Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə “Şəhidlər ölməz – Vətən bölünməz!” tədbirlər silsiləsi çərçivəsində növbəti anım mərasimi keçirilib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Şəhid Səxavət Abbasovun xatirəsinə həsr olunan mərasimdə şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Anım mərasimində çıxış edənlər şəhidin şərəfli döyüş yolundan danışıblar. Şəhid Səxavət Abbasova həsr olunmuş videoçarx nümayiş etdirilib.
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya, eləcə də övladlarının xatirəsi uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

 

Sonda şəhidin bir vaxtlar təhsil aldığı Xırdalan şəhərindəki 1 nömrəli orta məktəbin şagirdləri Vətənə, qəhrəmanlığa aid şerlər söyləyiblər. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyi tərənnüm edən musiqilər ifa ediblər.