Modern.az

Vətəni ailəsindən öndə tutan şəhid mayorun anım GÜNÜDÜR

Vətəni ailəsindən öndə tutan şəhid mayorun anım GÜNÜDÜR

18 Oktyabr 2021, 10:24

18 oktyabr tarixi şəhid Ramid Nəriman oğlu Hacıyevin anım günüdür.

Modern.az-ın məlumatına görə, Ramid Hacıyev 11 fevral 1987-ci ildə Cəbrayıl rayonunun Mirək kəndində anadan olub.

Hacıyevlər ailəsi Cəbrayıl rayonu işğal edildikdən sonra Bakıdakı uşaq bağçalarından birində məskunlaşıb.

R.Hacıyev 1994-cü ildə Xətai rayon 48 saylı tam orta məktəbin 8-ci sinfini başa vurduqdan sonra C.Naxçıvanski adına hərbi liseyə daxil olub, həmin məktəbi müvəffəqiyyətlə bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub.

Ramid Hacıyev 2009-cu ildə Ali Hərbi Məktəbi motoatıcı ixtisası üzrə bitirib. Sonra müxtəlif hərbi hissələrdə xidmət edib.

2010-cu ildə leytenant, 2012-ci ildə baş leytenant, 2016-cı ildə kapitan, 2020-ci ildə mayor rütbəsi alıb. Üç hərbi medal, çoxlu sayda fəxri fərmanla təltif olunub.

Ramid Hacıyev hərbi qulluq dövründə hər zaman ön xətdə, düşmən mövqelərinə yaxın ərazilərdə xidmət aparıb. Tovuzun N saylı hərbi hissələrindən tutmuş, Tərtərin N saylı hərbi hissəsinə qədər müxtəlif vəzifələrdə - qərargah rəisi, tabor komandiri vəzifələrində fəaliyyət göstərib.

“Ya general olacağam, ya da ondan da yuxarı”, - deyən Ramid Hacıyevin arzuları yarımçıq qaldı.

Vətənin bölünməzliyi uğrunda gedən İkinci Qarabağ savaşında rəşadətlə vuruşan Ramid Hacıyev 18 oktyabr 2020-ci il tarixində Talış kəndi istiqamətindəki döyüşlərdə qəhrəmancasına həlak olaraq Şəhidlik zirvəsinə ucaldı.

Doğmalarına əvvəl yaralı olduğu deyilsə də, Tərtərdə Ramidi soraqlayan ailəsi 2 gün onun döyüş meydanından nəşinin çıxarılmasını gözləyib. Əsgərlərimiz düşmən mərmisinin altında güclə də olsa, komandirin cansız bədənini ərazidən çıxarmağı bacarıb. Sonda isə şəhir mayorun cənazəsi ailəsinə təhvil verilib.

Şəhidimiz İkinci Fəxri xiyabanda torpağa tapşırılıb. Ramid Hacıyev Vətən qarşısındakı vəzifələrini hər şeydən üstün tutan komandirlərdən idi, hətta ailəsindən də... Onun üç övladı yadigar qalıb. Bir oğul, iki əkiz qız... Əli, Dəniz və Yağmur...

“Atanız Vətən uğrunda döyüşür, atanızla fəxr edin!”,-deyə o, sonuncu videolarının birində övladlarına xitab edərək bildirmişdi.

Azərbaycan Prezidentinin sərəncamları ilə torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə mayor Hacıyev Ramid Nəriman oğlu ölümündən sonra “Qarabağ” ordeni, "Suqovuşanın  azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.


Ə.Qafarlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir