Modern.az

Şəhid baş leytenantımızın anım günüdür

Şəhid baş leytenantımızın anım günüdür

Aktual

17 Oktyabr 2021, 14:38

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan "Əjdaha" ləqəbli XTQ leytenantı Mayis Yaqubovun anım günüdür.

 


Modern.az xəbər verir ki, şəhid Mayis Yaqubov 20 aprel 1998-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 2004-cü ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub. Mayis Yaqubov 2012-ci ildə oxuduğu məktəbin səkkizinci sinfini bitirərək ən yüksək balla Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 3 il sonra təhsilini başa vurub.

 

Sonrakı illərdə hərbi təhsilinin artırılması qayğısına qalıb. Bu məqsədlə də 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2019-cu ildə həmin məktəbi bitirib. Naxçıvan Muxtar Respublikasında yerləşən "N” saylı hərbi hissədə leytenant rütbəsində xidmətə başlayıb.

 


Təhsildə olduğu kimi, xidmətdə də hər zaman fərqlənmiş, nümunəvi kəşfiyyatçımız 26 iyun 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.
"N” saylı hərbi hissənin 2-ci xüsusi təyinatlı bölüyünün 1-ci xüsusi təyinatlı qrupunun komandiri olan leytenant Mayis Yaqubov 17 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə hərbi anda sadiq qalaraq, mətinlik və mərdlik nümayiş etdirərək qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Şəhid leytenantımız 22.10.2020-ci il tarixdə Daş Salahlı kəndində yerləşən Şəhidlər xiyabanında izdihamla dəfn edilib. Subay idi.


Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan leytenantımızın göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Döyüş yoldaşlarının "Əjdaha” ləqəbi ilə çağırdığı kəşfiyyatçı leytenant Mayis Yaqubov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Rəhmətlə anırıq!

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı