Modern.az

Zəngilandan qayıdanların TƏƏSSÜRATLARI: “İçimizə həm sevinc, həm də kədər hissi dolmuşdu”

Zəngilandan qayıdanların TƏƏSSÜRATLARI: “İçimizə həm sevinc, həm də kədər hissi dolmuşdu”

22 Oktyabr 2021, 12:26

Oktyabrın 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın işğaldan azad edilməsinin 1 illiyilə əlaqədar bu rayonda səfərdə olublar.


Dövlət başçısı və birinci xanım rayonda görülən yenidənqurma işləri ilə tanış olduqdan sonra Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.


İllər sonra doğma yurda səfər edən, orada Prezidentlə görüşən zəngilanlılar  təəssüratlarını Modern.az-la bölüşüb.


“Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı bildirib ki, Zəngilanda evlərin vəziyyətini gördükdə mənfur düşmənin xislətini anlayırsan:



“Mən Zəngilan rayonundan 12 yaşım olanda çıxmışdım. Nəhayət 27 ildən sonra biz Zəngilana yenidən qovuşduq. Kəndimizi də, evimizi də ziyarət etdim. Uşaq yaşda çıxıb, 27 il sonra yenidən geri dönmək çox fərqli hisslər yaşatdı mənə.


Bütün Zəngilanı, kəndimizi, elimizi darmadağın ediblər. Tək-tük evlər qalıb, onları da elə vəziyyətdə saxlayıblar ki, hiss olunur ki, ən aciz durumda, ən pis vəziyyətdə yaşayıblar. Artıq bu gün onların orada izi-tozu yoxdur. Biz doğma obamıza yenidən geri qayıtmışıq.


Zəngilan ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşdü. Çox səmimi görüş keçdi.


Mən əmin oldum ki, ölkə rəhbəri Zəngilan və bütün azad olunmuş ərazilərimizi tez bir zamanda bərpa etməyə çalışır. İnşallah, biz tezliklə abad Zəngilanda yenidən görüşəcəyik”.


Muğam ifaçısı Almaz Orucova keçirdiyi hisslərdən danışarkən deyib ki, Zəngilandakı görüşdə ölkə rəhbəri ilə sanki illərdir bir yerdəymişlər kimi münasibət qurulub.

“Biz bu günlərdə xoşbəxtdik, Zəfər günümüzü yaşayırıq. Bütün zəngilanlılarla bərabər 30 illik həsrətə son qoyduq. Zəngilanımıza, doğma elimizə qovuşduq. Ölkə rəhbərliyi ilə illər sonra Qarabağa səfər etmək çox fərqli duyğular yaşatdı.


İlham Əliyev və Mehriban Əliyeva zəngilanlılara çox isti münasibətlə, qayğı ilə yanaşdılar. Elə bir münasibət qurdular ki, sanki illərdir bir yerdəyik.


Prezidentimizə və ordumuza çox minnətdarıq.


Prezidentlə görüşümüz bizim evimizin yanında baş tutdu. Zəngilana qədəm qoyduqda dağılmış evlərimizi gördük və içimizdə sevinclə yanaşı, bir kədər hissi doğdu. Mənfur düşmənlər ocaqlarımızı darmadağın ediblər.


Bütün həyətimizi ot basmışdı, uçub-dağılmış evimizin daşları qalmışdı. Torpaq, ağaclar, daşlar bizi qəm-kədərə boğurdu.


Amma şükürlər olsun ki, biz Zəngilana qədəm qoyduq. Şəhidlərimizə, qazilərimizə və ölkə rəhbərinə təşəkkür edirik. İnşallah, rayonumuz əvvəlkindən də gözəl qurulacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir