Modern.az

Mətbuat katibləri: Jurnalistlər Cəsarət Valehovun işindən razıdılar, narazı? - Təkliflər, iradlar…

Mətbuat katibləri: Jurnalistlər Cəsarət Valehovun işindən razıdılar, narazı? - Təkliflər, iradlar…

Media

14 Oktyabr 2021, 11:28

Modern.az saytının “Mətbuat katibləri” rubrikasında jurnalist həmkarlarımız məlumat əldə etmək üçün tez-tez müraciət etdikləri, sorğu göndərdikləri nazirliklərin, komitələrin və digər dövlət qurumlarının sözçülərinin fəaliyyətinə qiymət verirlər.


Bu rubrikada qələm əhli tərif və tənqidlərlə yanaşı, mətbuat katiblərinə öz təkliflərini də ünvanlaya bilər. Biz isə sonda jurnalistikanın etik qaydalarına uyğun olaraq haqqında bəhs edilən mətbuat katiblərinin cavabını işıqlandıracağıq.


Təhsil hər zaman aktual mövzulardan olub. Hazırda da bu sahəyə aid cavabsız suallar çoxdur. Elə buradan da yola çıxaraq, jurnalistlərdən Təhsil Nazirlyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun fəaliyyətinə qiymət verməyi xahiş etdik.


KİV nümayəndələri Cəsarət Valehovla işləyə bilirlərmi? Onun fəaliyyətindən razıdırlarmı?


AzEdu.az saytının baş redaktoru Elmin Nuri:

 

- Bəziləri Cəsarət müəllimi yalnız Təhsil Nazirliyinin mətbuatla iş üzrə sektorunun müdiri kimi tanıyır. Lakin o, fəlsəfə doktorudur, ali məktəb müəllimidir, o cümlədən təhsil nəzəriyyəsi ilə bağlı kitabın müəllifidir. Təhsilin təbliği, onun kütləviləşdirilməsi, cəmiyyətdə sevilməsi uğrunda addımları danılmazdır. Sizi əmin edirəm ki, Cəsarət Valehov bir gün hazırki işindən ayrılsa, hansı sahədə çalışmasından asılı olmayaraq, yenə də özünü təhsilə həsr edəcək. Mən başqa Cəsarət Valehov tanımıram.


Mətbuatla işindən razı qaldığım ən vacib detal budur: o, mətbuat vasitəsilə, bəzən birbaşa, bəzən isə bilavasitə təhsil fenomenin təbliğinə çalışır. Digər müsbət məqam isə zəruri informasiyaları özünün sosial şəbəkə hesablarında əks etdirməsidir. Bəzən anons olaraq, bir neçə dəqiqədən sonra hansısa problem, yenilik barəsində məlumat veriləcəyini deyir, bəzən birbaşa olaraq informasiyanı ictimaiyyətə çatdırır.

 

“Yeni Müsavat” qəzetinin əməkdaşı  Nigar Həsənli:


- Cəsarət Valehov işlədiyi sahəyə bələd olan azsaylı mətbuat katiblərindəndir. Bu xüsusiyyət mətbuat katibi üçün üstünlükdür. Tez-tez rastlaşdığımız mənfi hallardan biri budur ki, məşhur aparıcı mətbuat katibi postuna gətirilir. Lakin müvafiq sahəyə bələd olmaması jurnalistlərlə müəyyən anlaşmazlıqlara gətirib çıxarır. Hesab edirəm ki, görünüş, nitq mədəniyyəti mətbuat katibi olmaq üçün kifayət deyil. Cəsarət Valehova gəldikdə, mətbuat katibi kimi onun işindən razıyam. Cəsarət Valehov həm də bacarıqlı rəhbərdir. Həmkarlarım da mənimlə razılaşar ki, onun komandasında çalışan Billurə Hacızadə, Fərizə Məmmədzadə bizim Təhsil Nazirliyi ilə əlaqələrimizdə əvəzsiz rol oynayırlar. İşlərinə və bizə məsuliyyətlə yanaşdıqları üçün onlara sizin vasitənizlə də  minnətdarlığımı bildirirəm.

 

News24.az saytının əməkdaşı Məhərrəm Əliyev:


- Gəlin, öncə Cəsarət müəllimin müsbət tərəflərindən danışaq. Cəsarət müəllimdə insana xoş təsir bağışlayan əsas nüans simasının daim gülərüz olmasıdır. Onu çox sayda qaşqabaqlı mətbuat katiblərindən fərqləndirən əsas cəhət budur. Bundan əlavə, həmkarları ilə söhbətdə zarafatlarından qalmır. Bu, məncə, jurnalistlərə xoş təsir bağışlayır. Əvvəl sorğu üçün ona zəng etdiyimizdə harasa tələsdiyini deyirdi. Son zamanlar zənglərimizə cavab verir. Cavabı qənaətbəxş olmasa da, dinləyir.


Modern.az-ın saytının əməkdaşı Aysel Aslan:


- Emin Əmrullayevin təhsil naziri təyin olunduğu gündən mətbuata necə açıq olması, istər brifinqlərdə, istərsə də jurnalistlərlə onlayn görüşlərdə, ya da Facebook üzərindən etdiyi canlı yayımlarda sadə, anlaşılan şəkildə bütün sualları cavablandırması yəqin ki, heç kimin nəzərindən qaçmayıb. Amma eyni mənzərəni təəssüf ki, nazirliyin mətbuat xidmətinin işində görə bilmirik. Mən öz adıma deyə bilərəm ki, nazirliyin mətbuat xidmətinin operativliyi çox az yadıma gəlir. Mətbuat katibi Cəsarət Valehov zənglərimizə cavab verir, amma çox zaman hansısa vacib məsələ haqqında belə ötəri informasiya bildirməklə kifayətlənir.


Axar.az saytının əməkdaşı Zeynəb Əkbər:


- Cəsarət Valehov çox vaxt telefona cavab verir. Məlumatı olanda sualı cavablandırır. Məlumatı olmadıqda araşdırıb geri dönüş edəcəm deyir, lakin  geri dönüş etmir və təkrar zəngi açmır.


Bəs Nazirliyin mətbuat xidmətinin fəaliyyəti ilə əlaqədar hansı iradlar var?

 

AzEdu.az saytının baş redaktoru Elmin Nuri:

- Cəsarət Valehovun rəhbərlik etdiyi sektorun iş yükü həqiqətən çox ağırdır. Həm o, həm də sektorda çalışan digər əməkdaşlar, baş mütəxəssis və mütəxəssislər gərgin iş qrafikinə baxmayaraq, media ilə iş mexanizminin zəifləməməsi üçün əllərindən gələni edirlər. Bir təhsil portalı olaraq, biz bunu daha yaxından hiss edirik. Amma yenə də bəzi şikayətlərin zamanında cavablandırılması çox yaxşı olardı. Bu proses gecikdikcə, qarşı tərəf özünü yanlış da olsa, haqlı hesab edəcək.

 

“Yeni Müsavat” qəzetinin əməkdaşı  Nigar Həsənli:

- Bəzən işinin çoxluğu ilə əlaqədar sorğulara cavabı gecikir, yaxud daha az əhatəli cavab verilir. Bu halda belə, əlavə suallara rahatlıqla cavab ala bilirik. Mən özüm də ictimaiyyətlə əlaqələr sektorunda işləmişəm. Bəzən aktual məsələ və ya hadisə ilə bağlı təcili açıqlamaya ehtiyac duyulur. Hər iki tərəfə rahat olsun deyə mətbuat şöbəsi bir qədər gec olsa da, açıqlamanı hazırlayır və hər kəsə eyni anda göndərir. Bu kimi halları nəzərə almasaq, məncə,Təhsil Nazirliyində kommunikasiya düzgün qurulub.


News24.az saytının əməkdaşı Məhərrəm Əliyev:

- Cəsarət Valehovun  sevmədiyim xüsusiyyəti sorğulara qısa, konkret, bir az sərt desək, candərdi cavab verməsidir. Çox vaxt da sorğunu yazılı göndərməyimizi istəyir. Bu, neqativ haldır. Operativlik itdiyi üçün jurnalist məsələni işıqlandırmaqda gecikir. Bəzən kinayəli cavablar da verir. Belə olmalı deyil. Bir də bu yaxınlarda gec saatda önəmli məsələ üçün əlaqə saxlamağa çalışsam da, mənə saata baxmalı olduğumu xatırlatdılar. Halbuki, gec saatda əlaqə saxladığım üçün üzr istəyəcəkdim. Ancaq reallığa qalsa, bunu etməməliyəm. Təsəvvür edin, bir məktəbdə şagird intihar edib, cinayət və ya zorakılıq törədib. Biz gözləməliyik ki, iş günü deyil və ya gec saatdır deyə 1 gün sonra nazirlik məsələyə münasibət bildirəcək? Axı mətbuat katibləri də növbəli işləməlidir, fövqəl hadisələr ola bilər.


Modern.az sayt
ının əməkdaşı Aysel Aslan:

- Təhsil Nazirliyindən əldə etmək istədiyimiz məlumatlar çox zaman ümumi statistik rəqəmlər, təhsil müəssisələri haqqında informasiyalar olur. Məsələn, müəllimlərin, şagirdlərin, tələbələrin sayı, onların müxtəlif kateqoriyalara görə bölgü nisbəti və s. kimi məlumatları məqalələrimizdə istifadə etmək üçün Nazirlikdən dəqiqləşdiririk. Di gəl ki, nazirlik həmin statistikanı ya ümumiyyətlə dəqiq bilmir, ya da aydınlaşdırmaq üçün günlərlə vaxt istəyir. Belə bir məqamda sual ortaya çıxır: tutaq ki, Azərbaycanda nə qədər tələbənin Bakıda, nə qədərinin regionlarda təhsil aldığını bilməyən bir nazirlik, ölkədə təhsilin keyfiyyətinə necə nəzarət edə bilər? Mən vurğuladığım passivlik Təhsil Nazirliyinin hələ təkcə media ilə əlaqələrinə aiddir. Düşünün ki, bu işdə böyük bir təhsil cəmiyyətinin sualları, şikayətləri, müraciətləri var. Jurnalistlərin 3-5 sualını cavablandırmaq üçün günlərlə vaxt istəyən Təhsil Nazirliyi yüzminlərlə vətəndaşın müraciəti olanda hansı çətinliyi çəkir - onu deyə bilmirəm.


Axar.az saytının əməkdaşı Zeynəb Əkbər:

- İradım geri dönüşün olmamasıdır. Bəzən suallar araşdırılmır və ya geniş şəkildə məlumat verilmir.

 


Əməkdaşlığı genişləndirmək üçün təkliflər nədən ibarətdir?


 

AzEdu.az saytının baş redaktoru Elmin Nuri:

 

- Düşünmürəm ki, Cəsarət Valehov və komandasının şəxsən mən tərəfdən səsləndirilən təkliflərə ehtiyacı olsun. Lakin əlimə fürsət düşmüşkən, bir neçə təkliflər çıxış etmək istərdim. Sosial şəbəkə üzərindən nazirliyin rəsmi səhifəsində jurnalistlər üçün ayda iki dəfə peşəkakarlıq meyarlarının artırılması üçün vebinarların keçirilməsi. (AzEdu Təhsil Portalı və Təhsil Jurnalistləri Birliyi olaraq bu işdə əlimizdən gələn dəstəyi etməyə hazırıq)
Təhsil mövzularını işıqlandıran müxbirlər və birbaşa təhsil jurnalistləri ilə  mümkün olarsa, iki-iki, üç-üç görüşlər keçirilsin, onlarla çağdaş təhsil problemləri ilə yanaşı, təhsil-media əlaqələri müzakirə edilsin və təkliflər mediada işıqlandırılsın. Şəxsən Cəsarət müəllimin özü isə əgər işlədiyi qurumun rəsmi icazəsi olarsa, həm də böyük televiziyaya qayıtsın. Bu gün "Açıq dərs"lərə daha çox ehtiyac var. Bildiyim bir şey var: o, təhsilin sevilməsi üçün çox və daha çox işlər görmək istəyir və inanırıq ki, bunların hamısına nail də olacaq.

 

“Yeni Müsavat” qəzetinin əməkdaşı  Nigar Həsənli:

- Təhsil çox böyük sahədir. Uşaqlar, yeniyetmələr, gənclər, onlara dərs deyən minlərlə müəllim, tədris proqramı, dərsliklər və başqa məqamları nəzərə alsaq, problemlər həddən artıq çoxdur. Təhsildə müəyyən ənənələrə sadiq qalmaqla  yenilikləri tətbiq etmək asan deyil. Bəzi məsələlərdə mühafizəkar toplum olmağımız ciddi nöqsanların yaranmasına gətirib çıxarır. Detallara varmadan, kiçik misal çəkim. Əgər bir məktəbdə qanunazidd hal varsa və buna məsul şəxslər bu nöqsanları ört-basdır edirlərsə, nöqsanlar böyüyür və kütləvi problemlərə gətirib çıxarır. Təhsil naziri Emin Əmrullayevin dediyi kimi, təhsil ictimai işdir. Həm valideyn, həm şagird yaxud tələbə, həm də müəllimlər prosesə məsuliyyətlə yanaşmalı, problemləri birgə həll etməyə səy göstərməlidir deyə, düşünürəm.


News24.az saytının əməkdaşı Məhərrəm Əliyev:


- Hər hansı təklifim yoxdur.


Modern.az sayt
ının əməkdaşı Aysel Aslan:

- Təhsil Nazirliyinə ünvanlanan sorğularımın həmin gün cavablandırıldığını heç vaxt görməmişəm. Nazirliyin və ya mətbuat xidmətinin fəaliyyətini tənqid edən hər hansı kiçik bir sosial şəbəkə statusuna belə mətbuat xidməti dərhal reaksiya verir. Eyni operativliyi sorğuların cavablandırılmasında da görə bilsəydik, çox yaxşı olardı.


Axar.az saytının əməkdaşı Zeynəb Əkbər:

- Mətbuatın sualını cavabsız qoymasın ki, dezinformasiyanın qarşısı alınsın. Medianın e-mail üzərindən yazıb göndərdiyi sualları 24 saat ərzində cavablandırsınlar, bir həftədən sonra yox.


Cavab haqqı



Beləliklə, jurnalistlər Təhsil Nazirliyinin mətbuat katibinin fəaliyyətinə özlərinə məxsus şəkildə qiymət verdilər, təklif və iradlarını səsləndirdilər.


Cəsarət Valehovun
haqqında deyilən fikirlərə münasibəti necədir?


Gəlin, onu dinləyək:

- Əziz həmkarlar, media ilə əlaqə bizim gündəlik fəaliyyətimizdir. Bu fəaliyyətin mühüm həlqəsi media nümayəndələridir. Biz daim çalışırıq ki, media ilə bərabər şərtlərlə üfüqi müstəvidə işləyək. Bununla bağlı daimi təşkil etdiyimiz press-brifinqlər, mediaturlar, birgə görüşlər çox əhəmiyyətlidir. Doğrudur son il yarımda pandemiya müəyyən çətinlik yaratsa da, ancaq uyğun əməkdaşlıq yollarını daim axtarmışıq. Bəzən media nümayəndələri bizdən xəbərlə bağlı sorğuya cavabı telefonla istəyirlər. Ancaq çox az istisnalarla bu mümkün olur. Çünki bəzən şifahi cavablandırılan cavablar dəyişdirilmiş formatda təqdim olunur. Buna görə də biz yazılı sorğu xahiş edirik. Bilirik ki, bu bir çox halda jurnalistlərin xoşuna gəlmir. Onu da bilirik ki, sorğuların cavablandırılması işini daha da təkmilləşdirməliyik. Həm sürət, həm də məzmun baxımından. Mediaya bir daha uğurlar və əla əməkdaşlıq ovqatı arzulayıram!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər