Modern.az

Böyük Qayıdış reallaşır: Qarabağda  işsizlik problemi olmayacaq

Böyük Qayıdış reallaşır: Qarabağda  işsizlik problemi olmayacaq

İqtisadiyyat

24 Oktyabr 2021, 12:46

“Böyük Qayıdış” reallaşır: “Qarabağda yaşayacaq insanların kommunal, işsizlik, infrastruktur problemləri olmayacaq”.


Hərbi əməliyyatların bitməsindən sonra Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfərləri dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur. Hər bir səfər tarixi hadisə olmaqla yanaşı, Böyük Qayıdışa, soydaşlarımızın tezliklə öz doğma yurd-yuvalarına qovuşmaları istiqamətində atılan addımdır. Həyatımızda ən xoşbəxt anlardan biri məhz son bir ildə torpaqlarımızın işğaldan azad edildiyi tarixlərin qeyd olunması və həmin günlərdə dövlət başçısı İlham Əliyevin bu ərazilərə səfərləridir.
Vətən Müharibəsinin ildönümü ilə bağlı ölkə başçısı Füzuli, Cəbrayıl, Zəngilan və digər bölgələrə səfər zamanı görülən yenidənqurma, bərpa işləri haqqında ictimaiyyətə ətraflı məlumatları çatdırdı, Qarabağın dirçəlməsinin detallarını bölüşdü.

 

Prezident Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planlarının hazırlandığını açıqladı, qeyd etdi ki, heç kimdən asılı olmayaraq, öz vəsaitimiz hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən biz bu işləri görəcəyik.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, adı çəkilən şəhərlərin baş planlarının detalları hələlik məlum deyil. Komitənin məlumatına görə, baş plan hazır olduqda prezidentə təqdim olunur və bütün məqamlar orada qeyd edilir:


“Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazır olduqda detallar ictimaiyyətə açıqlanacaq”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev saytımıza işğaldan azad olunmuş bütün ərazilərdə işlərin uğurla həyata keçirildiyini bildirib. Komitə sədrinin sözlərinə görə, artıq Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planlarının ilkin nümunələri mövcuddur:

 


“Prezidentin tapşırığı ilə “ağıllı kənd”, “ağıllı şəhər” layihələri işlənib, hazırlanıb. Bu layihələr işğaldan azad olunmuş əksər ərazilərimizə tətbiq ediləcək. Baş planı hazırlanan şəhərlərimizin də həmin texnologiyalarla qurulacağını söyləyə bilərik. “Ağıllı şəhər, kənd” layihələrində insanların təminatı üçün bütün məqamlar diqqətə alınıb. Alternativ enerji mənbələrindən istifadə, yeni istehsal sahələrinin yaradılması, iş yerləri ilə təminat, müasir standartlara cavab verən məqamlar bu layihələrin özəlliyidir.
Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları barədə dəqiq detalları hələlik açıqlamaq mümkün deyil. Lakin prezident Ağdamda səfərdə olarkən bildirdi ki, biz şəhər mərkəzlərini elə nümunəvi hazırlamalıyıq, gələn qonaqlar zövq alsınlar”.


Eyni zamanda parlamanetdə Regional məsələlər komitəsinin də üzvü olan deputat regionlarımızda tətbiq edilən əvvəlki layihələrin bəzilərinin zaman keçdikcə tələbatı ödəmədiyini düşünür:
“Şəhərlər plansız salınmışdı. Elə işğal altında olan rayonlarımızda da infrastruktur yüksək səviyyədə olmamışdı. Ağdamın baş planına nəzər salanda biz tamam fərqli, müasir şəhər tipi ilə qarşılaşdıq. Şəhər mərkəzi tamam yeni qaydalarla işlənib, yaşayış məntəqələri bir qədər kənarda inşa edilirdi. Bu sıxlığın aradan qaldırılması və gələcəkdə şəhərin turizm potensialının inkişafı üçün əlverişli rol oynayacaq.
Bizim elə dağ kəndlərimiz var, cəmi 5-10 ailə məskunlaşıb. Nüfusu bu qədər kiçik olsa da, kənd adı verilən bu ərazilərin yeni layihələrdə şəhər mərkəzinə daha bir əlverişli məsafədə və bir-birinə yaxın şəkildə planlaşdırılması məqsədəuyğundur. Bu, iş yerlərinin artırılması, nəqliyyatın asanlaşdırılmasına da müsbət təsir edəcək”.
Kəlbəcərli deputat Aqil Məmmədov isə Qarabağda infrastrukturun tam qurulduğunu, ora köçürüləcək vətəndaşların hər hansı probleminin olmayacağını diqqətə çatdırıb:

 


“Bilirsiniz ki, ərazilərdə tikiləcək qəsəbələrin, kəndlərin və şəhərlərin hamısı “ağıllı kənd” konsepsiyası ilə hazırlanır. Orada yaşayacaq insanların gələcəkdə mövcud ola biləcək kommunal, işsizlik, infrastruktur problemlərinin olmaması üçün indidən planlar nəzərdə tutulur. Qarabağda görülən işlərlə mən də mütəmadi maraqlanıram, bir neçə dəfə əraziyə səfər də etmişəm. Qarabağ yenidən qurulur. Quruculuq zamanı hər şeyə ən kiçik detalına qədər diqqət yetirilir. İşğaldan azad edilmiş ərazilərimizə köçürüləcək sakinlərin gələcəkdə işsizlik problemi də olmayacaq. Bunun üçün Qarabağda müxtəlif yeni fəaliyyət sahələri nəzərdə tutulur. Təbii ki, bütün bunları qısa zamanda tam həll etmək çətindir.
Çünki bizim oradan erməni vandallıqlarının izini təmizləmək, ərazinin təhlükəsizliyini təmin etmək, infrastrukturu tamamilə sıfırdan qurmaq kimi problemlərimiz də var. Tarixi abidələrimizin bərpası da bu işlərə daxildir. Azad edilmiş ərazilərimizdə gələcəkdə alternativ enerji mənbələrindən istifadə ön planda olacaq. Yeraltı, yerüstü sərvətlərdən səmərəli istifadə mühüm məqamlardan biridir”.
Milli Məclisdə təmsil etdiyi Kəlbəcərin baş planının hazırlanacağını diqqətə çatdıran deputat bildirib ki, orada nəqliyyat-logistika infrastrukturunun qurulması davam edir:

 


“Böyük yolun - tunelin çəkilişində artıq 500 metrdən artıq hissə hazırdır. Bu yolun tikintisi başa çatdıqdan sonra Kəlbəcərdə yenidənqurma işləri daha da sürətlənəcək.
Rayonda bir yarımstansiya artıq istifadəyə verilib, ikincinin yekunlaşması da enerji təchizatına böyük köməklik göstərəcək.
Azad edilmiş ərazilərə yönləndirilən investisiyaların həcminə nəzər saldıqda sakinlərin qısa müddətdə oraya qayıdacağına əmin oluruq”.

Aysel Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə "İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış"" mövzusunda dərc olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı