Arxiv
22 Oktyabr 2021, 15:10 | MƏDƏNİYYƏT
Şəhid analarından deputatın təklifinə DƏSTƏK - Qürurla daşıyardıq!

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev “Şəhid anaları” ordeninin təsis edilməsi təklifi ilə çıxış edib.

 

Modern.az xəbər verir ki, deputatın bu təklifi şəhid anaları tərəfindən çox müsbət qarşılanıb və dəstəklənib.

 

Şəhid Əbdülməcid Axundovun anası Ceyran xanım saytımıza açıqlamasında bildirib ki, 2 və daha çox oğlunu şəhid verən analara bu orden mütləq təsis edilməlidir:

 

“Şəhidlərimizi fərqləndirməyək. Birinci Qarabağ, İkinci Qarabağ müharibələri, Aprel döyüşləri və s. hər birində itirdiyimiz oğullarımız bizimdir. Onların analarına bu orden və medallar verilməlidir. Məncə, 2 oğlunu, daha çox övladını şəhid verən analara “Şəhid anası” ordeni və ya “Qəhrəman ana” adı verilməlidir. Onların fədakarlıqları böyükdür. Digər şəhid anaları üçünsə, medallar ola bilər. Düşünürəm ki, şəhid anaları bu dəyəri mütləq görməlidir”.

 

 

 

Şəhid Adil Adilzadənin anası Gülnarə xanım bildirib ki, hansısa qurumda, yaxud harasa müraciət edəndə şəhid anası olduğunu bildirmək bir ana üçün çətin olur:

 

“Düzdür, bizim şəhid ailəsi olduğumuzu təsdiq edən sənədimiz var. Hansı qurumda istəsələr göstəririk. Harada lazım olsa, yanımızda daşıyırıq. Amma bunu həmişə dilə gətirmək bir ana üçün çətindir. Orden və ya medal kimi bir təltif olsaydı, qürurla daşıyardıq. Bizim deməyimizə ehtiyac olmadan, şəhid anası olduğumuzu hər yerdə bilərdilər. Məncə, bütün şəhid anaları bu təklifi yaxşı qarşılayar”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv