Modern.az

Şəhid ailələrini dinə alət edənlərə ETİRAZ

Şəhid ailələrini dinə alət edənlərə ETİRAZ

18 Oktyabr 2021, 15:15

“Təəssüflə qeyd etmək lazımdır ki, müəyyən bir qrup tərəfindən şəhid ailələrini dindarlaşdırma kimi açıq cəhdlər özünü göstərir. Biz dünyəvi dövlətik, hamı dini qaydalara əməl etməyə də bilər. Hər bir şəhid ailəsinin seçiminə hörmətlə yanaşılmalıdır”.


Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov şəhid ailələrinə yönəlik arzuolunmaz dini cəhdlər barədə danışarkən deyib.



Deputatın sözlərinə görə, bu mövzuda sanki dinlə milli kimlik qarşı-qarşıya gətirilir:

 

“Bu kimi prosesləri uzun zamandır izləyirəm. Şəhidlər hamımızındır, dinindən asılı olmayaraq. Bizim elə şəhidlərimiz var ki, onlar xristian, yəhudi dininin nümayəndəsidir. Bəli, dinimizdə şəhidlik uca məqam sayılır, şəhid mərtəbəsinə ucalmaq da hər kəsə qismət olmur”.

 

 

Amma təəssüf ki, bu məsələdə arzuolunmaz cəhdlər müşahidə olunur. Şəhidləri, şəhid ailələrini hər hansı dini obraza salmaq yolverilməzdir. Burada sanki dinlə milli kimlik qarşı-qarşıya gətirilir. Belə bir cəhdi açıq şəkildə hiss edirik. Bu məsələdə diqqətli olmalıyıq, dinimizi sevirik, qəbul edirik. Amma şəhid ailələri arasında bu istiqamətdə təbliğat aparmaq, məsələyə dini don geyindirmək xoşagəlməz addımlardı. Hər kəsin öz seçimi var, kim istəyirsə dini həyat tərzi yaşaya bilər, amma o donu ona kənar təzyiqlərlə geyindirmək düzgün deyil. Biz dünyəvi dövlətik, hamı dini qaydalara əməl etməyə də bilər. Hər kəsin seçiminə hörmətlə yanaşılmalıdır. Düşünürəm ki, məsələni diqqət mərkəzində saxlamalıyıq, qoy kimsə şəhid ailələrini inhisara almış kimi çıxış etməsin”.

 

 

 “Zəfər” Şəhid Ailələrinə Yardım İctimai Birliyinin sədri Sevinc Orucova qeyd edib ki, bizim mübarizəmiz vətən üçündür, bundan sonra da belə olacaq:



“Mən düşünürəm ki, bizim övladlarımız, yaxınlarımız Azərbaycanın ərazi bütövlüyü naminə döyüşdülər və bu yolda da şəhid oldular. Şəhid ailələri öz yaxınlarını qurban verdilər ki, Azərbaycan bütöv olsun. Burada hər hansı bir din məsələsinin axtarılması heç bir məqsədə uyğun deyil. Bizim mübarizəmiz vətən üçündür, son damla qanımıza qədər vuruşmağı gözə aldıq. Çünki 30 ildir ki, mənfur düşmənlə üzbəüz idik. Vətən müharibəsinə hər hansı kölgə salmaq, ideologiyasını dəyişmək bizim xalqımıza yaraşan hərəkət deyil. Azərbaycan ərazisində yaşayan hər bir dinin nümayəndəsindən şəhidlər olanlar var.

 

Onların hamısının bir məqsədi vardı ki, Azərbaycan bütöv olsun. Bu gün şəhid ailələrimiz arasında azərbaycançılıq məfkürəsinə uyğun olmayan təbliğat aparmaq, ailələrə təzyiq göstərmək, hər hansı mənfur məqsədləri həyata keçirmək dövlətçiliyimizə vurulan zərbədir. Mən bütün şəhid ailələrindən çox xahiş edirəm ki, bilsinlər, bizim şəhidlərimiz vətən yolunda canlarını fəda ediblər. Bizim yolumuz bundan sonra sadəcə bir olmalıdı”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir