Modern.az

Yeni qeydiyyata alınan partiyanın HƏDƏFLƏRİ

Yeni qeydiyyata alınan partiyanın HƏDƏFLƏRİ

24 Oktyabr 2021, 11:51

Azərbaycanda daha bir siyasi partiya- Azərbaycan Yüksəliş Partiyası (AYP) dövlət qeydiyyatına alınıb.

 


Bəs partiyanın gələcək fəaliyyəti, hədəfləri nə olacaq?

 

Bu barədə partiyanın sədri Anar Əsədli Modern.az-a danışıb.

 

Onun sözlərinə görə, partiya qeydiyyata alındıqdan sonra hüquqi cəhətdən daha rahat fəaliyyət göstərə biləcək:


“Ötən ilin dekabrında təsis qurultayını keçirdiyimiz Azərbaycan Yüksəliş Partiyası nəhayət ki, qeydiyyata alındı. Bu müddətdə təbii ki, boş dayanmadıq. Siyasi partiya olaraq, onlarla tədbir keçirdik, Azərbaycanın bölgələrinə səfərlər etdik, yerli təşkilatların yaradılması istiqamətində xeyli iş gördük.


Bundan başqa, Türkiyə və Şimali Kipr Türk Respublikasına səfərlərimiz oldu. Orada ən yüksək səviyyədə dövlət başçısı, nazirlər, partiya başqanları, millət vəkilləri, mərkəz, vəqf rəhbərləri, universitet rektorları, böyük iş adamları ilə bir araya gəldik.


Yəni "qeydiyyata alınaq, sonra fəaliyyətə başlayaq" düşüncəsi ilə hərəkət etmədik. Artıq qeydiyyata alınmış bir partiya kimi hüquqi cəhətdən daha rahat fəaliyyət göstərə biləcəyik. Tədbirlərimiz, ziyarətlərimiz, ölkə daxili və  xarici səfərlərimiz bundan sonra da davam edəcək”.


Siyasi partiyanın fəaliyyəti nədən ibarət olacaq?


“Bir siyasi partiyanın fəaliyyəti cəmiyyəti maarifləndirmək, öz ideoloji xəttini hakimiyyətə daşımaqdan ibarətdir. Bununla əlaqədar olaraq, Azərbaycan Yüksəliş Partiyası yarandığı gündən siyasi-ideoloji xəttində bir an belə passivlik göstərmədi. Ölkəmizin, dövlətimizin maraqları nəzərə alınaraq, regionda baş verən bütün proseslərə mətbuat, sosial şəbəkələr vasitəsilə aktiv münasibət sərgiləyib, onlarla təkliflər paketi hazırlayaraq, cəmiyyətə təqdim edib.

 

Siyasi partiyanın görməli olduğu işləri bundan sonra da görəcəyik və hədəfimizə çatmaq üçün əmin addımlarla irəliləyəcəyik”, - deyə A. Əsədli bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?