Modern.az

Qarabağa köçəcək sakinlərin heç bir problemi olmayacaq

Qarabağa köçəcək sakinlərin heç bir problemi olmayacaq

Qarabağ

18 Oktyabr 2021, 17:53

“Qarabağda infrastruktur tam qurulur, ora köçürüləcək vətəndaşların hər hansı problemi olmayacaq. Bilirsiniz ki, ərazilərdə tikiləcək qəsəbələrin, kəndlərin və şəhərlərin hamısı “ağıllı kənd” konsepsiyası ilə hazırlanır. Orada yaşayacaq insanların gələcəkdə mövcud ola biləcək kommunal, işsizlik, infrastruktur problemlərinin olmaması üçün indidən planlar nəzərdə tutulur”.

 

Bunu Modern.az-a işğaldan azad edilmiş ərazilərimizin infrastrukturu haqqında danışarkən Kəlbəcərli deputat Aqil Məmmədov söyləyib. O Qarabağda görülən işlərlə mütəmadi maraqlandığını, bir neçə dəfə əraziyə səfər etdiyini bildirib:

 

“Qarabağ yenidən qurulur. Quruculuq zamanı hər şeyə ən kiçik detalına qədər diqqət yetirilir. İşğaldan azad edilmiş ərazilərimizə köçürüləcək sakinlərin gələcəkdə işsizlik problemi də olmayacaq. Bunun üçün Qarabağda müxtəlif yeni fəaliyyət sahələri nəzərdə tutulur. Təbii ki, bütün bunları qısa zamanda tam həll etmək çətindir.

 

Çünki bizim oradan erməni vandallıqlarının izini təmizləmək, ərazinin təhlükəsizliyini təmin etmək, infrastrukturu tamamilə sıfırdan qurmaq kimi problemlərimiz də var. Tarixi abidələrimizin bərpası da bu işlərə daxildir. Azad edilmiş ərazilərimizdə gələcəkdə alternativ enerji mənbələrindən istifadə ön planda olacaq. Yeraltı, yerüstü sərvətlərdən səmərəli istifadə mühüm məqamlardan biridir”.

 

 

 

Milli Məclisdə təmsil etdiyi Kəlbəcərin baş planının hazırlanacağını diqqətə çatdıran deputat bildirib ki, orada nəqliyyat-logistika infrastrukturunun qurulması davam edir:

 

“Böyük yolun - tunelin çəkilişində artıq 500 metrdən artıq hissə hazırdır. Bu yolun tikintisi başa çatdıqdan sonra Kəlbəcərdə yenidənqurma işləri daha da sürətlənəcək.

Rayonda bir yarımstansiya artıq istifadəyə verilib, ikincinin yekunlaşması da enerji təchizatına böyük köməklik göstərəcək.

Azad edilmiş ərazilərə yönləndirilən investisiyaların həcminə nəzər saldıqda sakinlərin qısa müddətdə oraya qayıdacağına əmin oluruq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?