Arxiv
15 Oktyabr 2021, 12:11 | İQTİSADİYYAT
Deputatdan taxılın idxaldan asılılığına ETİRAZ

“Torpaqlar işğaldan azad olunandan sonra Dövlət Ehtiyatları Agentliyinin yaradılması, taxıl ehtiyatları ilə bağlı qanuna dəyişiklik strateji əhəmiyyət daşıyır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Əli Məsimli deyib.

 

Deputat bildirib ki, işğala qədər Qarabağ kənd təsərrüfatına böyük töhfələr verirdi:

 

“Azərbaycanda Taxıl Fondunun yaradılmasının strateji əhəmiyyəti getdikcə artır. Azərbaycan öz taxıl istehsalını 4 milyon tona qaldıra bilər. Buna nail ola bilsək, idxaldan asılılığı azalda bilərik. Biz işğaldan azad olunmuş torpaqlarda da taxıl istehsalına yanaşmanın necə olacağına qərar verməliyik.  Azərbaycanda 50-dən artıq taxıl sortu yetişdirilir. Milyonlarla manat vəsait ayrılır. Bu, süni surətdə yaradılmış maneədir ki, biz xaricdən taxıl gətirək?! Bu, Azərbaycandakı taxılın keyfiyyətinin aşağı olması ilə bağlıdır, ya yox? Buna aydınlıq gətirilməlidir. Əgər bizdə taxılın keyfiyyəti aşağıdırsa, işğaldan azad olunmuş yerlərdə bunu etməməliyik. İdxala sərf olunan vəsaitin az bir hissəsini Azərbaycanda fermerlərin dəstəklənməsi, Azərbaycanda toxumçuluğun inkişafına sərf etsək, nəticə əldə edə bilərdik. Amma idxala meylli olanlar olduğu görünür. İdxala ayrılan maliyyədən Taxıl Fonduna daha çox öz taxılımızın cəlb edilməsi istiqamətində hökumət təsirli tədbirlər görməlidir”.

 

Sahibə Qafarova isə qeyd edib ki, dinləməni bir sual üzərində qurmuruq: “Ancaq mövzu olsa, dinləməni keçirə bilərik”.

 

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev isə qeyd edib ki, müvafiq komitələrlə birlikdə ilin yekununda Kənd Təsərrüfatı Nazirliyi ilə dinləmə keçirməyi nəzərdə tutmuşuq:

“Əli Məsimlinin dediklərində həqiqət var. Son 2 ildə Azərbaycanda taxıl istehsalı azalıb. İşğaldan azad olunmuş ərazilərin bərpasından sonra ölkədə taxılçılığın inkişafına çox böyük diqqət yetiriləcək”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv