Modern.az

Polad Bülbüloğlu Canəli Əkbərovun ailəsinə məktub YAZDI

Polad Bülbüloğlu Canəli Əkbərovun ailəsinə məktub YAZDI

23 Oktyabr 2021, 14:42

“Əziz Canəli Əkbərovun vəfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu, Azərbaycan incəsənəti, mədəniyyəti üçün böyük itkidir”.

Modern.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri, Azərbaycan Respublikasının xalq artisti, professor Polad Bülbüloğlu bildirib.

Polad Bülbüloğlunun başsağlığı məktubunda bunlar qeyd olunub:

"Məşhur xanəndələr Seyid və Xan Şuşinskilərin tələbəsi olan Canəli Əkbərov Azərbaycan muğam sənətinin klassik ənənələrini davam və inkişaf etdirib. Milli operamızın səhnəsində bir sıra gözəl obrazlar yaradıb. Bu obrazların mürəkkəb və çoxşaxəli mahiyyətini məharətlə açmağı bacaran sənətkarın nəinki vokal, eyni zamanda aktyorluq istedadı da özünü göstərib. Mən hər zaman təvazökarlığı və insani keyfiyyətləri ilə seçilən, bu xüsusiyyətləri ömrünün sonuna qədər saxlaya bilən Canəli müəllimin sənətini yüksək qiymətləndirmişəm, ona dəstək olmuşam. Onun demək olar bütün fəxri ad və mükafatları mənim Mədəniyyət Nazirliyinə rəhbərlik etdiyim dövrə təsadüf edir. Dəfələrlə onunla yol yoldaşı olmuşuq, hətta bir səhnəni bölüşmüşük. O vaxtlar xarici ölkələrə birgə səfərlər etmişik və Canəli Əkbərov hər zaman Azərbaycan muğam sənətini yüksək səviyyədə təmsil edib Canəli müəllim Cabbar Qaryağdının, Xan və Seyid Şuşinskilərin, ümumiyyətlə, Qarabağ muğam məktəbini yaşatmaq üçün böyük səylər göstərib, yeni nəsil ifaçılar yetişdirib, öz istedadı və təcrübəsini bölüşüb. Onun əziz xatirəsi hər zaman mənim qəlbimdə yaşayacaqdır. Mərhumun ailəsinə və yaxınlarına, həmkarlarına və tələbələrinə, onun unudulmaz istedadının bütün pərəstişkarlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir