Modern.az

Vaşinqton-Ankara GƏRGİNLİYİ: F-35 proqramından çıxarılma Türkiyəyə milyardlarla dollar ziyan vurub

Vaşinqton-Ankara GƏRGİNLİYİ: F-35 proqramından çıxarılma Türkiyəyə milyardlarla dollar ziyan vurub

Dünya

19 Oktyabr 2021, 09:40

“F-35 proqramından kənarlaşdırılma Türkiyə üçün ciddi itkidir  və nəticədə müdafiə sənayesinə milyardlarla dollar ziyan vurulub”.

 

Bu sözləri Modern.az-a açıqlamasında təhlükəsizlik və terrorla mübarizə üzrə türkiyəli mütəxəssis İmbat Muğlu deyib.

 

Onun sözlərinə görə, Rusiya və Türkiyə arasındakı münasibətlər Amerikanı narahat edir:

 

“F-35 proqramı ABŞ və yaxın müttəfiqlərinin hərbi qabiliyyətlərini artırmaq üçün “Lockheed Martin” tərəfindən hazırlanan yeni nəsil döyüş təyyarə proqramıdır. Türkiyə 1999-cu ildən proqramın vacib üzvüdür və əvvəldən bu ortaqlığa böyük töhfələr verib, əhəmiyyətli qaynaqlar ayırıb. Amma 2017-ci ilin dekabrında Türkiyənin Rusiya ilə S-400 hava hücumundan müdafiə sistemi almaq üçün müqavilə  imzalaması Ağ Ev və Pentaqonu narahat etməyə başladı. Amerika rəhbərliyi Türkiyəni NATO qarşısında öhdəliklərini yerinə yetirdiyinə görə tərifləsə də, Rusiyadan aldığı müdafiə sisteminin ABŞ və müttəfiqləri üçün ciddi təhdid yaratdığını hələ də bildirir. ABŞ rəhbərliyi Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemini almasının F-35 proqramına zərər verəcəyini qeyd edir. Rusiyadan S-400-lərin ilk hissələrini aldıqdan sonra ABŞ rəhbərliyi Türkiyənin bu proqramda iştirakını azaltmaq üçün addımlar atmağa başladı.

 

2019-cu ilin iyul ayında ABŞ və NATO S-400-lərin NATO sistemlərinə uyğun olmamamsı və bəzi gizli hərbi məlumatların Rusiyanın əlinə keçə biləcəyi səbəbiylə Türkiyəyə sərt reaksiya verməyə başladı. Bu çərçivədə Türkiyə layihə ortağı olduğu F-35 yeni nəsil döyüş təyyarələrinin istehsal prosesindən xaric edildi”.

 

 

İmbat Muğlunın sözlərinə görə, əslində Türkiyə F-35 proqramında qalmaq istəyini ən yüksək səviyyədə dəfələrlə dilə gətirib və beynəlxalq hüquq çərçivəsində bunun yollarını axtarmağa başlayıb:

 

“ABŞ rəhbərliyi bu yaxınlarda Türkiyəyə F-35 əvəzinə 70 ədəd F-16 təklif etdi. Türkiyə isə təbii olaraq bununla razılaşmadı. Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın təqdim etdiyi təklifə cavab olaraq Türkiyənin müdafiə ehtiyacları üçün lazım olan addımları atmağa qərar verdikləri söylədi və yeni F-16-ların hərbi hava donanmasını gücləndirəcəyini bildirdi. Bu mesaj təqdim olunan təklifin məqbul olduğunu göstərir. Ancaq ABŞ-ın bu prosesi necə idarə edəcəyi və təkliflərinin arxasında nə qədər dayanacağı həmişə sual altındadır. Çünki Pentaqon ayrı bir tel üzərində oynayarkən, Ağ Ev başqa bir tel üzərində oynayır. Məncə, Türkiyə ilə ABŞ arasında Şərqi Aralıq dənizi, Liviya, Əfqanıstan, İraq və ən əsası Suriyadakı əlaqələr bu qərara aydınlıq gətirəcək. Bu qərardan sonra Türkiyənin Rusiya ilə iqtisadi, siyasi və mədəni əməkdaşlığı davam edir. Ancaq Suriya və Şərqi Aralıq dənizindəki mövcud vəziyyətin davam edib-etməyəcəyi, Rusiyadan ikinci dəfə S-400 hava hücumundan müdafiə sisteminin alınması və digər silah sənayesində əməkdaşlıq etmək istəkləri də yaxın gələcəkdə məlum olacaq”,- deyə ekspert bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir