Arxiv
21 Oktyabr 2021, 22:51 | DÜNYA
“Aufiderzeyn”: Merkel sonuncu dəfə Aİ sammitində iştirak edir

Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin liderləri bu gün bir araya gəlir.

 

Modern.az xəbər verir ki, Almaniya kansleri Angela Merkel də sammitdə iştirak etmək üçün Brüsselə gedib.

 

Bu, çox güman ki, Almaniya kanslerinin sonuncu dəfə qatıldığı Aİ zirvəsi olacaq. Avropa siyasətinin “duayeni” adlandırılan 67 yaşlı Merkel 100 dəfən artıq bu sammitdə iştirak edib.

 

Xanım kansler 2005-ci ilin dekabrında ilk dəfə iştirak etdiyi Aİ zirvəsindən bəri dörd Fransa prezidenti, beş Britaniya baş naziri və səkkiz İtaliya baş naziri ilə birlikdə konfrans masasına oturub.

 

Siyasi proseslərə praqmatizmlə yanaşma tərzi təyin edən Merkel “koridor diplomatiyasının” təcrübəli praktikantı hesab edilir. O, illərdir Aİ-nin üzləşdiyi problemləri həll etməyi bacardığını sübut edib.

 

Merkelin özü ölkə daxilində ən ciddi böhranla 2015-ci ildə, əsasən Suriya, Əfqanıstan və İraqdan gələn qaçqınlara Almaniyanın sərhədlərini açan zaman qarşılaşdı. Bu hadisə nəticəsində Almaniyanın radikal sağ millətçiləri İkinci Dünya müharibəsindən sonra ilk dəfə parlamentə düşməyi bacardılar. 

 

Almaniyada koalisiya qurmaq barədə danışıqlar davam etsə də, Merkel bu prosesdə iştirak etmir. Dekabrın ortalarına qədər Almaniya partiyaları hökumət qura bilməzlərsə, Merkel daha bir müddət ölkənin kansleri vəzifəsini icra etməyə davam edəcək.

 

Akif İsmayılov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv