Arxiv
15 Oktyabr 2021, 14:34 | ZƏNGƏZUR
Rusiya ermənilərin özbaşınalığı ilə bağlı ADDIM ATMALIDIR

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri terror aktlarını davam etdirir. Ermənilərə məxsus PUA-nın ordumuz tərəfindən ələ keçirilməsindən sonra oktyabrın 14-də saat qanunsuz erməni silahlı dəstələrinin açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.

Bu cür təxribatların xüsusilə sülhməramlıların müvəqəti nəzarət etdiyi ərazilərdən Azərbaycana qarşı yönəlməsi cəmiyyətdə narahatlıq yaradıb. Mətbuatda və sosial şəbəkələrdə çıxış edən ekspertlər Rusiya tərəfindən dərhal addım atılmasını tələb olaraq irəli sürür, Qarabağda yaradılmış birgə monitorinq qrupunun fəaliyyətsizliyə son verməli olduğunu bildirirlər.

 

Bununla bağlı Modern.az-a danışan politoloq Zərdüşt Əlizadə də bildirib ki, sülhməramlıların nəzarət etdiyi hissədə ermənilərin özbaşınalığı ilə bağlı Rusiya tərəfi addım atmalıdır:

 

“Azərbaycanın bununla bağlı Rusiya rəhbərliyinə müraciət etmək, addım atılmasını tələb etmək haqqı var. Həmin ərazilərdə hüquqi, əməli, hərbi nəzarət Rusiyanın öhdəliyindədir. Rusiya hakimiyyəti göndərdiyi sülhməramlılara əmr verməli, onlar isə ermənilərlə bağlı tədbir görməlidir. Bizdən asılı heç nə yoxdur".

Z. Əlizadə vurğulayıb ki, Qarabağda fəaliyyət göstərən monitorinq qrupunun sadəcə müşahidə aparmaq səlahiyyəti var:

 

“Onlar gördüklərini öz komandanlıqlarına məruzə edirlər. Türk tərəfi Türkiyə komandanlığına, ruslar isə Rusiya komandanlığına vəziyyət barədə məlumat verirlər. Monitorinq qrupu addım atmalı deyil. Qeyd etdiyim kimi, ermənilərin qarşısının alınması, vəziyyətə nəzarət olunması tapşırığını Rusiya rəhbərliyi sülhməramlılara verməlidir”.

 

Ehtiyyatda olan polkovnik Şair Ramaldanovun sözlərinə görə, pilotsuz uçan aparatlar yalnız həmin ərazilərdə fəaliyyət göstərən monitorinq qrupunun icazəsi ilə qaldırıla bilər:

 

“Əks halda PUA-ların havaya qaldırılması, Azərbaycan Ordusunun nəzarətində olan hissələrə ötürülməsi tamamilə qanunsuzdur. Həmin aparatlar dərhal ordumuz tərəfindən ələ keçirilir, zərərsizləşdirilir. Azərbaycan əsgərləri sülhməramlılara yaxın yaxın hissələrdə ayıq-sayıqlığı yüksək səviyyədə saxlayır. Orada baş verən hər hansı qanunsuz fəaliyyətin ordumuzun bölmələri tərəfindən dərhal qarşısı alınır.

 

Ermənilərin son dəfə havaya qaldırdığı pilotsuz uçan aparat elə böyük imkanlara malik deyil. Lakin buna baxmayaraq, ərazilərimizdə qanunsuz yerləşən erməni birləşmələrinin fəaliyyəti dərhal dayandırılmalıdır. Birinci hal deyil və hesab edirəm ki, ermənilərin təxribatları ilə bağlı sülhməramlılar hərəkətə keçməlidir”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv