Modern.az

18 Oktyabrın QƏLƏBƏ QOXUSU: 30 ildə ilk dəfə...

18 Oktyabrın QƏLƏBƏ QOXUSU: 30 ildə ilk dəfə...

17 Oktyabr 2021, 14:22

18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində arzusuna qovuşdu. 70 il çəkən sovet hakimiyyətindən sonra Azərbaycan ittifaqın dağılması nəticəsində ikinci dəfə öz taleyini təyin etmək şansı qazandı və 1991-ci ilin məhz bu günün müstəqilliyini elan etdi. Beləliklə, cəmi 30 il sonra bütün Qafqazın ən güclü ölkəsinə çevriləcək dövlətimizin yüksəliş dövrünün təməli qoyuldu.


Bu inkişaf həm də XX əsr Azərbaycan siyasi tarixində ikinci qələbə idi. Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi. Həmin ilin 18 oktyabr tarixli sessiyasında isə “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” 6 fəsil, 32 maddədən ibarət olan Kostitusiya Aktı yekdilliklə qəbul edildi. Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir.


Bundan sonra Azərbaycan dünyanın nəhəng dövlətlərilə ikitərəfli, bərabərhüquqlu və diplomatik münasibətlər yaratmağa başladı, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatına üzv oldu. İndi Azərbaycanın səsi Avropa Şurasının, BMT-nin zirvə toplantılarından, yüksək tribunalarından eşidilir. Müstəqilliyimiz, iqtisadiyyatımız, güclü ordumuz, müstəqil dövlət siyasətimiz nəticəsində itirdiklərimizi geri ala bildik.


İndi qeyd etdiyimiz 30-cu il sıradan bayramlara bənzəmir. Çünki bu il Müstəqil Azərbaycan həm də qalib Azərbaycan olaraq, dünya siyasətinə öz adını qızıl hərflərlə yazdırıb. 2020-ci ilin bu günü Vətən Müharibəsinin davam etdiyi bir vaxtda bayram əhval-ruhiyyəsi olmadığı halda bu il xalqımız bu Vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərimizi anaraq, qələbə hissi ilə bayramı qeyd edir.

Müstəqillik dövrünün ən böyük uğurlarından biri Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılmasıdır.


Bu haqda fikirlərini bölüşən Milli Məclisin deputatı, Rauf Əliyev düşünür ki, ölkə başçısının siyasi iradəsi nəticəsində daha da güclənən Azərbaycan sosial dövlətə çevrilib. Nəticədə insanlarımız rifah içində yaşayır və onların rahat yaşaması üçün hər cür şərait və imkanlar mövcuddur. Biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik:


“Müstəqillik dövrünün ən böyük, tarixi uğuru isə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində əldə olunan tarixi Zəfər nəticəsində torpaqlarımızın düşmən işğalından azad edilməsidir.


Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən naliyyətlərin bir hədəfi var idi - işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayraqlarımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü və qəhrəmanlığı nəticəsində Zəfərlə sona çatdı.
Vətən müharibəsindən sonra ölkəmizin qədəm qoyduğu yeni inkişaf mərhələsində, həmçinin dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması zərurəti yarandı”.


Rauf Əliyev yeni qanunla 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması məsələsinə də toxunub. Deputat vurğulayıb ki, bu, Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır:


“Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tam hüquqlu varisi olduğunu göstərir. Uzunmüddətli perspektivdə bu, azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirəcəkdir”.



Xocalıdan olan deputat Elman Məmmədov isə Müstəqilliyimizin bərpasının 30-cı ilini düşmən tapdağından azad edilən torpaqlarımızda qeyd etməyin sevincini yaşadığını söyləyib:


“1991-ci ilin 18 oktyabrında elə bir durum var idi ki, biz ermənilərin Qarabağa hücumları ilə səhərimizi açır, qorxu içərisində hər günü keçirirdik. Müstəqilliyimizin sevincini belə çoşğu ilə qeyd edə bilməmişdik. Bu ilə qədər hər il müstəqilliyimizin bərpasını Xocalısız, Qarabağsız keçirmişik. Bir gözümüz həmişə işğala görə qan ağlayıb. Lakin bu il 30 il sonra ilk dəfədir ki, müstəqilliyimizin bərpasını qalib xalq kimi Qarabağımızda qeyd edirik.


44 günlük müharibədə canlarını qurban verən igidlərimiz, Müstəqil Azərbaycanın həm də bütöv Azərbaycan kimi 30-cu ilini qeyd etməsi üçün canından keçən şəhidlərimizə rəhmət diləyirəm. Qazilərimiz, veteranlarımız sayəsində bu gün belə ürəklə danışırıq, qalib ölkə kimi müstəqilliyimizin bərpasının 30-cu ilini yaşayırıq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Ordumuzun şücaəti sayəsində bu gün bütün dünyanın qarşısında daha güclü, daha məğrur Azərbaycan dayanır. Arzu edirəm ki, qələbəmiz əbədi, müstəqilliyimiz daimi olsun!”

 

Aysel Aslan


Yazı Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanın dövlətçilik tarixinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili - Azərbaycan dövlətçiliyi müasir mərhələdə” mövzusunda dərc olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı