Arxiv
23 Oktyabr 2021, 08:21 | ÖLKƏ
Artur Rasizadə HARALARDADI…

Modern.az saytında “...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.

Bir müddət öncə - bu ilin yayında əvvəlcə ölüm xəbəri yayılan, ancaq sonra özü haqqındakı dezinformasiyanı mətbuata çıxıb təkzib edən sabiq baş nazir Artur Rasizadə indi haralardadı?

Modern.az-ın əməkdaşı Artur müəllimin yaxınları ilə əlaqə saxlayıb. Saytımıza bildirilib ki, sabiq baş nazir hazırda Bakı şəhərində deyil, o, səhhətində yaranmış narahatlıqla əlaqədar xarici ölkələrin birində müalicə olunur.  Ancaq keçmiş hökumət rəhbərinin hansı ölkədə müalicə olunduğunu açıqlamaq istəməyiblər. Yalnız onu qeyd ediblər ki, Artur Rasizadə yaxın vaxtlarda Bakıya qayıdacaq.

 86 yaşlı Artur Rasizadə Azərbaycanın Baş naziri postunda düz 22 il çalışıb.

Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində müəllim ailəsində anadan olub. Əslən Naxçıvan Muxtar Respublikasındandır. O, kənd təsərrüfatı mütəxəssisi, şair Tahir Rasizadənin oğludur. A.Rasizadənin anası milliyətçə rus olub.

Onlar ailədə iki övlad olublar – Artur və bacısı Tamella...

Artur Rasizadə dahi Azərbaycan ədibi Hüseyn Cavidin qardaşı nəvəsidir.

O, 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib.

Əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması zavodunda mühəndis vəzifəsində başlayıb, sonra müxtəlif vəzifələrdə çalışıb.

1996-cı ildə mərhum dövlət başçısı Heydər Əliyevin sərəncamı ilə Baş nazir təyin edilib. 2003-cü ilin avqust - noyabr aylarında Baş nazir səlahiyyətlərinin İlham Əliyevə verilməsilə əlaqədar Artur Rasizadə hökumət rəhbərinin birinci müavini vəzifəsini icra edib.

2003-cü ilin noyabr ayından yenidən Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə qaytarılıb. 

Prezident İlham Əliyev 2005-ci ildə Artur Rasizadəyə “İstiqlal” ordeni, 2010-cu ildə 75 yaşının tamam olması münasibətilə “Şərəf” ordeni verib.

2015-ci ildə Artur Rasizadə 80 illik yubileyilə bağlı ölkə başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub.

Artur Rasizadə 2018-ci il aprelin 21-də yeni Nazirlər Kabinetin formalaşması ilə əlaqədar təqaüdə yola salınıb.
 

Artur Rasizadənin həyat yoldaşı – mərhum Aida xanımın atası azərbaycanlı, anası isə rus olub. Aida xanım 2017-ci ildə vəfat edib.

Sabiq baş nazirin yeganə övladı - qızı Nailə Rasizadə 1961-ci ildə Bakıda doğulub. İlk orta təhsilini Bakıdakı 1 saylı məktəbdə alıb. Nailə Rasizadə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (keçmiş Neft və Kimya İnstitutu) bitirib.
N.Rasizadə evlidir, Tahir və Rəna adlı iki övladı var.



A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv