hər şey millimetrlə ölçülür. Vaqonun, lokomotivin detallarının  yeyilməsi, istismarı millimetrlədir. İstənilən qurğuda millimetr belə olsun yeyilmə olarsa, qurğular üst-üstə düşər və təhlükəli hallar baş verər. Dəqiq işləmək lazımdır, göstərişlər düzgün yerinə yetirilməlidir. Qurğuları hər zaman saz vəziyyətdə saxlamaq lazımdır ki, heç bir çətinliklə üzləşməyək.

 

 

- Hazırda bu sahəyə olan münasibətdən, diqqət və qayğıdan razısınızmı?

 

 

- Hazırkı diqqətdən razıyam. Cavid Qurbanov tərəfindən dəmir yoluna edilən rəhbərlik yüksək səviyyədədir. Sözdə yox, işdə və cəmiyyətdə bu öz əksini tapır. İnkişaf etmiş  Avropa ölkələrinin istifadə etdiyi qatarların idarə olunması sahəsindəki qurğulardan istifadə edirik. Kompüterlə qatarların idarə olunmasını həyata keçiririk, bu böyük nəaliyyətdir. 293 km sahədə mikroprosessor mərkəzləşməsi qurğuları quraşdırılıb. Dəmir yolu inkişaf edir və çox şadam ki, bu inkişafda rolum var. Verilən dəyərdən, diqqətdən çox razıyam. İnkişafın uğurla davam etməsi onu göstərir ki, yaxın bir neçə ildə Avropanın inkişaf etmiş dəmiryolu ölkələri ilə eyni səviyyəyə gəlib çıxacağıq.

 

 

- Bu sahədə hansı yeniliklərin tətbiq edilməsini, hansı dəyişikliklərin həyata keçirilməsini arzulayırsınız?

 

 

- Arzulayardım ki,  mikroprosessor mərkəzləşməsi qurğuları istismar uzunluğu 3000 km olan yolda quraşdırılsın. Müəyyən yerlərdə dəyişən cərəyanla işləyirik, hər yerdə dəyişən cərəyanla işləsək çox yaxşı olar. Sabit cərəyanda itkilər çox olur, ancaq dəyişən cərəyanda az olur. Qonşu ölkə olan Gürcüstanda dəyişən cərəyan yoxdur, Rusiyada az saydadır. Zamanın tələblərinə uyğun irəliləyirik. Ümid edirəm və inanıram ki, rəhbərliyin idarəetməsilə bizdə də hər şey yüksək səviyyəyə çatacaq, çünki çalışmalarımız məhz bu istiqamətdədir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv