Arxiv
15 Oktyabr 2021, 13:38 | PARLAMENT
“Vəzifəyə düzəldib qeyri-şəffaf yolla varlanmağa nail olmaq daha asandır”

Parlamentde peşə təhsili ilə bağlı məsələlər müzakirə olunur.

 

Modern.az xəbər verir ki, deputatlar rəy və təkliflərini səsləndirir. Fazil Mustafa bildirib ki, Azərbaycanda ali təhsil fobiyası, hamının diplom alma yarışı gedir:

 

"Bu mütərəqqi dəyişikliklər bu fobiyanın qarşısının alınmasına kömək edə bilər Peşə təhsilində təhsil alan insanların ali məktəbə daxil olmaq imkanı qazanması yaxşı olacaq. Onlar peşə təhsilində ciddi ixtisasa yiyələnməlidir. Bu, ali məktəbə qəbulun asanlaşması deməkdir. Ümumiyyətlə, ali məktəbə qəbulu asanlaşdırmalıyıq. Ali məktəbə girişdə problem olmamalıdır. Çünki onsuz da bizim insanların ticari zəkası çox inkişaf edir. Onlar Ukraynada, Türkiyədə oxuyub, gəlib başqa yollarla diplomu Azərbaycanda tanıda bilirlər”.

 

Deputat Razi Nurullayev isə qeyd edib ki, bir neçə ay əvvəl Türkiyə tərəfinin dəstəyi ilə Azərbaycanda iki yeni peşə təhsil müəssisəsinin yaradılması barədə sənədi qəbul etdik:

 

“Bilirik ki, diplomu olmaq yaxşı mütəxəssis olmaq anlamına gəlmir. Təəssüf edirəm ki, valideynlər də övladlarına peşə vermək əvəzinə daha çox diplom vermək istəyirlər. Bir sözlə deyim ki, diplomlu adamı vəzifəyə düzəldib qeyri-şəffaf yolla varlanmasına nail olmaq daha asandır”.

 

Deputat qeyd edib ki, oxumayan şagirdin 11-ci sinfi bitirməsinə ehtiyac yoxdur:

 

“Niyə dövlət o xərci çəkməlidir? Attestat alır. Nə olsun? Nə peşəsi var, nə ali məktəbə daxil ola bilir, nə də iş qurmaq üçün bacarığı var. Təəssüf ki, məktəblərin də mütləq əksəriyyətində nə bacarıq, nə də təcrübə öyrədilir. Bir səbəb də bizdə şagird başına ayrılan dövlət vəsaitinin xeyli az olmasıdır”.

 

Deputat təklif edib ki, ilk olaraq təhsil sahəsinə ayrılan büdcə vəsaiti ən azı 3-4 dəfə çoxaldılmalıdır:

 

“Təhsilə qoyulan investisiya batmır, qoyulan xərcdən bir neçə dəfə artıq şəkildə qayıdır. Ən vacib məsələlərdən biri peşə təhsilidir. Yanımıza gələn yüzlərlə şikayətçilər də iş tələb edir. Soruşursan ki, nə bacarırsan, nə iş istəyirsən, deyir ki, nə olsa! Nə peşəsi var, nə də öyrəndiyi sahə. Bu boşluğu doldurmaq və ölkəmizdə olan kadr çatışmazılığını aradan qaldırmaq üçün ən azı 50-60 yeni peşə məktəbinin açılmasına ehtiyac var. Bu, minimaldır”.

 

Deputat qeyd edib ki, Türkiyə dövləti ilə bağladığımız əməkdaşlıq protokolunu digər ölkələrlə də bağlaya bilərik:

 

“Türkiyə ilə iki yox, özümüz bütün xərcləri ödəmək şərtilə daha 10 peşə məktəbi yarada bilərik. Vəsait lazımdır, o da var. 450 milyona bank binası tikmək yerinə 30-40 ədəd peşə məktəbi tikmək, təmir etmək və ən çoxu 2 il ərzində 30 min vətəndaşa peşə təhsili vermək olardı. Biz Belarus, Özbəkistan, Qazaxıstan, Polşa, Macarıstan, Bolqarıstan, Yaponiya, İtaliya, Malayziya və digər ölkələrlə bunu edə bilərik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv