Arxiv
20 Oktyabr 2021, 10:53 | ZƏNGƏZUR
Üçtərəfli komissiyanın dördüncü üzvü... – Eks-nazir AÇIQLADI

Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli İşçi Qrupunun növbəti iclası keçiriləcək.

 

Xatırladaq ki, Qarabağ üzrə üçtərəfli İşçi Qrupun tərkibinə Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri - Aleksey Overçuk, Şahin Mustafayev və Mher Qriqoryan daxildir. Bəs bu görüşdən gözləntilər nədən ibarət olacaq? Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı götürdüyü öhdəliyi icra edəcəkmi?

 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-a açıqlamasında bildirib ki, son zamanlar Ermənistanın mövqeyində fərqliliklər var:

“Moskvada baş tutacaq görüşdə ilk bəyannamədə öz əksini tapmış işlər müzakirə olunmalıdır. Həm yer, həm də məntiq onu göstərir ki, əsas mövzu kommunikasiya problemləri olacaq. Artıq Ermənistan tərəfindən müəyyən öhdəliklər mövcuddur. Onlar Zəngəzur dəhlizinin açılması mövqeyində işlər görürlər. İndi bunun icrası üçün hansısa addımlar atılacaq. Bundan əlavə təhlükəsizlik mövzusu əsasdır. Ermənistan artıq deyə bilərik ki, Azərbaycanın şərtləri ilə razıdır. Bunun əvvəl-axır olacağı gözlənilən idi. Kommunikasiya hamıya lazımdır, iqtisadi, həyat burdan başlayır. Ermənistan əgər təzyiq göstərib kommunikasiyaları bağlasa, bilməlidir ki, digər tərəfdən qapıları ona da bağlayacaqlar, məntiq bunu göstərir”.

 

Tofiq Zülfüqarov Türkiyənin üçtərəfli komisisyanın işində iştirak etməsi perspektivinə də toxunub.

“Biz bunu da bilməliyik ki, Türkiyə və Rusiya mövqeyində müəyyən bir balans var. Rusiya tərəfinin hansısa danışıqları təşkil etməkdə çətinlikləri yoxdur. Amma Türkiyə tərəfi bu mövzulardan bir az kənardır. Moskvada görüşlərin baş tutması bununla bağlıdır. Türkiyədə də hansısa görüşlərin təşkil edilməsi pis olmazdı. Çünki hazırda Ermənistan çox istəyir ki, Türkiyə tərəfi onlar üçün kommunikasiyalar açsın”, - deyə sabiq nazir bildirib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv